Brüssel və Vaşinqton Azərbaycanda Rusiya təbliğatına qarşı
Tarix: 17-04-2015, 17:36 |
Çap et
ABŞ-ın ardınca Avropa İttifaqı (Aİ) da bir sıra keçmiş sovet respublikalarında Rusiya təbliğatı ilə mübarizə üçün ştat toplayır.
Virtualaz.org saytı EuObserver-ə istinadən xəbər verir ki, Brüssel bu məqsədlə rusdilli ekspertlərdən ibarət komanda formalaşdırır. Ekspertlər Azərbaycan da daxil olmaqla bir sıra keçmiş sovet respublikalarında rusdilli nəşrlərdə yer alan faktlatı yoxlayacaq, dezinformasiyaları korrektə edəcək və mifləri dağıdacaq.
Artıq Aİ üzvü olan 20 ölkənin Brüsseldəki səfirliklərinə bu strukturun əməkdaşları ilə iş öhdəliklərinə dair rəsmi məktub təqdim edilib.
Ekspertlər qrupu KİV-lərdə Aİ-nin siyasətinə dair rus dilində yer alan məqalələri analiz edəcək və izləyəcək. Həmçinin onlar mətbuata rus dilində məqalələr, faktoloji materiallar, infoqrafikalar hazırlayıb təqdim edəcəklər.
Qrupun qarşısında Ermənistan, Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus və Moldova ilə əməkdaşlığı inkişaf etdirmək vəzifəsi də qoyulub.
Lakin qrupun ştat vahidi məhduddur, orada keçmiş jurnalistlərdən və PR mütəxəssislərindən ibarət 5-ə qədər mütəxəssis işləyəcək. Onların maaşı ayda 4350 avrodan az olmayacaq. Ekspertlər maaşı onları qrupa təqdim edən ölkədən alacaqlar, çünki Aİ strukturlarının büdcəsində bu layihə üçün vəsait nəzərdə tutulmayıb.
Bu strukturun yaradılması Aİ liderlərinin Rusiya tərəfindən informasiya müharibəsinə və dezinformasiya həmlələrinə qarşı tədbir görmək çağırışları ilə bağlıdır. Bundan əvvəl ABŞ-ın Beynəlxalq Yayım Şurası da keçmiş sovet məkanında Rusiya təbliğatına qarşı mübarizə aparmaq üçün sosial şəbəkələri, KİV-ləri izləyən xüsusi qrup yaratmışdı.
Qrupun vəzifəsi sosial şəbəkələrdə Rusiya tərəfindən yayılan informasiyalara reaksiya vermək, Rusiya telekanallarının hazırladıqları süjetlərin effektini azaltmaq üçün əks-təbliğat süjetləri hazırlamaq və s. daxildir.
Rusiya son illər təbliğat müharibəsində Qərbi ciddi şəkildə sıxışdırıb. Kremlin informasiya və təbliğat siyasətinin nə dərəcədə effektiv olduğunu Ukrayna hadisələri də sübut edib.
Rusiya hibrid müharibə taktikasının mühüm elementi kimi informasiya hücumundan çox uğurla istifadə edir və bunun sayəsində Qərbin dəstəklədiyi demokratiya dəyərləri, rəngli inqilablar yolu ilə hakimiyyətlərin dəyişdirilməsi ciddi şəkildə gözdən salınıb. Həmçinin Rusiya təbliğatı bir çox keçmiş respublikalarında ciddi xof və təşviş yaradıb.
Məsələn, Baltik ölkələrində əhali inanır ki, ruslar gələcək və NATO onları Rusiya təhlükəsindən qoruya bilməyəcək.