Özünü bələdiyyə binasında yandıran satıcı öldü
Tarix: 21-04-2015, 11:06 |
Çap et
Aprelin 13-də Təbrizin 8-ci bölgə bələdiyyə binasının önündə özünü yandıran Həmid Fərruxi Dizəc Məlik Təbrizin Sina xəstəxanasında dünyasını dəyişib. Lent.az-ın Oyannews-a istinadən məlumatına görə, aprelin 19-da Sina xəstəxanasının reanimasiyasında vəfat edən Həmid Fərruxi Təbrizin “Vadiye Rəhmət” qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, təbrizli satıcının satdığı məişət avadanlıqları bələdiyyə rəsmiləri tərəfindən müsadirə edilib və satıcı mallarını geri almaq üçün bələdiyyəyə müraciət edib. Avadanlıqlarının ona qaytarılmadığı təqdirdə özünə od vuracağını bildirib. Bələdiyyə məmurları 43 yaşlı vətəndaşın təhdidinə etinasız yanaşıblar. Çarəsiz satıcı isə üzərinə benzin tökərək bələdiyyə binasının önündə özünü yandırıb.
Xatırladaq ki, bu, ötən bir ay ərzində İranın qeyri-fars bölgələrində bələdiyyə hücumuna məruz qalan səyyar satıcıların mediada işıqlandırılmış ikinci belə intihar xəbəridir. Ötən mart ayında Xuzistan vilayətində rəsmi adı Xürrəmşəhr olan, amma əhalinin Mohəmmərə adlandırdığı şəhərdə Yunus Əsakirə adlı bir ərəb səyyar satıcı da bələdiyyə binası önündə özünü yandırıb. Y. Əsakirə də bir həftə sonra xəstəxanada vəfat edib.