“Erməni ana əlində Quran soruşdu ki, qızımıza...”
Tarix: 14-04-2015, 09:53 | Çap et
“Erməni ana əlində Quran soruşdu ki, qızımıza...”
“Cəbhə xətti” layhəsinin budəfəki qonağı Vaqif Əlisoydur.

O, 1954-cü il oktyabr ayının 1-də Qubadlı rayonunda dünyaya gəlib. Əlisoylar ailəsi 1955-ci ildə Cəbrayıl rayonuna köçdükləri üçün Vaqif buradakı Maksim Qorki adına orta məktəbdə təhsil alaraq məktəbi fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə Azərbaycan Pedoqoji Univerisitenin Filologiya fakültəsinə qəbul olan V.Əlisoy 1976-cı ildə təhsilini başa vurub, könüllü olaraq Kəlbəcər rayonunun ən ucqar dağ kəndi olan Qaraxançallıda orta məktəb müəllimi işləməyə yollanıb. 1979-cu ildə öz doğma rayonuna qayıdıb və 1989-cu ilə qədər müəllim, sonra isə Cəbrayıl rayonunun Təhsil Şöbəsində metodist olaraq çalışır.

1988-ci ildən ermənilərin Azərbaycan torpaqlarına yönələn soyğun məqsədli hücumları kəskinləşdiyi üçün Vaqif bəy özünün gizli könülü müdafiə dəstəsini yaradır. Bu könüllü özünümüdafiə dəstələri daha sonra onlara kömək üçün göndərilmiş polis qrupu ilə birlikdə erməni kəndlərinə hücum edərək əsir götürdükləri iki ermənini onların oğurladıqları mal-qara ilə dəyişirlər. O, 1990-cı ilin 20 Yanvar hadisələri ərəfəsində Rus-Sovet hərbçiləri tərəfindən həbs olunaraq əvvəlcə Tiflisdə, sonra isə Rusiyada KQB zindanında məhkumluq həyatı yaşayır. Orada burnu sındırılır, bir gecədə paslı kəlbətinlə 18 dişi birdən çıxarılır. Verilən işgəncələrin səbəbi isə yalnız 3 maddədə gizli idi: birinci maddə, guya Cəbrayıl rayonunda Sovet hökumətinin devrilməsinə cəhd, ikinci, insanlardan kütləvi şəkildə Kommunist Partiyası biletlərinin alınaraq yandırılmasına təşviq, üçüncüsü isə, ermənilərlə milli ədavəti qızışdırmaq.
Qeyd edək ki, Vaqif müəllim bu hadisələr zamanı artıq evli idi və iki körpə övladı vardı.
- O vaxt bizim məktəblərdəki təlim silahlarını, evimizdəki qoşalülələri, kolxozlarda qarovulçulara verinlən silahları da yığmışdılar. Halbuki, ruslar ermənilərin yaşadıqları Hadrut rayonuna helikopterlərlə silah daşıyıb onları tam silahlandırmışdılar. Biz, 1990-cı il martın 18-də rəhmətlik Tofiq İsmayılovla Arif Məlikovun köməkliyi ilə azad olunduq. Rayonda ev dustaqlığı yaşayırdıq, amma qapımızdakı rus əsgərlərinə araq, çaxır verib gecələr qaçaraq öz fəaliyyətimizi davam etdirirdik. Və nəhayyət, 1991-ci ildə Hadrurt rayonunda ermənilərin yaşadığı 14 kəndi OMON dəstələrinin köməyi ilə erməni terroristlərindən azad etdik. Dinc əhalini isə İrəvana köçürdük.

Erməni qızını oğlu əsir düşmüş bir ana saxlayırdı

Mənim ilk döyüşüm 1992-ci ilin avqustunda Quşçularda olub. Dəhşətli döyüş idi. O döyüşdə 32 şəhid, 250-yə yaxın yaralımız oldu. Amma çox uğurlu əməliyyat idi. Biz orda Xocalının qisasını necə lazımdısa aldıq. Ermənilərdən çox sayda əsir də götürmüşdük. Əsirlərə insan kimi davranırdıq, amma onlar bizimkilərə dəhşətli işgəncələr verirdilər. Məsələn, bizim azad etdiyimiz Nail Məmmədov vardı, onun sinəsinə odlu dəmirlə xaç işarəsi basmışdılar. Qızlarımızın namusuna toxunurdular, qulaqlarını, burunlarını, cinsiyyət orqanlarını kəsirdilər, ürəklərini çıxarıb ovuclarına qoyurdular. Biz o əsirləri dəyişəndə bu dəhşətli səhnələrə baxmaqda çətinlik çəkirdik.
O vaxt bizimkilər kəndlərə hücum edəndə Ağcabədidə tanınmış akademik Ambarsumyanın nəvəsini əsir götürmüşdülər. Erməni qızını oğlu əsir düşmüş ana saxlayırdı. Oğlunun xatirinə qıza öz qızı kimi baxmışdı. Ermənilər də deyirdi ki, o qızı verin, biz də sizin əsirləri verək. Biz əsirləri dəsyişəndə həmin erməni qız bizim bir skelet şəklinə salınmış Teymur İbrahimov adlı əsiri görüb qışqırdı, qorxdu. Qızın ata-anası əllərində Quran mənə and verdirdilər ki, bu qıza toxunumusunuz, ya yox? Mən də dedim ki, biz ona toxunmamışıq, amma baxın, siz bizim əsiri nə günə salmısınız, bizsə sizin əsirə necə baxmışıq. Kəsəsi, həmin qızı 23 meyit və 2 canlı insanla dəyişdik. Bizim olardan fərqimiz bu idi.

Əməliyyat yarıda saxlanıldı

Cəbrayılda Şaqat yüksəkliyi deyilən bir yer var idi. Ora əvvəl bizdə idi, amma Hadrutda rusların sərhəd qoşunlarının xüsusi təyinatlı bir dəstəsi var idi və onlar hücum edərək o yüksəkliyi alıb ermənilərə təhvil vermişdilər. Biz Cəbrayıl rayonunda ermənini bir qarış da irəli buraxmamışdıq. Özümüzü necə lazımdır, müdafiə edirdik və ən uğurlu əməliyyatımız da “Sur” əməliyyatı olmuşdu. Həmin əməliyyat sayəsində 15 erməni kəndini alaraq nəzarətimizdə saxlamışdıq. Amma təəssüf ki, “Sur” əməliyyatları yarıda saxlanıldı. Saxlanılmasaydı, hər şey fərqli ola bilərdi.

15 yaşlı əsgərimiz qollarımda şəhid oldu... Xocalı qisası...

Bir günə mənə xəbər verdilər ki, Bakıdan bir vaqon əsgərlik yaşına çatmayan gənc gəlib. Gəlib gördük ki, bunlar 15 yaşlarında ancaq olarlar. Nə qədər israr etdik ki, qayıdın gedin evinizə, dedilər ki, yoxe, icazə verin heç olmasa patron daşıyaq, kiçik işlərə yarıyaq. Maşallah, hamısı da zirək uşaqlar idi. Bizdə Cəbrayıl rayonunun Qaracalı kəndindən 15 yaşlı uşaq vardı, adı Samir idi. Nə qədər deyirdik ki, get dərslərini oxu, getmirdi. Bütün döyüşlərə qatılırdı. Silahlardan da tam istifadə edə bilirdi. Cəbrayıla sonuncu hücum olanda mənim qollarımda şəhid oldu. Sonuncu sözü də bu oldu ki, qoyma mən ölüm, Xocalının qısası tam alınmayıb axı!

Cəbrayıl tərəfdən futbol oynayan Levon

Bir dəfə də belə oldu. Ermənilərlə əsir dəyişmə zamanı, təsadüfən, uşaqlıqda birlikdə futbol oynadığım erməni ilə görüşdüm. Həmin vaxt fikir verdim ki, onlardan biri gözlərini zilləyib, mənə baxır. Mən də ona tərəf baxdım. Oxuculara qəribə gələ bilər, amma bu, birdən üstümə cumub məni qucaqladı. “Vaqif, Vaqif”, - deyə qışqırdı. Yadıma düşdü ki, bu, Levondur. Məni qucaqlayıb, əl çəkmirdi. Bizim uşaqların hamısıyla da duz-çörək kəsmişdi. O vaxt biz Hadrutun komandasıyla fudbol oynayanda Levon cəbrayıllıların tərəfindən oynayırdı. Deməyim odur ki, onların içində də belələri var. Gedib arvad-uşağını da gətirib mənimlə görüşdürdü. Məncə, onları içəridən ələ alıb, qələbə qazanmalıyıq. Qələbənin bir yolu da budur.

Bizimlə ermənilər yox, ruslar döyüşürdü

Bir nüansı da əlavə edim ki, bizim tərəfdə qadın döyüşçülər də var idi. Biz onlarsız, demək olar ki, heç nə idik. Hər dəfə hücuma keçəndə yanında bir xanım döyüşçünün olması bilirsinizmi nə deməkdir?! Bizə ruh yüksəkliyi verirdilər. Onlara çox şey borcluyuq. Mən açıq deyim ki, Cəbrayıl xanımları əsl qəhrəmandırlar. Onlar həmişə bizim yanımızda olublar. Onların bizimlə döyüşməsi nizam-intizamın da yaranmasına kömək edirdi.
Açığını deyim ki, bizimlə ermənilər yox, Hadrutdakı xüsusi rus təyinatlıları döyüşürdü. Nəzarətimizdə olan Daşbaşı postunda 15 əsgərimizi vəhşicəsinə öldürüb, başlarını kəsmişdilər, ürəklərini çıxarmışdılar. Elə uşaqlar var idi ki, təslim olmayıb özünü partlatmışdı. Onlar həmişə bizim meyitləri aparırdılar, bu dəfə aparmamışdılar. Hücum edib oranı həmin dəqiqə aldıq. Amma təcrübəsiz əsgərlərimiz meyitləri görəndə qorxdular.

400 nəfərlə hücum etdik

Şişqaya yüksəkliyindən bütün Hadrut yolu görünürdü. Oranı ələ keçirib, hər yerə nəzarət etmək istəyirdik, amma bu qısa müddətdə ermənilər dağların başıyla özlərinə yollar çəkmişdilər. Biz oraları görəndə dəhşətə gəlmişdik. Bu Şişqayadakı əməliyiyyatımız “Ağ yol” əməliyyatı adlanırdı. Səhər tezdənən 400 nəfərlə hücum etdik. Əməliyyata indiki general Heydər Piriyev başçılıq edirdi. Amma uğursuzluğa uğrayıb, 26 şəhid verdik. Əməliyyat, vaxtından tez başladığı üçün uğursuzluqla nəticələndi. İnanın, ermənilərin o qədər çox itkiləri var idi ki, onlar əsəbdən bizim meyitləri yandırmışdılar. Bu vəhşilikləri edənlər əsasən İrəvan erməniləri idi. Onların əksəriyyəti Daşnaqsütyun partiyasının üzvləri idi.

Türk-erməni fərqi

Bizim döyüşçülərlə erməni döyüşçülərinin fərqi bilirsimi nədədir? Bizim onlarla fərqimiz ondadır ki, biz qorxmazıq, sadəcə, avtomatla erməninin tanklı döyüşçüsünü məhv edə biləcək qədər üstünük. Məsələn, bizim əsgərlər mühasirəyə düşüb, patronları bitənə kimi döyüşüb, sonra patron qurtaranda iki döyüşçümüz Qarabağ şikəstəsini oxuya-oxuya ermənilərin üstünə gediblər. Bunu mənə əsirləri dəyişəndə erməni zabiti dedi. Bu, erməninin etirafı idi. Bax, budur fərq.

Rejissor olsam...

Müharibə filmi çəksəm, o filmi necə çəkərdim? Əsil həqiqətləri çəkərdim. O həqiqətləri ki, bizi məğlub duruma gətirib çıxarıb. Belə deyim də, mən “Fəryad” filminə də baxmışam, son dövrlər Aqil Abbasın ssenarisi əsasında çəkilmiş “Dolu” filminə də. Əsil döyüş səhnələrini orda görmüşəm. “Dolu”dakı döyüş səhnələri bizim döyüşlərlə birə-bir eynidir.

Gənclərimizə...

Əvvəla onu deyim ki, bugünkü gənclikdən razı deyiləm. Bu televiziya kanalları gənclərimizi məhv edib. Vətənpərvərlik çox aşağı səviyədədir. 90-cı illərin gənclərini görmürəm. Gənclərə deyirəm ki, mən qələbəyə gedən yolu görürəm. Bugünkü gənclər yox, biz döyüşüb şəhid olmalıyıq. Bu döyüş bizim nəslin boynuna yazılıb. Biz başladıq bu döyüşü, biz də bitirməliyik. Bir də hökumətimizə çağrış edirəm: ölkəmizdə Avropa Oyunları keçiriləcək. Xaricdən çox sayda idmançı gələcək. Nə qədər gec deyil, şəhərin müxtəlif yerlərində xaricilərə Qarabağ həqiqətlərindən danışan maarifləndirici lövhələr yerləşdirək.
Son olaraq, hər gün ilk açıb oxuduğum Axar.az saytının rəhbərliyinə və kollektivinə bu layihə ilə bizi bir daha xalqa xatırlatdığı üçün təşəkkür edirəm.

Sonuncü döyüş

1993-cü il avqust ayının 23-dən sonra tərxis oldum. Döyüşlərdən qayıdandan sonra bir müddət gizli yaşadım. Haqqımda səhv məlumatlar verilmişdi. Hətta döyüşə-döyüşə məni həbs etmək isdəyirdilər. Daha sonralar üzə çıxdım. Bütün Cəbrayıl döyüşlərindəki həqiqətləri əks etdirən silsilə yazılar, məqalələr yazdım. Qarabağı geri qaytarana kimi yaşamağa məhkumuq...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net