Jurnalist ölüm işi ilə bağlı nazirə müraciət etdi
Tarix: 11-03-2015, 14:58 |
Çap et
Jurnalist Anar Niftəliyev daxili işlər naziri Ramil Usubova müraciət edərək, ötən il həkimlərin səhlənkarlığı nəticəsində vəfat etmiş həyat yoldaşı Elnarə Tofiqqızının ölümü ilə bağlı açılmış cinayət işindəki vəziyyətlə əlaqədar kömək istəyib.
Jurnalist yazır: "Slavyan Universitetinin dekanı olmuş tənqidçi Elnarə Tofiqqızının (Niftəliyeva) “Medi Sina” klinikasında əməliyyat zamanı həkim məsuliyyətsizliyi və səhlənkarlığından dünyasını dəyişməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda aparılan cinayət işində əməliyyatda iştirak edən assistent, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ümumi cərrahiyyə şöbəsinin həkimi Fərəculla Sədulla oğlu İdrisovun əməlində dələduzluğa cəhd şübhəsi olduğundan, araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərildi.
Məlumat üçün deyim ki, F.İdrisov bu əməliyyata heç bir zəruri ehtiyac olmadığı halda, bizi əməliyyata sövq etmiş və əməliyyatın uğurlu keçəcəyinə tam təminat vermişdi. Bunun qarşılığında isə mən ona əməliyyatda assistent kimi iştirak etməyi və beləliklə, bütün məsuliyyəti üzərinə götürməsini təklif etmişdim. Ümumi cərrah olan F.İdrisovun həyat yoldaşımın süd vəzi kanalının popilloması deyilən onkoloji əməliyyatında iştirakının səbəbi yalnız budur. Başqa ümumi cərrah hansı əsasla onkoloji əməliyyatda iştirak edə bilərdi?
Əməliyyatdan sonra isə məlum oldu ki, F.İdrisov ona olan etibarımızdan sui-istifadə edərək, tamah məqsədi ilə bu əməliyyatın keçirilməsinə bizi təhrik edib. Belə ki, məndən klinikaya köçürülməsi üçün 1000 manat gərəkdiyini (bura müayinə, müalicə, özünə aid olan zəhməthaqqı və s. xərclər aid deyil) desə və razılaşsaq da, sonradan “Media Sina” klinikasının baş həkimi Abbas Bağırov əməliyyat üçün klinikaya cəmi 150 manat pul köçürülməsi barədə razılaşdıqlarını dedi. Beləliklə, F.İdrisov onkoloji əməliyyat aparılması üçün Səhiyyə Nazirliyindən lisenziya almayan bir xəstəxanada yalnız tamah məqsədi ilə bu əməliyyatın keçirilməsini təşkil edib".
A.Niftəliyev Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Elvin Əsgərovun işdə adı keçən şahidlərin ifadəsini almadan, üzləşdirmə aparmadan tələm-tələsik bu işə xitam verdiyini bildirərək yazır: "Həkim Fərəculla İdrisov istintaqa yalan ifadələr verdiyini Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə şahid kimi dindirilərkən özü etiraf etdi və onun bu sözləri protokollaşdırıldı. Hazırda istintaqı hansı səbəbdən aldatdığının araşdırılması üçün vəsatətimizi Nəsimi Rayon Məhkəməsinə təqdim etmişik. İstintaqa, polisə, məhkəməyə bir-birinin ardınca yalan ifadələr verdiyini özü etiraf edən bir şəxsin işi yalnız onun ifadəsi əsas gətirilməklə, əlavə şahidlərin ifadəsi alınmadan və araşdırılma aparılmadan niyə xətm olunmalıdır?
Təbii ki, biz 22 yanvarda verilən bu xətm qərarından 22 fevral 2015-ci il tarixdə Nəsimi Rayon Prokurorluğu vasitəsilə şikayət verdik və şikayətimiz rəsmi dərkənarla qəbul edildi. Elə bütün şübhəli məqamlar da buradan başladı.
Nəsimi RPİ İstintaq şöbəsinin müdiri Oruc Əmiraslanov müraciətimizə hər hansı cavab verməmək üçün müxtəlif bəhanələr uydurmağa başladı: əvvəlcə Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsində yoxlamalar apardığı və bu səbəbdən də başının qarışıq olduğu bildirildi. Bir neçə gündən sonra isə Daxili İşlər Nazirliyinin Nəsimi RPİ-ni deyil, İstintaq şöbəsini yoxladığı qeyd olundu. Həftələrlə davam edən bu “yoxlama” bəhanəsindən sonra isə ümumiyyətlə şikayət məktubumuzla bağlı açıqlama verilmir: O.Əmiraslanov bütün vasitələrlə müraciətlərdən yayınır.
Aldığım qeyri-rəsmi məlumata görə, O.Əmiraslanov bu müddət ərzində xətm qərarını tez-tələsik Nəsimi Rayon Prokurorluğunda təsdiqlədib, hazırda isə Bakı Şəhər Prokurorluğunda təsdiqlətməkdədir. O.Əmiraslanovun iki körpə qız uşağını yetim qoyan, bir gənc ananı qətlə yetirən, bir ocağı söndürən dələduz həkimi niyə bu qədər həyəcanla müdafiə etməsi barədə yalnız bir şübhəyə yer qalır".
Jurnalist nazirdən bu cinayət işini nəzarətə götürməyi xahiş edir və əminliyini bildirir ki, bu, ədalətin təmini üçün tamamilə kifayətdir.