“ABŞ-ın Bakıdan istəkləri çoxdur”
Tarix: 16-04-2015, 17:51 |
Çap et
Son günlər Birləşmiş Ştatlarla Rusiya arasında şərq cəbhəsi uğrunda mövqe savaşı daha şiddətli diplomatik müstəviyə keçib. Nəhənglərin “söz atışmasına” isə bu ölkələrin nisbətən kiçik dövlətlərdəki elçilərinin oturduqları yerlərdən “ikinci cəbhə” açmaları isə yeni periodik savaş mərhələsinə keçidin təsdiqidir.
Elə ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta da Bakıda yerini təzəcə rahatlasa da elə buradan Rusiyaya qarşı öz cəbhəsini açıb. O, Azərbaycan paytaxtından şimal qonşumuza ultimatumlar göndərir. Səfir Sekuta Rusiyanı Ukraynadakı işğalçılıq niyyətindən daşınmağa çağırır. Bəzən də diplomatik təhdidlərdən belə çəkinmir. Bəs amerikalı səfirin bu cür ultimatumları Azərbaycanla Rusiyanı üz – üzə qoya bilərmi? Yoxsa bu elə ABŞ-ın bu məqsədə hesabladığı düşünülmüş planıdır? Məsələyə Hafta.az vasitəsi ilə mövqe bildirən politoloq Elnur Soltanovun mövqeyi də birmənalı olub:
“Robert Sekuta Amerika hökumətinin məmurudur. Təmsil etdiyi ölkənin mövqeyini müdafiə edirlər. Adətən diplomatik nümayəndələr, səfirlər təmsil etdikləri ölkələrə çox həssaslıqla yanaşırlar. Onlar hökumətin maaşlı məmurlarıdırlar. Öz ölkələrinin təmçilçisidirlər. Onların öz dövlətlərinin mövqeyini müdafiə etməsi işlərinin bir hissəsidir. Düşünürəm ki, Sekutanın belə bəyanatlarında təəccüblü heç nə yoxdur”.
Elnur Soltanov iki nəhəng arasındakı münasibətlər sisteminin kəskinləşməsinin Azərbaycan üçün hər hansı bir isti-soyuğunun olmadığını da vurğulayıb:
“Azərbaycanın siyasətində balans yoxdur. Bizim dövlətimizin siyasəti xalqımızın maraqlarına hesablanıb. Azərbaycan 2014 –cü ilin martında BMT-də Ukraynanın torpaq bütünlüyünə səs verdi. Əslində isə ölkəmiz heç bir dövlətin yanında deyildi. Biz beynəlxalq hüququn yanında olduğumuzu nümayiş etdirdik. Azərbaycan Qafqazda yeganə ölkədir ki siyasi cəbhələşmə tutmur. Hər hansı bir ölkənin və ya qurumun vassalı olmaq niyyəti də yoxdur”.
Politoloq hesab edir ki,indiki halda ABŞ-dan Azərbaycana təzyiqlər olduğunu demək olar:
“Son etiraz dalğalarının səbəbi odur ki, Vaşinqtondan Bakıya tələblər gəlir. Amma ölkəmiz özünün haqq işində Birləşmiş Ştatlardan gözlədiyi dəstəyi ala bilmir. Moldovanın, Gürcüstanın torpaq bütünlüyü məsələsinə toxunsa da bizdən yan keçməyə çalışır. Üstəlik ölkəmizi hər hansısa bir cəbhəyə çəkmək meyli olduğunu görmək olunur. Azərbaycan bundan da ciddi vəziyyətlərlə üz –üzə qalıb. Ancaq öz mövqeyini dəyişmədi. Bu illər ərzində formalaşmış bir siyasi xətdir”.
ADA universitetinin professoru bildirib ki, Ukrayna məsələsinə görə, Moskva ilə Vaşinqton arasında soyuq savaş həddinə çatmış münasibətlərin ölkəmizə mənfi fəsadları olmayacaq:
“Rusiya ilə münasibətlərimiz yaxşıdır. ABŞ-la münasibətlərimiz hazırda müəyyən dərəcədə soyuq olsa da bunun uzunmüddətli olacağını düşünmək də olmaz. Çünki Vaşinqtonla Moskva arasında münasibətlər gərginləşdikcə hər iki tərəf bizim necə dəyərli tərəfdaş olduğumuzu anlayacaqlar”.