"Facebook" bu ölkədə pulsuz olacaq
Tarix: 17-04-2015, 11:55 |
Çap et
Braziliya hökuməti aşağı gəlirli vətəndaşlara pulsuz internet təmin etməsi üçün "Facebook"la razılığa gəlib.
ANS PRESS-in məlumatına görə, Panamanın paytaxtında təşkil edilən 7-ci Amerika sammitində Braziliya prezidenti Dilma Roussef və "Facebook"un qurucusu Mark Zukerberq görüşüblər.
"Facebook" yeni "Internet.org" layihəsi ilə dünya üzərində internetə çıxışı olmayan 5 milyard adama pulsuz xidmət göstərməyi planlaşdırır. Bu çərçivədə dövlət liderləri ilə görüşən "Facebook" rəhbəri Roussefin marağını çəkməyi bacarıb. Əl sıxışan iki rəhbər başlanğıc olaraq Latın Amerikanın ən böyük şəhəri Sao Paulonun gecəqondu məhəllələrindən birinə WI-FI xətti çəkilməsilə bağlı razılaşıb.
İlk planda 200 min adamın pulsuz internetə çıxışı təmin ediləcək. Layihə müvəffəqiyyətli olarsa, növbəti mərhələlərdə ölkədə internet olmayan digər bölgələrə də eyni xəttin yaradılması planlaşdırılır.
Məsələ ilə bağlı öz "Facebook" hesabından bir şərh verən Zukerberq hər kəsin sosial platformalarda iştirak hüququnun olduğuna inandığını bildirib. "Facebook" qurucusu iyun ayında Braziliyaya səfər edəcək və ilk işlərə başlayacağını bildirib.
Qeyd edək ki, Braziliya 83 milyon istifadəçisi ilə dünyada ABŞ-dan sonra "Facebook"un ən məşhur olduğu ikinci ölkə olaraq diqqət çəkir.