Arzu Nağıyev: “Ermənilər qorxu içindədirlər” (MÜSAHİBƏ)
Tarix: 20-04-2015, 11:24 |
Çap et
“Bu həftə” verilişinin “Həftənin qonağı” rubrikasında qondarma "erməni soyqırımı" ilə bağlı aparılan təbliğatlar və bir sıra ölkələrin bununla bağlı apardığı işlər müzakirə ediləcək. Siyası icmalçı Arzu Nağıyevlə bu mövzu ətrafında apardığımız söhbəti təqdim edirik.
- Bir həftə sonra yüzilliyin böyük yalanının 100 yaşı qeyd edilir. Antitürk, antimüsəlman qüvvələr də heç bir əsasa, heç bir araşdırmaya söykənməyən bu faktlardan istifadə etməyə çalışırlar. Roma papası və Avropa parlamentinin son bəyanatları da buna sübutdur. Son hadisələrlə bağlı fikirləriniz nədir?
- Sizin də qeyd etdiyiniz kimi son günlərin əsas müzakirə mövzusu Avropa parlamentinin qondarma erməni soyqırımı haqqında qəbul etdiyi qətnamədir. Son olanlara nəzər yetirsək görərik ki, sanki Afrikadan Avstraliyaya qədər müsəlmanlara qarşı bir səlib yürüşü başlayıb. Bu Çanaqqala zəfərinin 100 illliyinin qeyd edilməsi ilə bağlı olan məsələdir. Bildiyiniz kimi Pasxanın qeyd olunduğu vaxt Roma papası qondarma soyqırımı gündəmə gətirdi və bu məsələni 20-ci əsrin ilk faciəsi kimi qiymətləndirdi. Unutmaq olmaz ki, Vatikanda olan kardinallardan biri erməni katalikosudur. Bu onların istəyi ilə ortaya qoyulmuş bir məsələ idi. Bu eyni zamanda Vatikan başçısının mesajı idi. Əgər Vatikan kimi bir subdövlət bu gün bu bəyanatla çıxış edirsə, Avropa parlamenti də buna "hə" deməliydi. Gözlənilən də oldu. Bəli Fransisk humanist müstəvidən yanaşmış olsa da, o bir “soyqırım” məsələsini gündəmə gətirdi. Avropa parlamenti bunu bir soyqırım kimi qəbul etdi və bir sıra Avropa dövlətlərinə həmin günü bayram kimi qeyd etmək, Danimarka və bu kimi başqa ölkələrdə bu soyqırıma abidələr ucaldılması məsələsi gündəmə gəldi. Bu nə qədər deyilsə də, ortaya qoyulsa da, ermənilər öz xislətlərindən əl çəkmirlər. Osmanlı imperiyasının vaxtında olan məsələləri müasir Türkiyə dövlətinin üzərinə qoymaq tarixə zidd məsələdir. Məlumdur ki, cənab R.T.Ərdoğan nazir olanda ermənilərə qarşı bir neçə addım atdı. Akdamar adasında erməni kilsəsini, İrəvan və İstanbul arasında karqo daşınmalarını bərpa etdilər, lakin sərhədin açılması məsələsinə gəlincə təbii olaraq Dağlıq Qarabağ məsələsi ortaya çıxdı. Yəni biz sizə qarşı bu addımları atırıqsa, siz də bunun qarşılığını verməlisiniz. Bugünkü gün Türkiyədə 40 min erməni və miqrant yaşayır. Lakin ermənilər öz xislətlərindən əl çəkmir və güzəştə getmirsə, o zaman bu onların öz günahlarıdır. Bunun qiyməti həm Türkiyə, həm Azərbaycan tərəfindən verildi. Lakin bütün cavablar verilməsinə baxmayaraq, fakt faktlığında qalır. Bunlar bu məsələrlə təzminat almaq və öz prinsipial mövqelərini nümayiş etdirməyə çalışırlar.
- Vatikan yalnız bir ölkə deyil və Roma papasının dediyi söz bütün katoliklər üçün keçərlidir. Bu baxımdan bu deyilən sözün əhəmiyyəti nədir?
- Bəli, xristianlar, buddistlərdə müəyyən şəxslər var ki, onlar söz sahibidirlər. Roma papasıdır, Dalay Lamadır, müsəlman dünyasında ən çox qəbul olunan İordaniya krallarıdır ki, bunların öz dəst-xətti var. Vatikanın özü də subdövlət olmasına baxmayaraq bütün dünyaya təsir edəcək bir nüfuzu var. Məhz bundan da istifadə edərək Vatikanı bu yola təhrik etdilər. Roma papasından bu bəyanatın verilməsinə nail oldular. Burda məqsəd Vatikan çərçivəsində deyil, dünyada buna nail olmaq idi.
- Bu yalanların ifşası üçün Azərbaycan hazırda hansı addımları atır?
- Hər hansı bir soyqırım və qətliama qiymət verilməsi üçün mütləq tarixçilər işləməlidir. Sonra da siyasətçilər tarixçilərin qərarlarına görə, bir qərara gəlməlidir. Məsələn, Türkiyə 1915-ci ilə aid öz arxivlərini açdı. Lakin Ermənistan bundan imtina etdi. Belə ki, arxivlər açıldığı təqdirdə hər iki tərəfdən hansında günah var isə öz boynuna götürməlidir. Əgər onlar bu gün bunu gündəmə gətirirlərsə, Xocalı soyqırımı, 31 mart soyqırımı, böyük bir xalqın köçürülmə məsələsi olub ki, bunların hamısının tarixi sübutu var. Bir sözlə, burada əsas məsələ tarixçilərin tarixi ortaya qoymasıdır.
- Çanaqqala zəfərinin soyqırımla eyni vaxtda təşkilinə necə yanaşırsınız? Belə ki, Çanaqqala real bir zəfər, digəri isə yalandan başqa bir şey deyil.
- Çanaqqala zəfəri türk tarixinə qızıl hərflərlə yazılmış bir zəfərdir. Bunu inkar etmək qeyri-mümkündür. Böyük bir koalisiya - alman, ingilis, fransızlar belə düşünürdülər ki, Dardanel boğazından keçib Aralıq dənizi vasitəsilə Türkiyəni ələ keçirmək asan məsələdir. Lakin onlar qarşılarında sözün əsl mənasında türk əsgəri gördülər. Unutmaq olmaz ki, Çanaqqala zəfəridə on minlərlə azərbaycanlı iştirak edib, şəhid olub. Bəli, bu böyük bir zəfər olub. Bu, bir bayram zəfəri kimi qeyd edilməlidir. Ermənilər bu dəqiqə qorxu içindədirlər ki, dəvət olunmuş dövlət başçıları erməni soyqımı üçün İrəvana deyil, məhz bu zəfəri qeyd etmək üçün Çanaqqalaya gedəcəklər.
- Azərbaycan və Türkiyə öz həqiqətlərini dünyaya birgə çatdırırlar. Bu ölkələr öz həqiqətlərini dünyaya çatdırmaqda Ermənistandan çox imkanlara malikdirlər. İkili standartlar təqbiq edən ölkələr isə günbəgün nüfuzunu artıran Azərbaycan və Türkiyə qarşısında həqiqətləri qəbul edib, mövqelərini dəyişəcəkləri barədə nə deyə bilərsiniz?
- Heç vaxt ermənilər və digər dövlətlər unutmasınlar ki, türk dünyası böyüyür. Türk diasporu böyüyür və böyüdükcə siyasəti də inkişaf edir. Bu gün Almaniyada çox nüfuzlu partiyalardan birinin rəhbəri türkdür, seçicilərin 1/3-i türkdür. Hollandiya, Avstriya, Avstraliya kimi dövlətlərdə çoxsaylı türk diasporu var. Azərbaycan və Türkiyə eyni siyasətlə irəliləyirsə, bu öz bəhrəsini verəcək. Bu gün xarici siyasət faktların üzərində qurulur. İnanıram ki, bizim hər qələbəmiz də göz qabağında olacaq.