Təhsil Nazirliyi: "Anonim yox, adlı müraciət edilsin"
Tarix: 18-04-2015, 11:12 |
Çap et
"Bəzən şayiə effekti doğuran bu cür məlumatlar bilərəkdən ictimai müzakirələrə sızdırılır və mahiyyət tam aydın olmur".
Hafta.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov son günlər bəzi orta məktəblərdə baş verən qanunsuzluq hallarına aydınlıq gətirib. TN sözçüsü belə hallar olduğu halda gizli yox, açıq şəkildə müraciət edilməsinin vacibliyini vurğulayıb:
"Son günlərdə bəzi təhsil müəssisələrində bu və ya digər adlar altında vəsait yığılması ilə bağlı müxtəlif yazılar və ya kommentlər gedir. Dostlar, hər hansı bir təhsil müəssisəsində vəsait toplanması halı varsa, bununla bağlı anonim yox, adlı müraciət edilsin və nəticəsi olmazsa, o zaman bunu müzakirəyə çıxartmaq olar. Əgər belə hallar varsa, bu tamamilə qanunsuzdur və təhsil mühitinə ziddir. Bu xoşagəlməz hal bəzi media orqanlarında qeyd edildiyi kimi, Avropa Oyunları adı altında edilirsə, bu nəinki qanunsuzluq, həm də mənəviyyatsızlıq və belə mötəbər tədbirin nüfuzuna kölgə salmaq cəhdidir. Bir daha bildiririk ki, belə qanunsuz əməllərlə bağlı əsaslı informasiyası olan şəxslər Təhsil Nazirliyinin 146-1 qaynar xəttinə və hüquq mühafizə orqanlarına müraciət edə bilərlər".
Xatırladaq ki, son günlər bəzi yerli media saytlarında bir sıra orta ümumtəhsil məktəblərində olimpiya oyunları üçün müəllimlərin şagirdlərdən pul yığdığı xəbəri yayılıb.