AZAL biletlərin ucuzlaşmasına niyə müqavimət göstərir?
Tarix: 14-04-2015, 15:33 |
Çap et
Azərbaycan aviaxidmət bazarında Gürcüstana uduzmaqdadır. Qonşu ölkədə uçuş biletlərinin AZAL-ın qiymətləri ilə müqayisədə dəfələrlə ucuz olması səbəbindən azərbaycanlıların əksəriyyəti Tiflis üzərindən uçmağa üstünlük verir.
Mətbuatda yayılan son məlumata görə, Türkiyənin ən ucuz hava yolları şirkəti olan “Pegasus” vasitəsilə Gürcüstanın Kutaisi Beynəlxalq Hava Limanından İstanbula 30 avrodan başlayan qiymətlərlə uçmaq mümkün olacaq. Gürcü mətbuatı xəbər verir ki, sərnişinlər ucuz qiymətə İstanbul vasitəsilə Avropa ölkələrinə uçmaq imkanı əldə edəcəklər.
Belə ki, Türkiyənin “Pegasus” aviaşirkəti gələn ay Kutaisi-İstanbul reysini açır. Türkiyənin az büdcəli aviaşirkəti olan “Pegasus Airlines” gürcü aviabazarında rəqabəti artırmağa və aviabiletlərə olan yüksək qiymətləri azaltmağa ümid edir.
Kutaisidən İstanbula biletlərin qiyməti cəmi 29,99 avrodan başlayır. Mayın 19-dan sərnişinlər Kutaisi-İstanbul marşrutu ilə həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uça bilərlər.
Qeyd edək ki, Bakı Hava Limanından İstanbula uçuş bundan təxminən 5 dəfə bahadır. Üstəgəl uçuş qiymətlərinin avro ilə hesablanması və avronun məzənnəsinin gündən-günə bahalaşması səbəbindən uçuş xərclərinin də artması vəziyyəti daha da çətinləşdirir. Bundan əlavə, tələbatın yüksək olduğu vaxtlarda, xüsusən də bayram günlərində və yay aylarında AZAL-ın təyyarə biletlərinin qiymətində kəskin artım müşahidə olunur.
Halbuki inkişaf etmiş ölkələrdə isə əksinə, turizm mövsümündə endirim kompaniyaları həyata keçirilir. AZAL-ın nə üçün bazarda bu cür mövqe sərgiləməsinin səbəbini isə iqtisadçı ekspertlər fərqli izah edirlər.
İqtisadçı ekspert Qadir İbrahimli musavat.com-a açıqlamasında bildirdi ki, AZAL-ın qiymətlərinin baha olması onun monopolist mövqeyi ilə bağlıdır: “Azərbaycanın aviaməkanında AZAL dominant mövqeyə sahibdir, monopolistdir, heç bir rəqibi yoxdur. Bu mövqeyinə görə AZAL qiymətləri öz istədiyi kimi formalaşdırır. Türkiyə və başqa ölkələrdə bütün sektorlarda olduğu kimi, aviadaşımalarda da ciddi rəqabət var və bu da təyyarə biletlərinin qiymətinin minimuma enməsinə gətirib çıxarır”.
İqtisadçını sözlərinə görə, bu faktor Azərbaycanda turizmin inkişafına mane olan səbəblərdən biridir: “Nəqliyyat xərclərinin yüksək olması bir çox turistləri Azərbaycana gəlməkdən çəkindirir. Təbii ki, bu yeganə səbəb deyil, ancaq ən önəmli səbəblərdən biridir. Problemin kökündə monopoliya durur. AZAL-ın yeni təyyarələrinin alınmasına gəlincə, bu, primitiv arqumentdir. İstənilən nəqliyyat vasitəsinin istismar müddəti var və bu müddət bitdikdən sonra o yenilənməlidir. Digər infrastruktur layihələr isə dövlət büdcəsi hesabına maliyyələşir. AZAL-ın vəsaiti hesabına maliyyələşmir”.
İqtisadçı ekspert İlham Şaban isə qeyd etdi ki, AZAL-ın xidmətlərinin xarici aviaşirkətlərlə müqayisədə baha olmasının səbəbi bu şirkətin infrastruktur layihələrinə həddindən artıq maliyyə ayırması ilə bağlıdır: “AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bir açıqlama vermişdi ki, “Bizim təyyarə parkımız tamamilə yeni təyyarələrdən ibarətdir”. Burada bir həqiqət var. Azərbaycan çox bahalı təyyarələr alır. Birdən-birə 300 milyonluq bir təyyarə alır. Biz əgər qonşu ölkələrlə bunu müqayisə etsək, keçmiş MDB ölkələrində bu qiymətdə təyyarə yoxdur. Belə bir sual yaranır ki, bu təyyarələrə xərclənən vəsaiti AZAL necə çıxartmalıdır. Burada əsas səbəb odur ki, AZAL infrastruktura həddindən artıq böyük məbləğdə pul xərcləyir. Heç bir kommersiya tələbatı nəzərə alınmadan ölkədə neçə yerdə aeroportlar tikilir. İndi Yevlaxda aeroport tikildi, həmin aeroportun saxlanılması da AZAL-ın boynundadır. Zaqatalada, Qəbələdə və digər bölgələrdə də aeroportlar var. Bunların hər biri 50 milyona başa gəlir. Bu çəkilən xərclər nəyinsə hesabına çıxarılmalıdır, ya yox..? Bakı aeroportuna nəzər salsaq, bu, regiondakı ən bahalı aeroportdur. Bu aeroportun tikilməsinə 200 milyona yaxın vəsait xərcləndi. Sonradan 2012-ci ildə yenidən təmir edildi. Əvvəlcə köhnə hava limanı təmir edildi, sonra o tamamilə söküldü və yerində yenisi inşa olundu. Bunların heç qiyməti də açıqlanmadı. Bəs, bu təmir-tikinti neçəyə başa gəldi? Həmin xərcləri kim ödəməlidir? AZAL-ın biletlərinin baha olmasının səbəbi də budur”.
İ.Şabanın sözlərinə görə, Dubay kimi balaca bir şəhərin dünyaca məşhur iki aviaşirkəti var və bu şirkətlərin hər birinin illik mənfəəti 1 milyard dollardır: “Ancaq mən o aeroportlarda olmuşam, Bakı aeroportu Dubay aeroportundan daha gözəldir. Ancaq bu gözəlliyin mənası nədir? Onlar mənfəət qazanır, biz yox... AZAL ölkədə yeganə aviaşirkətdir, ikinci bir aviaşirkət yoxdur. Ancaq bazar açıq olmalıdır. Başqa bir məqam odur ki, Novruz və Yeni il bayramlarında, insanların tətilə getdiyi dövrlərdə qiymətlər artır. Öz vətəndaşlarından qazanc çıxartmaq üçün tələbat çox olan vaxtda qiymətlər artırılır, sonradan yenə düşür. Ancaq heç bir Avropa ölkəsində Milad bayramında aviaşirkətlərin qiymətləri artırılmır. Mən heç yerdə belə bir təcrübəyə rast gəlməmişəm”.