Cahangir Hacıyevin daha bir şirkətində qalmaqal - 1 milyonluq məhkəmə
Tarix: 14-04-2015, 14:50 |
Çap et
ABB-nin sabiq prezidentinin 2002-ci ildə təsis etdiyi "Yeni Həyat” şirkətlər qrupuna qarşı bir milyon dollardan çox iddia qaldırılıb:
«Cahangir Hacıyevə bağlı olan bu şirkətlər qrupu Xətai rayonu ərazisində «Park Azure» adlı böyük yaşayış kompleksi tikir. Hazırda həmin kompleksin tikintisi ilə bağlı şirkət rəhbərliyi ərazidə olan evlərin köçürülməsini təmin etməkdə problemlərlə üzləşib. Çünki bir neçə mənzil sahibi ilə anlaşmaq mümkün olmayıb. Bu səbəbdən də şirkətlər qrupu və qrupun nəzdində olan «Park Azure» MTK ilə sakinlər arasındakı kəskin ziddiyyətlər məhkəməyə çıxarılıb. Kompensasiya tələbi ilə bağlı Xətai rayon Məhkəməsində çıxarılan qətnamə isə ərazidə yaşayan sakinlərdən birini - Vahid Yaqub oğlu Məmmədovu, ümumiyyətlə, qane etməyib. Ona görə də qanuni tələbləri ilə bağlı dövlət qurumlarına çoxsaylı şikayətlər yazıb. Elə buna görə də «Park Azure» MTK-nın daxil olduğu «Yeni Həyat» şirkətlər qrupunun rəhbərliyi şikayətçini susdurmaq qərarı veriblər. Bunun üçün ona qarşı şirkətin işgüzar nüfuzunu qorumaq iddiası ilə təzminat davası açıb, 100 min manat tələb etməyə başlayıblar. Sakin Vahid Məmmədov isə «Park Azure» MTK-dan ümumi mülkiyyətdə olan Bakı şəhəri Xətai rayonu F.Qənbərov küçəsində 20 saylı evdən payına düşən ümumi sahəsi 192.8 kv.metr görə 809 min 760 manat kompensasiya və Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı fərmanına əsasən 20 fazi miqdarında satınalma qiymətinə əlavə olaraq 161.952 manat vəsait tələb edir».
Strateq.az xəbər verir ki, hazırda qarşılıqlı şikayətlər Bakı Apellyasiya Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılır: «Diqqətçəkən məqam odur ki, hakim Mədinə Bağırova Cahangir Hacıyevin istefa verdiyi günə, yəni martın 18-i, saat 15.20-yə iclas saatı təyin etsə də, həmin günü prosesi martın 31-nə təxirə salıb. Martın 31-də isə hakim prosesi aprelin 7-nə ertələyib. Həmin günü məhkəmə iclası yenə də təxirə salınıb. Bu dəfə isə iclas aprelin 22-nə keçirilib. Görünür, Bakı Apellyasiya Məhkəməsində prosesi uzatmaqla, Cahangir Hacıyevlə bağlı «bulanıq suların durulması»nı gözləyirlər».(strateq.az)