Avropa Parlamentinin bölgədəki reallıqları dəyişmək gücündə olmayan qətnaməsi - TƏHLİL
Tarix: 16-04-2015, 12:56 | Çap et
Avropa Parlamentinin bölgədəki reallıqları dəyişmək gücündə olmayan qətnaməsi - TƏHLİL
Roma Papası I Fransiskin “ötən əsrdə ilk soyqırımı ermənilərə qarşı həyata keçirilib” açıqlaması bir növ “erməni soyqırımı - 100 il” tədbirlərinə start verdi.

Bunun ardınca Avropa Parlamenti hərəkətə keçdi və aprelin 15-də 12 maddəlik "erməni soyqırımı" qətnaməsini qəbul etdi. Halbuki, Avropa Parlamenti “erməni soyqrımını” hələ 1987-ci ildə tanıyıb. Eyni mövzuda təkrar qətnaməyə ehtiyac yox idi. Hazırkı qətnamədə Türkiyənin "soyqırım"ı qəbul etməsinin vacibliyindən tutmuş Avropa Birliyi dövlətlərinin "soyqırımı" tanımasına qədər bəndlər var.

Qətnamənin 4-cü bəndi birbaşa Azərbaycanın maraqlarına toxunur. Həmin bənddə deyilir ki, Türkiyə qeyd-şərtsiz Ermənistanla imzaladığı İsveçrə protokollarını yerinə yetirməlidir. Başqa sözlə Brüssel Ankaraya “məsləhət” görür ki, Ermənistanla sərhədlərin açılması siyasətində Azərbaycanın işğal altındakı torpaqları amilini nəzərə almasın.

Bu yanaşma Avropa Parlamentinin qəbul etdiyi əvvəlki qətnamələrinə ziddir. Çünki, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü prinsipinə hörmət edilir və işğal altındakı torpaqların azad olunması vacibliyi vurğulanır. Buna uyğun olaraq Avropa Parlamenti “soyqırım” qətnaməsinin 4-cü bəndinə məntiqlə “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı Dağlıq Qarabağ probleminin həlli də sürətləndirilməlidir” cümləsini də əlavə etməli idi.

Roma Papasının açıqlaması kimi Avropa Parlamentinin ermənipərəst qətnaməsinin də heç bir hüququ qüvvəsi yoxdur, bu sənəd Türkiyəni heç nəyə məcbur etmir. Bunu Avropa parlamentinin üzvləri də bilirlər. Misal üçün “erməni soyqırımı” qətnaməsinin müzakirəsi zamanı Avropa Parlamentinin sədri Martin Şults yerini müavininə həvalə edərək zalı tərk edib. Bununla Avropa Parlamentinin sədri erməni lobbisinin şıltaqlığına görə Türkiyə ilə münasibətləri gərginləşdirmək məsuliyyətini öz üzərinə götürmək istəməyib. Digər tərəfdən erməni lobbisi çox çalışırdı ki, Avropa Parlamentinin qətnaməsində Türkiyənin Avropa Birliyinə üzvlüyü “soyqırımın” tanınması şərtinə bağlansın. Bu da alınmayıb, Avropa Parlamenti “soyqırım” qətnaməsini qəbul etməsinə rəğmən, erməni lobbisinin bu istəyini yerinə yetirməyib. Eləcə də Vatikan, Roma Papasının “soyqırım” açıqlamasının ardınca Türkiyə ilə münasibətlərə önəm verən, Ankaranı sakitləşdirməyə çalışan açıqlama yayınladığını xatırlatmaq da yerinə düşər. Roma Papasının “soyqırımın 100 illik yubileyində” İrəvana getməyəcəyi xəbərinin yayınlanması erməni lobbisini məyus etməmiş deyil.

Erməni lobbisinin “soyqırımın 100 illiyinə” yönəlik çalışmalarının hədəfi Türkiyə ilə yanaşı Azərbaycandır. Erməni lobbisi həm beynəlxalq aləmdə Türkiyəyə problem yaratmaq, həm də Azərbaycan torpaqlarının işğalı məsələsində Qərbin simpatiyasını əldə etmək istəyir. Bunu Azərbaycan hakimiyyəti, siyasi dairələri və cəmiyyəti də anlayır. Təsadüfi deyil ki, həm Roma Papasının “soyqırım” açıqlaması, həm də Avropa Parlamentinin “soyqırım” qətnaməsi Türkiyədə olduğu kimi Azərbaycanda da mənfi qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin, Prezident Administrasiya rəsmilərinin, parlament üzvlərinin qətnaməni pisləməsi mövcud durumda Türkiyəyə açıq dəstəyin ifadə olunması sayıla bilər.

Roma Papasının açıqlaması və Avropa Parlamentinin qətnaməsi erməni lobbisinin fəaliyyətinə dəstəkdir. Erməni lobbisinə dəstək isə Ermənistana dəstəkdir. Bu isə Vatikanın və Avropa Parlamentinin Ermənistanın Azərbaycan torpaqlarının işğalına haqq qazandırır.

Erməni lobbisinin növbəti hədəfi Amerika Birləşmiş Ştatlarıdır. Lobbist dairələrin əsas məqsədi ABŞ prezidenti Barak Obamanın 24 apreldə ermənilərə müraciətində “soyqırım” ifadəsini işlətməsinə nail olmaqdır. Barak Obama prezident seçilməmişdən öncə erməni lobbisinə “soyqırımı” tanıyacağını vəd edib. Lakin Obama Ağ Evdə əyləşdiyi 6 ildə bir dəfə də “soyqırım” ifadəsini işlətməyib. Çünki, prezidentik postu uğrunda mübarizə Obamaya müxtəlif icmaların səsini qazanmağa və sağa-sola yerinə yetirilməsi çətin olan vədlər verməyə məcbur edirdisə, Amerikanın milli və təhlükəsizlik maraqları vədlərdən qat-qat üstündür. ABŞ-ın milli və təhlükəsizlik maraqları isə qarışıq Avrasiya qitəsində demokratik və dünyəvi müsəlman ölkəsi olan Türkiyə ilə sıx əməkdaşlığı diktə edir.

Ermənistan və erməni lobbisi “soyqırımın 100 illiyi” tarixinə ciddi hazırlaşıblar, “soyqırımın” tanınması kampaniyası hələ bir neçə gün də davam edəcək, bəzi dövlət başçıları (imtina edənlərin sayı da get-gedə çoxalır) İrəvandakı 24 aprel tədbirinə təşrif buyuracaqlar və s. Ancaq erməni lobbisinin fəaliyyəti hədər gedəcək. Çünki 24 apreldən sonra 25 aprel gələcək, Vatikan, Avropa Parlamenti və ABŞ tərəzinin bir gözünə Ermənistanı, o biri gözünə isə Türkiyə və Azərbaycanı qoyacaqlar. Tərəzinin hansı gözünün ağır gəldiyini böyük dövlətlər özləri üçün çoxdan müəyyənləşdiriblər. Erməni lobbisinin və onun təsiri altında olan Ermənistanın hər ilin aprel ayında suyu bulandırması bölgədəki reallıqları dəyişmək gücündə deyil.

Azərbaycan və Türkiyəni isə 24 apreldə daha möhtəşəm və əsl tarixin - Çanaqqala zəfərinin 100 illik yubileyi gözləyir.


Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net