38 milyon mənimsəyən bankirin oğlunu azadlığa buraxan hakim cəzalandırılacaq
Tarix: 13-03-2015, 10:20 |
Çap et
"Təzadlar" “Texnikabank” ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu azadlığa buraxılmasından yazmışdı. Hansı ki, İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı bir müddət əvvəl Xəzər Rayon Məhkəməsinə müraciət edib. Axar.az yazır ki, onun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib. Onun ərizəsi təmin edilməyib.
Qərardan narazı qalan İ.Yusifov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2010-cu il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 5 ilini çəkdiyini, qalan hissəsini isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilməsini istəyib.
İ.Yusifov atasının başçılıq etdiyi 15 nəfərlik dəstədə mühakimə olunub. İstintaq sənədlərinə görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov digər şəxslərlə birlikdə cinayət əməli törədib. O, 81 müştərinin banka qoyduğu təxminən 38 milyon manat pulu mənimsəyib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bu iş üzrə zərərçəkmişlərə dəymiş ziyan ödənilməyib. Baş prokuror Zakir Qaralovun da göstərişi var ki, dələduzluq işlərində zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda təqsirləndirilən şəxs və ya məhkum vaxtından əvvəl azadlığa buraxıla bilməz.
Həmçinin baş prokuror qərarında qeyd edib ki, dələduzluq cinayətlərində təqsirli bilinənlərin amnistiyaya və əfv fərmanına düşməsi də mümkünsüzdür. Ali Məhkəmənin sədri Ramiz Rizayev də kollegiya iclaslarında bildirib ki, dələduzluq işlərində məhkum olunan şəxslərin şərti cəza ilə və ya vaxtından əvvəl azadlığa buraxılmasına qanun yol vermir.
Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli bildirib ki, dələduzluq cinayətləri ilə məhkum olunan şəxslərin zərərçəkmişlərə dəymiş ziyanın ödənilmədiyi halda azadlığa buraxılması qanunsuzdur: “İslam Yusifovla bağlı qərar qəbul edilməsini necə əsaslandırıblar, bu mənə məlum deyil. Amma yenə də zərərçəkmişlərə dəymiş ziyan ödənilmədiyi halda onun azadlığa buraxılması üçün ərizəsinin təmin olunması üçün əsas yoxdur. Həmin işlə tanış olmaq lazımdır. Bəlkə həmin şəxs öhdəlik götürüb ki, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün mülklərini satacaq və zərərçəkmişlərin ziyanını ödəyəcək. O, bununla bağlı da öhdəlik götürə bilər “.
Deməli, bankir oğlunu azadlığa buraxmış hakim cəzalandırıla bilər.
Mövzuya qayıdacağıq.