“Ermənistan Dağlıq Qarabağı və ətraf rayonları azad etməlidir” - Cəmil Çiçək
Tarix: 15-04-2015, 14:52 |
Çap et
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi bəllidir. Biz bütün platformalarda Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin vacibliyini dilə gətiririk”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün Moskvada keçirdiyi mətbuat konfransında Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək deyib.
APA-nın Moskva müxbirinin “Rusiya tərəfi ilə keçirdiyiniz görüşlərdə Dağlıq Qarabağ konfliktinin tənzimlənməsi məsələsini müzakirə etdinizmi” sualına cavabında Türkiyə parlamentinin sədri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətinin ürək açan olmadığını bildirib: “Təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün heç nə edə bilmir. Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir, davam edir. Bu münaqişə başlayanda ana bətnində olan körpənin artıq 23 yaşı var. 1 milyondan artıq azərbaycanlı bu münaqişə nəticəsində ata-baba yurdlarından didərgin düşüb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların bu münaqişəyə ikili standartlı münasibəti davam edir”.
C. Çiçək Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə, Cənubi Qafqaz regionunda təhlükəsizliyə nail olmağın qeyri-mümkünlüyünü vurğulayıb: “Bu münaqişə həll edilmədikcə Cənubi Qafqaz regionunda təhlükəsizlik riski davam edəcək. Ermənistan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını azad etməlidir”.