Aydın Mirzəzadə: “Ermənistanın daxilində ağır problemlər yaranacaq"
Tarix: 13-04-2015, 18:11 |
Çap et
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə çox düzgün qiymət verdi”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
YAP rəsmisinin sözlərinə görə, iclasda Ermənistanda bugünkü vəziyyət, onun Dağlıq Qarabağ problemi ilə bağlı apardığı siyasətin politoloji aspektləri düzgün qiymətləndirildi: “Bu gün Ermənistan dövlətçiliyi normal sivil prinsiplər üzərində deyil, orta əsrlər təfəkkürü ilə qurulub. Qonşu dövlətlərin Azərbaycan və Türkiyəyə ərazi iddiaları, ölkəmizin ərazi bütövlüyünü tanımaması, totalitar, militarist bir siyasi hakimiyyətin qurulması son nəticədə Ermənistan dövlətçiliyinə böyük böhran yaşadır. Rəsmi İrəvan qonşu dövlətlərlə normal siyasi və iqtisadi münasibətlərlə inkişafını təmin etməkdənsə, ölkənin öz potensialından yuxarı silahlanmasına, beynəlxalq hüquq normalarının kobud sürətdə pozması prinsipi ilə öz həyatını qurur. Bu isə nəticədə Ermənistandan əhalinin köçüb getməsinə, iqtisadiyyatın böhran keçirməsinə, gələcəyində hər hansı bir prespektivin olmamasına gətirib çıxarır. Bu gün Ermənistan hakimiyyəti özünün resursları ilə deyil, əksinə xaricdə erməni dairələrinin və müəyyən ermənipərəst dairələrin köməkliyi ilə özünün problemlərini həll etməyə çalışır. Məhz bu səbəbdəndir ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyün tanımır və DQ-nın həllinə dair rasional təklifləri qəbul etmir".
A. Mirzəzadə qeyd edib ki, ümumiyyətlə Ermənistan özünü çox qeyri-ciddi bir dövlət kimi tanıdıb: "Hətta o, danışıqlarda razılığa gəldiyi prinsiplərdən sonradan imtina edir və bütün danışıqlar prosesini yenidən başlamağa cəhd edir. Apardığı siyasətin nəticəsidir ki, bu gün Ermənistan beynəlxalq aləmdə nüfuzsuz qeyri-ciddi bir ölkə kimi tanınmağa başlayıb. Düzdür, onun apardığı siyasət münaqişənin həllini uzadır. Amma o, Azərbaycan dövlətindən daha çox özünün inkişafına ciddi zərbə vurur. Bu gün bir çox beynəlxalq politoloji mərkəzlər Ermənistanın bir dövlət kimi prespektivini görmədiklərini açıq-aydın bildiriblər. Əlbəttə ki, bunun kökündə Ermənistanın qonşu dövlətlərə çox aqressiv siyasəti durur. Müstəqilliyinin 24 ili ərzində ölkənin əhalisi 50 faizə qədər azalıb. Burada hər hansı bir ciddi investisiya qoyuluşundan danışmağa dəyməz. Ölkə ərazisindəki infrastrukturlar, strateji obyektlər dəyər-dəyməzinə xarici şirkətlərə satılır. Hər hansı bir inkişafın olmaması Ermənistan cəmiyyətində hakimiyyətə qarşı böyük inamsızlıq ruhu yaradıb. Hətta bu gün Ermənistan rəhbərliyinin özü də rəsmi İrəvanın bir gələcəyi olmadığını bildirirlər. Hesab edirəm ki, aparılan siyasət Ermənistanın daxilində hələ bundan da ağır problemlər yarada biləcək”.