Cavid Qurbanov Pünhan Mürsəliyevi yanına gətirir - İDDİA
Tarix: 21-04-2015, 12:08 |
Çap et
“Azəryolservis” ASC-də yeni kadr dəyişikliyi həyata keçirilib. Belə ki, ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev tutduğu vəzifədən azad olunub. Onun postuna tanınmış jurnalist Anar Nəcəfli gətirilib.
A.Nəcəfli AzVision.az-a açıqlamasında vəzifəyə gətiriləcəyindən əvvəlcədən xəbərdar olduğunu bildirib.
“Bu barədə xəbər vermişdilər. Amma indi ətraflı danışa bilməyəcəyəm. Bu gün yeni vəzifəmdə ilk iş günümdür. Kollektivə, işə adaptasiya olunmağa çalışıram. Mənə bu etimadı göstərən hər kəsə minnətdarlığımı bildirirəm. Əlimdən gəldiyi qədər çalışacağam ki, bu etimadı doğruldum”,-deyə Anar Nəcəfli bildirib.
Pünhan Mürsəliyevin işdən çıxarılması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bildirilir ki, P.Mürsəliyev yeni vəzifəyə təyinat alacaq. Onun keçmiş rəisi Cavid Qurbanovun yanına – “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə gətiriləcəyini ehtimal edilir. Hesab edilir ki, uzun illər Cavid Qurbanovla çalışan P.Mürsəliyev keçmiş rəisinin sadiq kadrlarındandır. Böyük ehtimalla o, bundan sonrakı fəaliyyətini “Azərbaycan Dəmir Yolları” QSC-də davam etdirəcək.
İddiaları dəqiqləşdirmək üçün P.Mürsəliyevlə əlaqə saxlamaq icəhdimiz baş tutmadı.
Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a bildirib ki, P.Mürsəliyevin QSC-yə gətiriləcəyi haqda onlarda məlumat yoxdur.
“Əgər belə bir təyinat olsaydı, yəqin ki, indi həmin adam iş başında olardı. Məndə belə bir məlumat yoxdur”.