“Ali Baş Komandandan yalnız silah istəyirəm”
Tarix: 16-04-2015, 10:20 | Çap et
“Ali Baş Komandandan yalnız silah istəyirəm”
Bu gün “Cəbhə xətti”ndə: Ülfət Şövkət oğlu Abdullayev

- 1966-cı ildə Şəki rayonunun Baş Göynük kəndində dünyaya gəlmişəm. Bu kənddə orta təhsil almışam, boya-başa çatmışam. Hərbi xidmətə də bu kənddən, 1984-cü ildə Sovet ordusuna yollanmışam. Başqa-başqa vaxtlarda Rusiyada, Azərbaycanda işləmişəm. Nəhayət, Xocalı hadisələri zamanı dözməyib Şuşaya getmişəm. Vətənimin, torpağımın uğrunda döyüşmüşəm. Hazırda subayam və tapanda, tikintilərdə usta işləyirəm. Hökumətdən 45 manat pensiya alıram. Kirayədə yaşayıram.

- Necə oldu, Qarabağa yollandınız?

- Sovet ordusunda qulluq etdikdən sonra bir müddət Rusiyada, Azərbaycanda işləsəm də, ali təhsil almaq üçün yenidən Rusiyaya yollanmışdım. O zaman ölkədə baş verən proseslər məni vətənə çəkib gətirdi. Bu Vətən sevgisi hamıda var, amma kimi düşünür ki, məni çağırarlar, gedib döyüşərəm, kimisi vətəninə başqa cür xidmət etməyə çalışır. Mənsə, “kimsə mənə dəvətnamə verəsi deyil ki, bu addımı mən ilk olaraq özüm atıb döyüşlərə getməliyəm”, - deyə düşündüm və könüllü olaraq Qarabağa yollandım. O vaxtlar Xocalı hadisələri hələ təzə baş vermişdi. Özümə yer tapa bilmirdim. Gedib Rusiyanın nə bilim harasındasa araq, kartof satan yerdə donub ölməkdənsə, Qarabağda - Vətən yolunda şəhid olmaq daha şərəflidir mənim üçün.

Qarın altında donan yaralı leytenant

Bəli, nəhayət, 1992-ci ildə Şuşa şəhərinə yollandım. İlk olaraq Tofiq Oğuzun könüllülər batalyonuna qoşuldum. 1992-ci il mart ayının sonlarında bizi Şuşadakı Üç mıx postuna yolladılar. Amma bu postda sakitlik idi, qərar tutmadım. Mənə daha çox atışmanın, qaynar nöqtənin olduğu yer lazım idi. Ora qonaqlığa getməmişdim ki, mənə bir an öncə döyüşün içinə atılmaq lazım idi. Qısası, ermənilərin əlində olan Nəbilər postuna getdik. Bir müddət orada qaldıqdan sonra daha qaynar nöqtə sayılan Xankəndidəki Quşçu, Hin arxı postlarına getdik. Təsəvvür edin ki, həmin postdan Xankəndidə gəzişən adamları əlimizin içi kimi görürdük. Bütün sərhəd boyu səpələnən ermənilər də oradan rahat görünürdü. Biz əsas müdafiə mövqeyində idik. İlk döyüşümüz də orada oldu. Deməli, ətrafı yoxlamağa getmişdik, ermənilərin haradan hücum edə biləcəklərini öyrənirdik. Qar yenicə ərimişdi və birdən qarın altından sifəti görünən bir meyit çıxdı qarşımıza. Üz quruluşundan bizimki olduğunu öyrəndik. Altı nəfər idik. Böyük qəhrəmanlıqla onu bir kilometr yolu bağlanan o yerdən çıxara bildik. Sonradan öyrəndik ki, iki ay öncə Daşaltı əməliyyatı zamanı yaralanaraq qarın altında donub qalan bu vətən oğlu Milli Ordumuzun baş leytenantı imiş. O, yaralı vəziyyətdə silahını sökmüşdü ki, ermənilər istifadə edə bilməsin. Baxdıq, sənədlərini üstündən götürüb aparmışdılar.

Həmin gün siqaret çəkməyə başladım

Təsəvvür edin, hər gün, hər saat atışmalar olurdu, göz açmaq mümkün deyildi. Həmin postu mənə tapşırmışdılar. Komandiri əvəz edirdim. 18 nəfər idik. Bir palatkamız vardı. Gecələri kerosin lampası yandırardıq ki, ermənilər yerimizi bilməsin. Bir gecə ermənilər atəş açmağa başladılar. Hava da yaman bürkü idi. Bayıra çıxıb göyə iki fişəng ataraq məlum etdik ki, iki erməni yerimizi öyrənmək üçün kəşfiyyata gəlibmiş. Səhərə kimi yatmadıq. Bilirdik ki, ermənilər güclü hücuma hazırlaşırlar. Səhəri günü bizi yenidən Nəbilər postuna yolladılar. Oradan Xankəndidəki ermənilər baş qaldırmağa qoymurduq. Bütün gün atəş altında saxlayırdıq. Bir gün də atışmamız oldu, bu dəfə ermənilərə böyük itki verdirərək geri oturtduq. Bir əsgərimiz ermənini boğazından vursa da o ölməmişdi. Əsgərimiz onun başını, qulaqlarını kəsib gətirmişdi. Mən həmin gün siqaret çəkməyə başladım.

Elə bil iynələnmişdilər

Həmin günün səhəri Şuşa batalyonunun komandiri Novruz Qəmbərovun dəfninə getdik. Onu Kosalarda vurmuşdular. Məzarı da şəhidlər xiyabanındadır. Ayın beşi, gecə yuxuda gördüm ki, təpələrə balqabaqlar düzüblər. Səhərəcən erməninin haradan üstümüzə gələ biləcəyini düşündüm. Ayın yeddisi yuxuda gördüyümü həqiqətdə yaşadım. Həmin təpədən erməni dəbilqələri balqabaq kimi görünürdülər. Hücuma hazırlaşırdılar. Uzaqdan gördüm ki, bir Zil-131 gəlir. Biz də bilmirik ki, bunlar kimdir? Postda 30 nəfər idik. Gördüm ki, hamısının qoluna ağ parça bağlanıb – bunlar da ermənilər imiş... Artıq gec idi. Onlar bizə çox yaxın idilər. Elə bir atışma düşdü ki, çoxlu şəhid verdik. Biz də onlardan vururduq. Səhərin alatoranında göz açmaq mümkün deyildi. Mən həyatımda belə əsgərlər görməmişdim. Onların sifətləri dəmir rəngində idi. Elə bil iynələnmişdilər. Düm-düz, sağa-sola baxmadan yaralılarına, ölənlərinə fikir vermədən ata-ata üstümüzə gəlirdilər. Ölənlər, yaralılar çox idi. Mən bir RPK ilə bu qədər əsgərə heç nə edə bilməzdim. Düşündüm ki, bizi də öldürəcəklər. İnanın, hər yerdən atışma səsləri gəlirdi. Onlar Şuşanın bütün postlarını alıb, sonda bizim üstümüzə gəlirdilər. Bu, bir kabus idi. Tanklarla, PDM-lərlə Şuşanı gülləboran edirdilər. Uzaqdan gələ-gələ qışqırırdılar ki, təslim olun, onsuz da mühasirədəsiniz. Arxada da 5 nəfərimiz bir tiklinin içində gizlənmişdi. Mən ata-ata onlara yaxınlaşanda ermənilər qumbaraatanla həmin uşaqların düz ortasına atəş açdılar. İkisi yaralandı, üçü oradaca şəhid oldu. Artıq sonumun çatdığını gördüm. Sürünərək, bir yarğanlıq vardı, özümü ora atdım. Gördüm ki, Natiq adlı bir əsgərimizi vurublar, dəlik-deşikdir, amma ölməyib. Dedim ki, gəl yanıma. Gəlmədi, hərəkət edə bilmirdi. Onun da qumbarasını alıb öz qumbaramla hazır saxladım ki, türk əsgərinin təslim olmadığını ermənilərə göstərim. Bu yandan da vurulan əsgərimiz yalvarır ki, sən qumbaraları alıb erməninin üstünə gedib özünü partladacaqsan, məni isə əsir götürəcəklər. Məni vur, sonra get. Mən də başımı elə itirmişdim ki, nə bunu vura bilirəm, nə də özüm irəliləyə. Bu başladı ağlamağa ki, məni vurmadan getmə. Elə iki addım atmışdım, elə bir möcüzə ilə qarşılaşdım ki, onu ancaq dini filmlərdə görmüşəm. Deməli, bir sağsağan quşu gəlib qondu qarşıma. Mən adım atdıqca o da tullanır, qabağımda cükküldəyir, sanki mənə “getmə, xilas yolun var”, - deyirdi. Mənsə şokda olduğum üçün bunu hiss etmirəm, sonradan xatırlayıram, tüklərim ürpəşir.

Uşaq kimi ağlayır, siqaretini tüstülədib davam edir:

- İndi erməninin üstünə getmək fikrindən daşındım. Bu səfər də qumbaralardan çıxardığım sancaqları yerinə sala bilmirəm. Natiqə deyirəm ki, kömək elə, deyir ki, qollarım qalxmır. Atışma bir saata yaxın davam etdi. Bu arada qumbaraların sancaqlarını yerinə saldım. Hava qaraldı. Natiqi tez belimə atıb zülmlə oradan çıxardım. İnanın, addımlayıram, addımbaşı meyitlərimiz, yaralılarımız səpələnib. Bunu yaşamaq lazımdır, sözlər təsvirə kifayət etmir. Bizim Topxana deyilən yerə gəlib çatanda gördüm ki, burda da yaralılar var... Tank mərmisinin təsadüf edib parçaladığı qaya daşları bir əsgərimizin əl, ayaq əzələlərini aparıb. Bunları vurulmuş bir tankımızın dibində gizləmək üçün boynuma qaldıranda, inanın, əsgərin qanı bütün bədənimə yayıldı, gözlərimə kimi qan doldu. Bunlara dedim ki, mən təkəm, siz yaralılar isə çox. Mən ancaq Natiqi aparıb, oradan əlavə köməklə gəlib sizi də apara bilərəm. Yenidən Natiqi boynuma alıb gəldim zastavaya. Gördüm ki, bizim çox sayda texnikamızı vurub yararsız hala salıblar. Bu arada yolda iki nəfər Şuşa batalyonundan da bizə qoşulmuşdu. Atıq 4 nəfər idik. Nəhayət Zarıslıya çatdıq. Bütün batalyon orda idi. Natiqi ora təhvil verib dedim ki, yaralılarımız, şəhidlərimiz var, gedib onları götürmək lazımdır. Amma elə oldu ki… şəhidlərimiz, yaralılarımız oradaca qaldı.

Bu hadisənin üstündün bir neçə gün keçmiş, televizorda həmin yaralı uşağı gördüm. “Papanin” hospitalından danışırdı. Nə qədər sual verdilər ki, səni oradan kim xilas edib, əvvəlcə demədi. Axırda mənim adımı çəkdi. Sən demə, onlara hədə-qorxu gələrək deyiblər ki, bir kəlimə də danışma. Bax, beləliklə, Şuşa bom-boş olduğu halda bizimkilər nə səbəbdənsə ora girmədi və ermənilər işğal etdi.

Bir dəfə də bizim uşaqlar 5 nəfər bir yerdə yemək yeyəndə, tank mərmisi onların ortasına düşmüşdü. Beşi də Şəkidən idi. Tikə-tikə olmuşdular. Bunu heç vaxt unuda bilmirəm. Biz orda bir-birimizə deyirdik ki, yaralansaq, daha artıq əziyyət çəkməmək üçün bir-birimizi güllələyək.

Bizə vuruşmağa icazə vermirdilər

Bir dəfə də Hin arxı postuna erməni hücumu oldu. Səhərə yaxın idi. Baxmayaraq ki, Nail Kazımov komandir idi. O, hər yerə özünü çatdırırdı, texnikamız da vardı, döyüş ruhumuz da. Amma hansısa qüvvələr hücum etməyə qoymurdu. Məhz bu səbəbdən də onlar hücum edib bizi qırırdılar. Bizdə ruh düşkünlüyünü yaradan başlıca səbəb vuruşmağa icazəmizin olmaması idi.

Bizdə bir neçə xanım döyüşçü də var idi. Birinin adı Albina idi. Onu Rusiyadan göndərmişdilər, əlaqələndirici idi. Gültəkin, Cəvahir adlı kəşfiyyatçılar da var idi. Kişi kimi döyüşürdülər. Bütün döyüşlərdə bizimlə bərabər idilər. Onlar bizdən çox işlər görürdülər, yaralarımızı sarıyırdılar, kəşfiyyata gedirdilər, snayper atırdılar, meyitləri daşıyırdılar.

- Döyüşdüyünüz müddətdə sizə ən çox təsir edən nə olub?

Gözləri dolur, bir siqaret da yandırıb titrək səslə:

- Mənə ən pis təsir edən Şuşanın boş görünməsi idi. Şuşa sanki sahibsiz qalmış körpə uşaq kimi idi. İnanın, ayın 7-nə kimi orda döyüş olub. Ermənilər hətta Şuşanın qala divarlarına dırmaşırdılar, biz onları vurub yerə salırdıq. Amma sonralar Şuşanı erməniyə bomboş, havayı təslim etdilər.

- Rejissor olsaydınız savaş filmini necə çəkərdiniz?

- Gəlin belə deyək də, son mərmini beynimə sıxaram, amma erməniyə əsir düşmərəm deyirəmsə, görün orda necə oğlanlar var idi də. Bax belələrini çəkərdim. Qarabağın, Şuşanın göz görə-görə erməniyə necə verildiyini çəkərdim. Döyüş zamanı yaralıların necə imdad dilədiyini, Azərbaycan əsgərinin son damla qanına kimi necə mərdanə döyüşdüyünü çəkərdim.

- Döyüşdüyünüz vaxtlarda ailəli idiniz? Bu gün siz Ali Baş Komandandan nə istəyərdiniz? Bugünkü gənclikdən razısınızmı?

- 49 yaşım var, hələ də subayam. Ömrüm nəyinsə düzəlməsini gözləməklə keçib. Qarabağsız, torpaqsız məğlub bir əsgərin evlənməyə haqqı yoxdur. Evlənib övladıma nə deyəcəkdim, niyə məğlub qayıtdım, niyə Qarabağ qazisi bu gündədir?!. Mən uşağıma nə danışacaqdım axı? Bax belə şeylər məni evlənmək fikrindən daşındırdı. Bu gün prezidentdən yalnız vuruşmağa əmr, silah istəyərdim. Şuşadakı şəhidlər rahat deyil. O torpaqları azad edib orda evlənmək, toy çaldırmaq istəyərdim. Mən vətənimi sevirəm. Məsələn, bizim vaxtımızda gənclik ancaq qələbə düşünürdü. Bugünkü gənclik isə başqa ruhdadır. Himnimiz oxunanda saqqız çeynəyən gənclik yetişir, belələrinə nə deyim ki? Mən onlara baxıb xəcalət çəkirəm. Söz yox, gənclərin içində qabiliyyətli vətənpərvərlər də var, amma bu, çox azdır. Mən bu dəqiqiə də yalnız müharibə düşünürəm. Bakıda qardaş köməyi ilə yaşamaqdansa, gedib səngərdə şəhid olmaq mənə xoş olardı. İndi ustalıq edirəm. Dövlətdən 45 manat pensiya alıram. Düşünün, mənə əlil vəsiqəsi təklif ediblər, mənsə qəbul etməmişəm. Etmiş olsam, demək mən şəhid olmuş əsgərlərin ailələrinin haqqını yeyirəm, ya da ömürlük şikəst olmuş əsgərin balasının haqqına şərik oluram. Azərbaycan onu sevənlərin, qədrini bilənlərindir axı.

- Qarabağda birgə döyüşdüyünüz döyüşçülərlə görüşürsünüzmü?

- (Əsəblə gözləri dolur) Axı necə görüşüm? Görüşüb bir çayxanada çay ala bilmək üçün mənə 1 manat lazımdır, ya yox? Amma mənim buna imkanım olmadığı üçün utancımdan görüşə bilmirəm.

Son olaraq sizə öz təşəkkürümü bildirirəm. Bizləri unudulmağa qoymursunuz. Mən onsuz da yaşamıram, yaşamağım yalnız döyüşdüyüm günlərdə olub. O vaxtlar həyat vardı, yaşam vardı. İndi isə nəfəs alan canlıdan fərqimiz yoxdur. Mən əmr, silah istəyirəm ki...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net