Diqqət: satışda saxta araqlar var!
Tarix: 15-04-2015, 13:14 | Çap et
Diqqət: satışda saxta araqlar var!
Vergilər Nazirliyi tərəfindən saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, cari ilin yanvar ayında Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsalçıları olan vergi ödəyicilərilə görüş keçirilib.

Həmin görüşdə Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsilə bağlı bu sahəyə nəzarətin gücləndirilməsinin vacibliyi vergi ödəyicilərinin nəzərinə çatdırılıb.

Buna baxmayaraq, respublika ərazisində aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı hallarına hələ də rast gəlinməkdədir.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin müvafiq qərarı ilə “Fidan” şirkətinin Bakı şəhəri. Binəqədi rayonu, Dərnəgül, Naxçıvani küçəsi, 3106-cı məhəllə ünvanda yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində (anbar) reydlər keçirilib.

Həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edilib.

Tədbir zamanı saxta aksiz markaları ilə markalanmış 150,3 min manat məbləğində 86419 ədəd müxtəlif adlı və həcmli alkoqqollu içkilər (“Mont blanc” - 0.5l və 0.7l, “Ruska” - 0.5l və 0.7l, “Zernovoy sklad” - 0.25l, 0.5l və 0.7l, “Melnik” - 0.25l, 0.5l və 0.7l, “Bakinskiy Standart” - 0.25l, “Bakinskaya marka” - 0.25l, “Qosudar” - 0.5l və s.) aşkarlanıb, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.

2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edilib və hər bir fakt üzrə cinayət işi başlanılıb.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, bu cür fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net