Bakıda liftlərdə qadınlara hücum edən seksual manyak ÜZR İSTƏDİ
Tarix: 12-03-2015, 14:59 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərində təqsirli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə İlkin Qasımov son sözlə çıxış edib. O, etdiyi əməllərə görə zərərçəkən qadınlardan üzr istəyib. Zərərçəkənlər isə üzrü qəbul etməyib. Daha sonra hakimlər kollegiyası qərar qəbul etmək üçün müşavirəyə otağına gedib. Müşavirədən sonra İlkin Qasımovun 13 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının verildiyi elan edilib.
Qeyd edək ki, dövlət ittihamçısı da İlkin Qasımovun 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini məhkəmədən istəmişdi.
Xatırladaq ki, keçən il aprelin 19-da Yasamal rayonu polis əməkdaşları tərəfindən qadınlara qarşı seksual xarakterli hərəkətlər edən Sabunçu sakini, 1984-cü il təvəllüdlü İlkin Qasımov yaxalanıb. Onun gənc qızlara qarşı xeyli seksual xarakterli zorakılıq hərəkətləri etdiyi məlum olub. 31 yaşlı İ.Qasımovun Xətai və Nizami rayonlarında da qadınlara hücum etdiyi üzə çıxıb. O, əsasən binaların liftində və dəhlizində qadınlara qarşı zorakılıq edib, onları yerə yıxaraq soyundurmağa çalışırıb. İ.Qasımovun bir neçə belə əməli binaların təhlükəsizlik kameralarına da düşüb.
Bildirilir ki, seksual manyak özünə məxsus olan “Mercedes” markalı avtomobillə qurbanlarını güdürmüş və onları xeyli müddət izləyirmiş.
İ.Qasımov ilk dəfə saxlanıldıqdan sonra Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsindən qaçıb. O, daha əvvəl Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkumluq həyatı yaşayıb.