"Rüstəm İbrahimbəyovla bir-birimizi 1989-cu ildən tanıyırıq və kifayət qədər yaxınıq"
Tarix: 17-04-2015, 14:36 |
Çap et
ABŞ-da mühacirətdə olan Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev modern.az saytına müsahibə verib.
- Siz uzun illərdir Amerikada yaşayırsınız. Gündəlik həyatınız necə keçir?
- Gündəlik həyat fərqlidir, ancaq müəyyən oxşar cəhətləri ümumiləşdirmək olar. Gündə azı bir saat, dünya xəbərləri ilə tanış oluram. Eyni xəbəri müxtəlif mənbələrdən öyrənməyə üstünlük verirəm. Əsas diqqət Azərbaycanın ətrafında cərəyan edə biləcək hadisələrə, yəni Rusiya və keçmiş sovet respublikaları, İran ,Türkiyə və Yaxın Şərqdə baş verənlərə yönəldilir.
Azı bir saatım dünyanın qlobal iqtisadiyyatında baş verən yeni hadisələr, yeni texnologiya və sair mövzularda baş vermiş dəyişikləri analiz etməyə gedir. Azı bir saat hansısa bir verilişə baxmaq və bununla yanaşı, idman etmək də həyat tərzimin tərkib hissəsidir.
Kimlərləsə telefonla danışmaq, görüşmək və sair işlərlə məşğul olmaq həyatımda hər gün baş verən hadisələrdir. Mən ömrümün 50 ilini Azərbaycanda yaşamışam. Çox gərgin və rəngarəng həyat keçirmişəm. Təbii, bu illərin xatirələri heç vaxt məni tərk etmir.
- Bu, gündəlik həyatınızın qrafikidir. Bəs, hansısa kommersiya fəaliyyəti ilə məşğul olursunuzmu?
- Yuxarıda yazdıqlarımın hamısı çox ciddi işlərdir. Bunlardan başqa, məsələn, daha hansı işlə məşğul olduğumu soruşmaq istəyirsinizsə, deyə bilərəm ki, bir sıra firmalar və şəxslərə məsləhət verirəm. Bu məsləhətlər ABŞ və Avropada çalışan siyasətlə və bizneslə məşğul olanların xahişi ilə olur. Hər halda, beynəlxalq iqtisadiyyat və siyasəti bilmək səviyyəm bu işi görməyə imkan verir.
- Bilirik ki, Azərbaycana gələ bilmirsiniz. Amma ABŞ-dan hansı ölkələrə səfər edirsiniz?
- Amerikadan əsasən Avropa ölkələrinə səfər edirəm və bu səfərlərdə yüzlərlə müxtəlif millətləri təmsil edənlərlə görüşürəm. Bütün ölkələrdə tarixi yerlərə səyahət etməyə daha çox üstünlük verirəm.
- Amerikada azərbaycanlılarla görüşünüz olurmu?
- Sözsüz, Amerikada azərbaycanlılarla görüşürəm. Görüşdüklərim insanların hamısı tələbədən tutmuş, 80 yaşlı müdrik və kifayət qədər yüksək intellektual insanlardır. Onlarla görüşmək mənəvi zövq verir.
- Yaxın tanışınız, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov xərçəng xəstəsi olduğunu deyib. Onunla əlaqə saxlamısınızmı?
- Rüstəm müəllimin xərçəng xəstəliyinə tutulmasından, həm də uğurlu əməliyyat keçirməsindən xəbərim var.
Təbii ki, onunla əlaqə saxlamışam, səhhətinin artıq tam bərpa olunduğunu da bilirəm. Bildiyiniz kimi, xərçəng xəstəliyini ilkin mərhələrə müalicə etmək mümkündür, ancaq həkim nəzarətində qalmalısan. Yəni həmişə yoxlanmalısan. Rüstəm müəllim Amerikada olanda görüşmükdük, ancaq indi deyəsən Moskvada olmalıdır.
Rüstəm müəllimlə bir-birimizi 1989-cu ildən tanıyırıq və kifayət qədər yaxınıq. Onun uğurlu əməliyyat olunduğunu bilməsəydim, ayıb olardı. Ancaq bu əməliyyatdan az qala bir il keçir...
- Rüstəm İbrahimbəyovla necə tanış olmuşdunuz?
- Bilirsiniz, mənim tanınmış sənətkarlarımızın hamısı ilə yaxın əlaqələrim olub. Yadımda deyil, çox ehtimal ki, Moskvada tanış olmuşuq. Çünki həm Bakıda, həm də Moskvada çox görüşlərimiz olub. O dövrdə biz hər ikimiz Azərbaycan Xalq Cəbhəsini dəstəkləyirdik. Həmçinin, ikimiz də Heydər Əliyevin Bakıya qayıtmasının aktiv tərəfdarları idik. Onun ssenarisi ilə Rasim Ocaqov mənim maliyyələşdirdiyim gözəl bir film də çəkdi.
- Hansı film?
- “Həm Ziyarət, həm ticarət” filmi.
- Sizin maliyyənizlə daha hansı işlər görülüb?
- 2500 xəstəni xaricdə müalicə etdirmişəm, 60 tələbəni ABŞ və Avropa universitetlərində oxutmuşam və sair kimi işlər həyata keçirilib. Bunlar sizə lazım deyil, dərinə getməyin.
- Ailəniz sizin ictimai-siyasi fəaliyyətinizi necə qiymətləndirir?
- Dəstəkləyənlər də var, neytral mövqedə olanlar da. Bu işin səhv olduğunu hesab edənlər də var. Ancaq bu, mənim yolumdur .
- Övladlarınız nə işlə məşğuldurlar?
- İki oğlum, bir qızım var. Övladlarımın ikisi bankda işləyir, o birisi rəssamlıq edir. Kiçik oğlum rəssamlıq edir. Əzimzadə adına rəssamlıq məktəbini qurtarıb. Onlar artıq kifayət qədər yaşa dolmuş insanlardır, hərəsinin öz ailəsi, uşaqları və evləri var. Hətta eyni şəhərdə belə, yaşamırıq.
- Bir az primitiv olsa da, bu sualı vermək istəyirəm. Baba olmaq Rəsul Quliyev üçün necə hissdir?
- Baba olmaq hissi ata olmaq hissindən daha güclüdür.
- Mətbuatda Ayaz Mütəllibovun istefasının səbəbləri barədə verdiyiniz açıqlamanızı gördüm. Əslində o dövrün siyasi mənzərəsini yaxşı təsvir etmisiniz. Məndə belə təəssürat yarandı ki, sizdə Ayaz Mütəllibovun istefasına dair açıqlamadığınız daha müfəssəl, sensasion faktlar var.
- Yox, elə bir sensasiya yoxdur, yəni çox qorxaq bir insan idi, sözsüz onun mart ayındakı istefasını detalları ilə bilirəm, daha doğrusu, kimlərin ona ərizəni yazmağa məcbur etdiyini də bilirəm. Ancaq hələ ki açıqlamağa ehtiyac duymuram.