Bakı məhkəməsi: qətldə suçlanan həkimə vaxt verildi
Tarix: 16-04-2015, 16:05 |
Çap et
Həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı keçirilən növbəti proses baş tutub.
Bu barədə Axar.az-a məlumat verən zərərçəkən Anar Niftəliyevin hüquqi nümayəndəsi Səməd Vəkilovun sözlərinə görə, məhkəmə prosesində çıxışlar dinlənilib:
“Prosesdə zərərçəkmiş tərəfin vəkili kimi mənim və Aqil Layıcovun çıxışı oldu. Həmçinin müdafiə tərəfi də çıxış etdi. Prosesdə bütün çıxışlar dinlənildi. Təkcə təqsirləndirilən şəxsin son sözü qaldı. Növbəti proses aprel ayının 22-si saat 14:00-a təyin edildi. Təqsirləndirilən Firuz İbrahimovun çıxışı da həmin gün eşidiləcək”.
Qeyd edək ki, mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.
Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb və hələ də davam edir.
Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Hazırda F.İdrisov barəsində CM-nin 178.1-ci maddəsi ilə açılan cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatındadır.