Suriyadan qayıdan azərbaycanlı “cihadçı”lardan şok etiraflar
Tarix: 17-04-2015, 10:09 |
Çap et
Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə ittiham olunan 10 nəfərlik dəstə üzvünün - Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Məhkəmə prosesində təqsirləndirilən İlkin Babazadə ifadə verməkdən imtina edərək məhkəməni tanımadığını, yalnız şəriət qanunlarına uyğun şəkildə mühakimə olunmaq istədiyini açıqlayıb.
Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan edilib. İ.Babazadə ifadəsində iki ildir ibadətlə məşğul olduğunu, Qəbələ rayonundakı məscidlərə getdiyini, özünə “Yəhya” dini adı götürdüyünü, Suriyada baş verən hadisələri internet vasitəsilə izlədiyini və cihad elan olunduqda ora getmək qərarına gəldiyini göstərib: “Bu məqsədlə ”Sumqayıt camaatı"nın əmiri olan Aqil Hacıyevlə əlaqə saxladım. 3 oktyabr, 2013-cü ildə Türkiyənin Hatay vilayətinə getdim. Aqil Hacıyevin mənə verdiyi nömrəyə zəng vurdum. Hasan adlı şəxs məni sərhəddən qaçaq yolla Suriyaya keçirdi. Bunun müqabilində ona 50 dollar verdim.
Suriyaya keçəndən sonra Aqil Hacıyevin camaatına qoşuldum. Elvin Dursunəliyevi, Vilayət Həsənlini, Mehman Balakişiyevi, Vasif Hacıyevi orada görüb tanımışam. Onlar ora məndən əvvəl gəlmişdilər. Bizə fiziki və dini təlimlər keçirdilər. Heç bir döyüşlərdə iştirak etməmişəm. 5 mart, 2014-cü ildə “Cəbhətul əl-Nüsra” bizi əsir götürdü, ya onlarla birlikdə vuruşmağımızı, ya da ərazini tərk etməyimizi tələb etdilər. Mehmanla və digərləri ilə birlikdə bizi Türkiyə sərhədinə gətirdilər. Türkiyədən Azərbaycana deportasiya olunduq. Suriyada heç bir əməlimə görə məhkum olunmamışam".
Təqsirləndirilən Malik Musayev isə digərlərindən fərqli olarqa məhkəmədə sərbəst ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, 2009-cu ildən ibadətlə məşğul olduğunu, Mədəniyyət və İncəsənət Universitetinin II kursunda təhsil aldığını, Suriyaya döyüşmək məqsədilə getmədyini deyib: “Ora getməkdə məqsədim dini rahat şəkildə yaşamaq idi. ”Muaz" adlı bir nəfərlə internetdə tanış oldum. O, kömək edəcəyini dedi. Türkiyədə Hasan adlı şəxsin vasitəsilə sərhədi keçdim. Azərbaycan camaatı olan yerə gəldim, Aqil Hacıyevin camaatına qoşuldum. Mənim silahım olmayıb. Heç kimdə silah da görmədim. Təlimlərdə iştirak etmədim.
Orada terror qruplaşmaları var idi. Bizə onlara qoşulmağımızı, Bəşər Əsədə qarşı birlikdə vuruşmağımızı təklif etdilər. Razı olmadıq deyə bizi əsir götürdülər. On gün əsirlikdə olmuşam. Tabe olmadıq deyə bizi oradan Türkiyə sərhədinə gətirdilər. Türkiyədən deportasiya olunduq. Hava limanında bizi MTN qarşıladı. Bir ildir istintaq gedir.
Suriyada özbaşınalıqdır, orada dünyanın hər yerindən insanlar vardı. Uşaqların bəzilərini əsirlikdə tanımışam".
Daha sonra təqsirləndirilən şəxs hakimin, dövlət ittihamçısının suallarını cavablandırıb. Hakimin “ora niyə getdin, məqsədin nə idi? Burada ibadət etməyə məhdudiyyət ki, yoxdur” sualına M.Musayev belə cavab verdi: “Təhsilimi yarımçıq qoyub getmişdim, düşündüyümüz kimi olmadı, qayıtmaq istəsək də çətinlik çəkirdik. Çünki qayıtmaq çox çətin idi. Həm də biz Türkiyəyə yaxın sərhəddə idik. Orada döyüş getmirdi, əməliyyat keçirilimirdi. Mən o qədər də məlumatlı deyildim. Çox şeyi MTN-də başa saldılar”.
Bundan sonra təqsirləndirilən Vüsal Bayramovun istintaqa verdiyi ifadəsi elan edilib. V.Bayramov Şəkidəki məscidlərdə ibadətlə məşğul olduğunu, Suriyada cihad elan edildikdə kafirlərə qarşı vuruşmaq üçün ora getdiyini göstərib: “Bu barədə həmyerlim - dini adı ”Ömər" olan Vüqar Dursunəliyevə dedim. O, düz yolda olduğumu bildirdi. Ora özbaşına getmək olmazdı, hansısa qruplaşmaya qoşulmaq lazım idi.
28 yanvar, 2014-cü ildə getdim. 2500 dollarım vardı. Hasana 100 dollar verdim, sərhəddən keçdim. Dini adı “Abdul Məhəmməd” olan Aqil Hacıyevin camaatına qoşuldum. Heç bir döyüşdə iştirak etməmişəm. Orada kütləvi qətllər olduğunu və İslama dəyər verilmədiyini görüb Azərbaycana qayıtdım. Suriyada qaldığım 5 gün ərzində heç bir qanunsuz silahlı birləşmənin tərkibində iştirak etməmişəm".
Qeyd edək ki, Vüsal Bayramovun məhkəmə zalında olan atası Qabil Bayramov hakimdən ona söz verilməsini xahiş etdi.
Əfqanıstan veteranı və I qrup əlil olduğunu deyən Qabil Bayramov oğlunu özü öz əli ilə MTN-ə təhvil verdiyini bildirdi: “Martın 26-da televiziya ilə dedilər ki, ötən il aprel ayının 15-nə kimi Suriyadan qayıdanlar həbs olunmayacaqlar. Oğlumla əlaqə saxladım. Dedim, tez gəl, aprelin 15-nə kimi qayıt, əfv olunacaqsan”.
Təqsirləndirilən Samir Həşimovun ibtidai istintaqa verdiyi ifadəsi elan edildi. S.Həşimov ifadəsində 2003-cü ildən İslan dininin hənbəli təriqəti üzrə ibadət etdiyini, özünə “Abu Maryam” dini adı götürdüyünü göstərib: “Bəşər Əsədin müsəlmanlara etdiyi zülmləri internet vasitəsilə izləyirdim. Suriyaya hicrət etmək istədim. İnternetdə cihadla bağlı videoların altında yazılan şərhlərdə Hasan adlı şəxslə tanış oldum, ona yazdım. Bəşər Əsədin zülmündən əziyyət çəkən müsəlmanlara köməklik etmək istəyirdim. Bu məqsədlə də 2013-cü ilin son ayında Türkiyəyə getdim, Hasanın vasitəsilə sərhədi keçdim.
Orada Nicat Aşurovun qrupuna qoşuldum. Nicatı 2007-ci ildən tanıyırdım. Mənə də döyüşə getmək təklif olundu. Bununla bağlı aramızda fikir ayrılığı yarandı. Ona görə də onlardan ayrılıb Aqil Hacıyevin camaatına qoşuldum. Çünki onlar dini yaşamaq üçün gəlmişdilər, öz məqsədləri üçün yox. Fiziki təlimlərdə və döyüşlərdə iştirak etməmişəm".
Təqsirləndirilən Vüqar Dursunəliyevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.
İstintaqa verdiyi ifadəsində V.Dursunəliyev 2002-ci ildən sələfi təriqəti üzrə ibadətlə məşğul olduğunu, özünə “Ömər” dini adı götürdüyünü və “Şəki camaatının əmiri” seçildiyini göstərib: “Bəşər Əsədin müsəlmanlara etdiyi zülmləri internetlə izləyirdim. 16 yaşlı oğlum Elvini çağırıb ona da göstərirdim. Ona başa salırdım ki, müsəlmanlara kömək etmək lazımdır. 2013-cü ildə belə qərara gəldim ki, 16 yaşlı oğlumu cihada göndərim. Şəkidən olan Tehran adlı şəxslə oğlum Elvini Türkiyəyə yolladım. Tehran elə bilirdi ki, oğlum Türkiyəyə işləməyə gedir. Elvinin cihada getdiyini bilmirdi.
2013-cü il, dekabrın 5-də İstanbul reysi ilə yola saldım. Oğlum heç bir döyüşdə olmayıb. Suriyada qrupların bir-biri ilə döyüşdüyünü eşidib əlaqə saxladım ki, Azərbaycana qayıtsın".
Məhkəmə prosesi aprelin 23-nə kimi təxirə salındı.