Deputat: Neft şirkətində işçilərə qarşı ayrı-seçkilik edilir
Tarix: 14-04-2015, 17:47 | Çap et
Deputat: Neft şirkətində işçilərə qarşı ayrı-seçkilik edilir
Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev “Şirvan Oil”dəki vəziyyətdən gileylənib. O deyib ki, sözügedən qanun layihəsi dəstəklənməlidir. Bununla yanaşı, o, bəzi təkliflər də verib: “Kontrakta uyğun olaraq təbii ki, kəşfiyyat xarakterli işlər aparılacaq. Bütövlükdə bundan sonrakı istismar müddətində uğurlu nəticələr əldə olunarsa, sosial məsuliyyətlə bağlı hər hansı müddəa olub-olmamsı gündəmə gələcək. Heç kimə sirr deyil ki, transmilli şirkətlər dünya praktikasında sosial məsuliyyətə önəm verirlər.

Hətta Azərbaycan neftini və qazını istismar edən bp Azərbaycana sosial yatırımlar qoyur. Bu da təbii ki, ictimaiyyəti narahat edir. Sualım belədir: “Bu cür müddəalar belə müqavilələrdə necə tənzimlənir?”.

Şirvan şəhərində fəaliyyət göstərən bir sıra şirkətlər, məsələn, “Şirvan Oil” işçi və işəgötürən münasibətlərində çox böyük nöqsanlara yol verir. Onlar ayrı-seçkilik edir, qeyri-şəffaf prosedurlarla işçiləri işdən çıxarırlar. Bu barədə çoxlu sayda müraciətlər daxil olmaqdadır”.

Valeh Ələsgərov deputatın qaldırdığı məsələyə münasibətini açıqlayıb:

“Əmin ola bilərsiniz ki, köhnə yataqlarda işləyən podratçı “Qarasu” şirkəti Rövnəq Abdullayevin əlindən canını qurtara bilsəydi elə qaçardı ki, şalvarı da burda qalardı”.

Onun sözlərinə görə, köhnə yataqlarda podratçıların boyunlarına elə öhdəliklər qoyulub ki, onlar qaça bilmirlər:

“Sovet dövründən bəri kim işləyirdisə, həmin adamlar bu gün də orda qalıblar. Azərbaycan tərəfi həmin layihələrdən mənfəət də götürür. Ölmüş sahələri xarici podratçılara vermişik və onlar özləri üçün para qazanırlar, hələ bizə də vəsait ödəyirlər”.

Komitə sədri əlavə edib ki, həmin ölmüş yataqlarda minlərlə insan çalışır: “Neftçalada, Kürdəmirdə, Şirvandan olan vətəndaşlarımız alın təri ilə ailəsini dolandırır”.

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net