Amerika və Azərbaycan prezidentlərinin fərqi
Tarix: 16-04-2015, 14:51 |
Çap et
Vüsal Məmmədov
Bir qrup amerikalı siyasətçinin və onlara qoşulmuş Azərbaycan istehsalı olan iki danışan oyuncağın ölkəmizə sanksiyaların tətbiqilə bağlı Con Kerriyə yazdıqları məktub nədən xəbər verir?
Ağla ilk gələn bu olur ki, onların çoxu Azərbaycanı tanımırlar. Heç bir mənada tanımırlar: nə siyasi, nə mənəvi, nə də bəlkə hətta coğrafi... Ən vacib parametr – Azərbaycan hakimiyyətinin xarakteri haqqında isə yerli-dibli anlayışları yoxdur. Oysa, bundan başlamaq lazım idi. Azərbaycanla bağlı hansısa addımı atmaq istəyən qrup əvvəlcə mütləq İlham Əliyevin “Bizə təzyiq etməklə heç nəyə nail olmaq mümkün deyil” sözlərini nəzərə almalı idi.
Bu, sadəcə söz deyil, bu, Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Yankilər bunu yaxşı başa düşməlidirlər çünki onların da guya bəzi prinsipləri var, məsələn, `Amerika terrorçularla danışıqlara getmir` kimi. Bu, çox vurucu cümlədir, kinoda əla səslənir! Amerikalılar öyrəşiblər ki, hadisələrin ən gərgin yerində Amerika prezidenti terrorçuların liderinə desin: ` We Dont Negotiate With Terrorists!`, ardınca məsələn, Bryus Uillis dövrəyə girsin, yarım saat sonra isə ekrana titrlər çıxsın. Ümumiyyətlə, bilmək olmur ki, Amerikada kino daha çox siyasətdir, yoxsa siyasət daha çox kino.
Azərbaycanda belə deyil. Azərbaycanda dövlət başçısının illərdir formalaşmış siyasətçi xarakteri, imici var və bu imicin ən vacib cizgilərindən biri odur ki, Prezident heç nəyi populizm xətrinə demir, ağzından çıxan hər bir sözün ağasıdır, niyə dediyini bilir və dedikləri də mütləq reallaşır. Bu, Azərbaycan siyasətinin aksiomudur, müzakirə olunmur, istənilən məsələnin həllində bunu əvvəlcədən pozulmaz şərt kimi qəbul etmək lazımdır.
Amma məsələnin digər tərəfi də var ki, əslində Con Kerriyə məktub yazan qrup bunu bilir. Hər halda, uşaq deyillər, neçə belə sifarişlər yerinə yetiriblər, bu cür addımların nəyə hesablandığını gözəl anlayırlar. Addım isə buna hesablanıb: bəzi məsələlər var ki, onların özündən daha çox, barələrində informasiyanın yayılması əsasdır. Yəni, hər kəs bilir ki, realıqda Azərbaycana heç bir sanksiya tətbiq olunmayacaq, amma bunun qətiyyən heç bir fərqi yoxdur. Əsas odur ki, bununla bağlı Kerriyə məktubun yazılması haqda xəbər yayılsın. Çünki o xəbər Azərbaycanın imicinin mənfi balansına yazılır.
Belə bir texnika jurnalistikada da tətbiq olunur: bəzi suallar var ki, onlara necə cavab veriləcəyi önəmli deyil, əsas sualın özünün səslənməsidir. Çünki o sual cavab almağa yox, daşıdığı informasiyanı ötürməyə hesablanıb. Biz jurnalistlər bunu yaxşı bilirik. Həmin funksional suallar texnikasını siyasətə müxtəlif cür tətbiq etmək olar ki, onun bir forması da Kerriyə yazılan məktubdur.
Belə məktubun yazılması kimin marağında ola bilər? Bizim ölkə aqressiv siyasət yürütmədəyi üçün, bizimlə düşmənçilik edənlərin hamısı ancaq bir şərti qrupda birləşirlər - `Azərbaycandan istədiyini ala bilməyənlər`. Bu qrupa ermənilərdən tutmuş, ölkəmizin layihələrindən sərfəli pay qopara bilməyən şirkətlərə kimi çox subyektlər daxildir. Təəssüf ki, onlar `Bəs sən Azərbaycandan istədiyini ala bilmisənmi?` ideyası ilə silahlanaraq, ölkənin daxilində də bəzilərini əsir almağı bacarıblar. Və bu ideoligiyaya təslim olanlar fikirləşmirlər ki, axı hər kəs Azərbaycandan öz istədiyini alsa, onda bu ölkədən nə qalar? Burası onlara maraqlı deyil.
Və sonda məktubun bəhanəsi haqqında. `İnsan haqları` artıq dünya siyasətində kiflənmiş bir mövzudur. Sən əgər güclüsənsə, istənilən ölkəni insan haqlarını pozmaqda ittiham edə bilərsən. Bunu Prezident İlham Əliyev də açıq demişdi. Azərbaycana gəlincə, həmin siyahılara adları salınanlara baxıb, bir şey demək istərdim: siz təki əsl insan olun, onda bu dövlət özü sizin haqqınızı müdafiə edəcək!