Qərib Məmmədovun komitəsilə bağlı daha bir qərar
Tarix: 14-04-2015, 10:52 | Çap et
Qərib Məmmədovun komitəsilə bağlı daha bir qərar
Fevral ayının 5-də Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin 3 dövlət qurumu arasında bölgüsü hələ də başa çatdırılmayıb.

Vertikal.az Strateq.az-a istinadən xəbər verir ki, fərmana əsasən, ləğv edilən komitənin səlahiyyətlərinin 3 dövlət qurumu - Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında iki ay ərzində bölünməsi bitməliydi. Ancaq aprel ayının 5-də aydın olub ki, ləğv edilən komitənin səlahiyyət bölgüsü ilə bağlı işləri yekunlaşdırmaq mümkün olmayıb:

«Məhz buna görə də komitə üzrə yaradılan ləğvetmə komissiyası Prezident Administrasiyasına müraciət edərək, əlavə bir ay da vaxt istəyib. Razılıq verildikdən sonra isə komissiya üzvləri bu müddətin bir ay uzadılması haqqında ümumi razılığa gəliblər. Beləliklə, təhvil-təslim işləri prezident fərmanında göstərilənlərin əksinə olaraq, may ayının 5-də başa çatdırılacaq».

Xəbəri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin bir hissəsinə sahiblənən Əmlak Məsələləri Dövlət Komitəsindən təsdiqləyiblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin fevral ayının 5-də imzaladığı fərmana əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışları və Prezident Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Əmlak Məsələləri Dövlət Komitəsinə verilib.

Ləğv edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyaları isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub.

Ləğv edilən komitənin Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Sərhəd Xidməti ilə birlikdə həyata keçirəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net