Sərkisyan erməni əsgər analarını Qarabağa buraxmır
Tarix: 17-04-2015, 12:51 | Çap et
Sərkisyan erməni əsgər analarını Qarabağa buraxmır
Erməni əsgər anaları separatçı Qarabağ ordusunda tüğyan edən yoluxucu xəstəliklərə düçar olan övladlarından narahatdırlar.

Bu barədə musavat.com-a Regional Sabitlik və Təhlükəsizlik Mərkəzindən məlumat verilib. Məlumata əsasən, Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə də Ağdərə rayonunun Madagiz və Talış kəndlərində mülki əhali və hərbçilər arasında kütləvi şəkildə vərəm və bu tipli infeksion xəstəliklər yayılıb. Artıq həmin ərazilərdə olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçular və mülki əhali məcburi qaydada rentgen-flüoroqrafiya vasitəsilə müayinədən keçirildikdən sonra stasionar müalicəyə cəlb olunublar.

Xocavənd rayonunda dislokasiya olunan hərbi hissələrin birində isə hərbi qulluqçular arasında “suçiçəyi” xəstəliyinin kütləvi şəkildə yayılması, yeni açılmış tibb məntəqəsinin xəstələrlə dolması ilə nəticələnib.

Bütün bu olanlarla yanaşı, həmçinin 24 aprel tarixində “erməni soyqırımı” ərəfəsində guya Azərbaycan tərəfindən cəbhə boyu genişmiqyaslı hərbi əməliyyatların həyata keçiriləcəyi barədə yayılan xəbərlər də Dağlıq Qarabağdakı mülki əhali və hərbi qulluqçular arasında ciddi təşvişə səbəb olub. Hərbi qulluqçuların valideynlərinin və yaxınlarının onlara “Vətəni qorumaq” deyil, nəyin bahasına olursa-olsun evlərinə salamat qayıtmaları barədə çağırışları isə erməni hərbçiləri arasında xidmətə qarşı soyuqluq və ümidsizlik yaradıb.

Beynəlxalq “Human Rights House” təşkilatının İrəvan bürosunun üzvü, jurnalist Zaruhi Hovhannisyan “Aravot” qəzetinə müsahibəsində bildirir ki, ölən hərbi qulluqçuların ölüm səbəblərini araşdıran “Mayreri viştı” (“Anaların ağrısı”) təşkilatının üzvləri yaranmış vəziyyətlə bağlı Ermənistan rəhbərliyindən hesabat tələb edirlər. Onlar Qarabağdakı separatçı rejimin ərazisinə daxil ola bilmədikləri üçün övladlarının yaşayıb və ya həlak olmasından xəbərdar ola bilmirlər.

İnfeksion və yolxucu xəstəliyə tutulanlar, müalicələri başa çatmamış ailələrinin himayəsinə qaytarıldığından, maddi sıxıntıdan əziyyət çəkən ailənin digər üzvlərinin də yoluxmasına şərait yaradırlar.

“Mayreri viştı” təkilatı Ermənistanda “Əsgər anaları” ictimai birliyinə üzv olan təşkilatları hökumətdən hesabat tələb etməyə, Dağlıq Qarabağdakı separatçı rejimin ərazisinə daxil olmaq üçün tətbiq etdiyi süni maneələri ləğv etməyə, Dağlıq Qarabağdakı separatçı rejimin özbaşınalığına imkan verməməyə və təşkilatları birləşdirərək birgə mübarizə aparmağa çağırıb.

Qeyd edək ki, cəbhədəki gərginlik, sürətlə yayılan infeksion və yoluxucu xəstəliklər ön xətdə xidmət edən erməni hərbi qulluqçularla yanaşı onların ailələrinin də təşvişinə səbəb olub. Nəticədə erməni hərbi qulluqçular ilə onların ailə üzvləri arasında rabitə əlaqələrinin kifayət qədər intensivləşməsi qeydə alınıb.

Ermənistanda fəaliyyət göstərən rabitə operatorlarının məlumatına görə, son 3 ay ərzində Ermənistan ilə işğal olunmuş Dağlıq Qarabağ əraziləri arasında mobil telefon danışıqlarının sayı bir neçə dəfə artıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net