Əli Mirəliyev Aşıq Ədalətdən danışıb, Aygünü ittiham etdi
Tarix: 13-04-2015, 18:00 | Çap et
Əli Mirəliyev Aşıq Ədalətdən danışıb, Aygünü ittiham etdi
ATV-də yayımlanan “Səbəbkar” verilişinin qonağı olan Aşıq Ədalət Aşıq Namiqin və rəqqasə Aytənin ünvanına efirdə söyüş xarakterli ifadələr işlətdi. Olaydan sonra yaranan qalmaqal birmənalı qarşılnamayıb.

Bir çox ziyalı şəxslər, o cümlədən, yazarlar ustad aşığın bu hərəkətini pisləyib, hansısa qadının arxasınca söyüş xarakterli ifadələrin işlədilməsinin qəbuledilməz olduğunu bildiriblər. Üstəlik, adıçəkilən verilişin aparıcısı və iştirakçıları da mətbuatda, sosial şəbəkələrdə tənqid olunublar.

Müğənni Əli Mirəliyev isə ustad aşığın hərəkətinə bəraət qazandırıb. Bu barədə musavat.com-a danışan müğənni olayı belə şərh edib: “Dədə Aşıq Ədalət bu sənətdə öz sözünü demiş bir sənətkardır. Onun adi təhqiri belə, bizə öyüd, nəsihətdir. Əgər o, məsələyə bu cür yanaşıbsa, deməli, belə də qəbul etməliyik. Görünür, ustad olanlara göz yuma bilməyib, səhv yolla addımlayan gənc nəsli doğru yola çəkmək istəyəndə əsəbləşib, hisslərini cilovlaya bilməyib. Unutmaq olmaz ki, onun xeyli yaşı var. Yaxından tanıyanlar da bilirlər ki, ustad xəstədir. Məsələni şişirdib, onu incitmək olmaz”.

Əli Mirəliyev saz havası ilə göbək rəqsi oynayan rəqqasəni də qınayıb: “Təzə çıxıb, saz havası ilə göbək rəqsi oynamaq, bu da yeni əməldir? Efir sahiblərindən soruşmaq lazımdır, “xeyir ola, bu göbək rəqslərini niyə belə təbliğ edirsiz?”.

Rəqqasələr əndamlarını istədikləri kimi oynadıb, pul qazanmağa çalışırlar. Qoy, onlar gedib, başqa havaya rəqs etsinlər. Onların nə həddinə ki, artıq sazımıza əl atırlar. Ululardan bizə əmanət olan bu sənəti bu qədər cılızlaşdırmaq kimə və nə üçün lazımdır?

Şou-biznes aləmi indi də saz sənətindən “qaz vurub, qazan doldurmaq” istəyir. Bəzi biabırçı xalq artistləri, o cümlədən, başda Aygün Kazımova olmaqla, onlar bizim mentalitetə zidd gələrək, efirlərdə soyundular, bu da axırı... Artıq saz havası ilə göbək rəqsi oyanayanlar meydan sulayırlar. Görək, sonra nə icad olunacaq?”

Xatırladaq ki, bu günlərdə ATV-də yayımlanan “Səbəbkar” verilişində qonaqlar sırasında olan Aşıq Ədalət proqramda aşıq Namiqin sazda ifasının sədaları altında rəqqasə Aytənin göbək rəqsini görüb, bərk əsəbləşib. Elə o an əsəblərini cilovlaya bilməyən Aşıq Ədalət aşığın və rəqqasənin ünvanına təhqiramiz ifadələr işlədib. Proqramın digər iştirakçıları isə bunu gülüşlə qarşılamışdılar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net