`Ramiz Mehdiyevdən “5” aldım` - Administrasiya rəhbərinə təbriklər
Tarix: 17-04-2015, 15:30 | Çap et
`Ramiz Mehdiyevdən “5” aldım` - Administrasiya rəhbərinə təbriklər
Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin doğum günüdür. Onun 77 yaşı tamam olur.

Azərbaycan Respublikasının millət vəkilləri AzVision.az vasitəsilə Ramiz Mehdiyevin doğum gününü təbrik ediblər. Onun Azərbaycanın müasir dövlətçiliyi tarixindəki rolundan danışıblar, xoş xatirələrini bölüşüblər.

Milli Məclisin deputatı Fazil Mustafa R. Mehdiyevin Azərbaycan dövlətçiliyinin inkişafında göstərdiyi xidmətlərinin vacibliyini qeyd edib:

“Ramiz müəllim Azərbaycan dövlətçiliyi tarixində aparıcı rola sahib olan insanlardan biridir. O, dövlətçiliyimizin möhkəmlənməsində müstəsna xidmətləri olan şəxsiyyətlərdəndir. Ölkədə hüquq sisteminin inkişafında, beynəlxalq əlaqələrin möhkəmlənməsində Ramiz Mehdiyevin özünəməxsus rolu var. Aktual və mübahisəli mövzulardakı elmi diskussiyalara qoşulan tək dövlət adamlarından biri olan Ramiz Mehdiyev, Azərbaycanın sürətli inkişafının nəzəri əsaslarını yazdığı yazdığı kitablarda da dolğun şəkildə əks etdirib. Ona ilk növbədə can sağlığı və fəaliyyətində uğurlar arzu edirəm”.

Uzun illərdir Ramiz Mehdiyevlə bir yerdə çalışdıqlarını qeyd edən Millət vəkili Elmira Axundova isə onun müasir Azərbaycan fəlsəfə elminin qurucularından biri olduğunu deyib.

“Ramiz müəllim böyük şəxsiyyətdir. Çox təcrübəli, praqmatik və həmişə müasirliyin nəbzini tutan bir insandır. Heydər Əliyev hakimiyyəti dövründə Ramiz müəllimi yüksək vəzifələrə təyin edib. Çünki, Heydər Əliyev, Ramiz müəllim olan yerdə yüksək səviyyəli peşəkarlıq və qayda-qanun olacağına əmin idi. 20 ildir ki, Ramiz müəllimlə birlikdə Əfv Komissiyasının üzvü kimi çalışıram. Onun iş metodunu izləyən bir insan kimi deyə bilərəm ki, Ramiz müəllim böyük təcrübəyə və dərin zəkaya malik bir insandır. İstər beynəlxalq qurumlarla apardığı danışıqlar zamanı, istərsə də digər çətin məqamlarda onun nümayiş etdirdiyi səbr və təmkinə valeh olurduq. Bəzən beynəlxalq qurumların üzvlərinə cavab verməyə hövsələmizin çatmadığı anlar olub. Amma Ramiz müəllim çox böyük təmkinlə onları dinləyib, önə sürdüyü tutarlı faktlar və ya təkliflərlə heç bir cavabsız sual qoymayıb. Onun yüksək elmi fəaliyyəti xüsusi qeyd edilməlidir. Ötən il, Ramiz Mehdiyevin kitabları əsasında esselərimi toplamışam. Əsərlərinə yazdığım rəyləri toplayıb kitab halında çap da etdirmişəm. Ramiz müəllim Azərbaycan dövlətçiliyinin qurucularından biridir. Biz ona ilk növbədə can sağlığı, uzun ömür və böyük nailiyyətlər arzulayırıq”.

Milli Məclisin deputatı Zahid Oruc da Prezident Administrasiyasının rəhbərini doğum günü münasibəti ilə təbrik edib. O, qeyd edib ki, Ramiz Mehdiyev fəaliyyəti ərzində dövlət idarəçiliyinin zirvəsində olub:

“Ramiz müəllim uzun illər boyu Azərbaycan xalqına və dövlətinə yüksək amallarla, yorulmadan xidmət edən nəhəng siyasi xadimlərdən biridir. O, Ulu Öndər Heydər Əliyevə sadiq, sədaqətlə silahdaşlıq edən şəxsiyyətdir. Bir şəxsiyyət kimi onu xarakterizə edən ən mühüm xüsusisiyyətlərinə şərq və müsəlman aləmindən gələn müsbət dəyərlərlə yanaşı, qərb idarəetmə sistemində özünü göstərən yüksək soyuqqanlılıq, dəqiqlik, genişmiqyaslı düşünmə bacarığı, professionallıq və tələbkarlıq xasdır. Şübhəsiz ki, bunlar Azərbaycanda dövlətçilik təfəkkürünün formalaşmasında çox önəmli rol oynayır. Bununla yanaşı, onu daimi izləyən başqa bir xüsusiyyəti də var. O, Azərbaycan cəmiyyətindən gələn və dövlətin beynəlxalq mənafeyi üçün ölkə rəhbəri tərəfindən qoyulmuş xətti ardıcıl olaraq həyata keçirməyə çalışan bir insandır. Etiraf etmək lazımdır ki, Ramiz Mehdiyevin siyasi naturasında dövlət-adam keyfiyyətləri birləşib. Hesab edirəm ki, Ramiz müəllimin bir filosof kimi qələm məhsulları, cəmiyyət həyatına çıxan və beynəlxalq həyatı dərin analizdən keçirən kitabları da çox önəmli rol oynayır. Onun açıqlamaları, məqalələri və nəşrləri hər zaman ictimai-siyasi həyatda əks-səda yaradır, böyük diskussiyalar doğurur və dünya siyasətini anlamağa kömək edir. Azərbaycan Respublikası Prezidenti də Ramiz Mehdiyevin məhz bu keyfiyyətlərini nəzərə alıb, Administrasiyasının rəhbəri kimi dövlətdə ikinci adam statusunu ona etibar edib. Ramiz Mehdiyev isə dönmədən bu amallara xidmət edib. Ramiz müəllimə bu doğum günündə can sağlığı arzu edirəm. Arzu edirəm ki, o, bundan sonrakı dövrdə də dövlətimizə xidmət etsin və ölkəmizin gələcəkdə də böyük uğur qazanmağında iştirakını əvvəlki əzmlə davam etdirsin”.

Millət vəkili Sahib Alıyev də Ramiz Mehdiyevi doğum günü münasibəti ilə təbrik edib:

“Cənab Ramiz Mehdiyev, zəngin dövlətçilik təcrübəsi olan, Ulu Öndər Heydər Əliyevin idarəçilik fəlsəfəsini dərindən bilən böyük dövlət adamıdır, belə demək mümkündürsə, siyasət generalıdır. Fikrimcə, özünün dövlətə bağlılığı, zəhmətkeşliyi, sədaqətliliyi, elmi, peşəkarlığı və təvazökarlığıyla əsl örnəkdir. Mən ona can sağlığı, çətin, son dərəcə məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıram”.

Millət vəkili Məlahət İbrahimqızı da Prezident Administrasiyasının rəhbərinin uğurlu fəaliyyətindən danışıb:

“Ramiz müəllimi doğum günü münasibəti ilə təbrik edirəm. Ona can sağlığı, uzun ömür və Azərbaycan dövlətçiliyinin inkişafında yeni-yeni uğurlar arzulayıram. Bu bir reallıqdır ki, Ramiz müəllim Azərbaycanın müstəqilliyinin ilk illərindən yüksək dövlət vəzifəsində çalışır və Prezident Administrasiyasına rəhbərlik edir. Azərbaycanın çağdaş dövlətçiliyinin inkişafında və möhkməndiriliməsində onun yüksək xidmətləri var. Bu xidmətləri, Ulu Öndərimiz Heydər Əliyev və prezident İlham Əliyev də çox yüksək qiymətləndirib. Hörmətli Ramiz müəllim 75 illiyində möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif olunub. O, Azərbaycanın ən ali mükafatlarına layiq görülüb. Hələ sovet dövründən onun dövlət idarəçiliyi ilə bağlı çox yüksək təcrübəsi var. Hazırda bu vəzifəni şərəflə daşıyır”.

Azərbaycanın Xalq yazıçısı, “Neftçi” futbol klubun prezidenti Çingiz Abdullayev isə Ramiz Mehdiyevlə bağlı xoş xatirələrini bölüşüb:

“Mən Ramiz müəllimi doğum günü münasibəti ilə təbrik edirəm. Həyatımda Ramiz müəllimin çox maraqlı bir rolu olduğunu xüsusi qeyd etmək istəyirəm; Ramiz müəllim mənim qonşum olub. Biz bir binada yaşamışıq. Həmin bina Mərkəzi Komitənin evi olub. Evin orderlərini isə bizə mərhum prezidentimiz Heydər Əliyev vermişdi. 1976-ci ildə o, şöbə müdirinin müavini vəzifəsində çalışırdı, mən isə hüquq fakültəsinin tələbəsi idim. Həmin vaxt Ramiz müəllim, həm də imtahan komissiyasının Mərkəzi Komitədən olan sədri idi. İmtahan vaxtı idı. Sonuncu imtahanım ingilis dilindən idi. Ramiz müəllim şəxsən özü mənə qiymət yazdı. 5 almışdım... Biz illərin tanışıyıq... Ramiz müəllimə can sağlığı arzu edirəm, heç vaxt xəstələnməsin. İşinin ağırlığını başa düşmək heç də çətin deyil. İnsanlarla ünsiyyətdə olmaq kifayət qədər çətindir. Amma Ramiz müəllim bütün çətinliklərin öhdəsindən uğurla gəlir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net