“Volqada saya oturan gəmidəki azərbaycanlılara təhlükə yoxdur”
Tarix: 13-04-2015, 17:08 |
Çap et
“Kimsə deyir ki Volqa çayında Azərbaycana məxsus gəmi batıb, bu yalan informasiyadır. Hal-hazırda Volqa çayı quruyub”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC sədrinin köməkçisi Vüqar Sadıqov bir həftədən çoxdur ki, Volqa çayında hərəkətsiz qalan gəmi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Vüqar Sadıqov heyət üzvləri ilə bağlı da heç bir təhlükənin olmadığını vurğulayıb.
“Əvvəla, hündürlüyü 20 metr olan gəmi bata bilməz. Sadəcə, “Teymur Əhmədov” gəmisi saya oturub. Yəni gəminin altı quma dəyib. Sonra gəlib həmin gəmini çıxarıblar. İndi həmin yer dayazdır. Cəmi 2 metr dərinlik var. Çayda su olmadığından gəmi üzə bilmir. Ona görə də Rusiya tərəfi oranı qazımağa başlayıb. Hal-hazırda gəmi lövbərdə dayanıb və orda heç bir təhlükə yoxdur. Gəmi heyəti hər bir şeylə təmin olunub. Gəminin hər bir ehtiyatı var. Bizim orda agent tərəfdaş şirkətlərimiz də var. Onlar gəmidə necə yaşayıblarsa, eləcə də yaşayırlar. Sadəcə, hərəkət etmirlər. Çünki oranı qazıb dərinləşdirmək lazımdır. Ekipaj üzvünün təhlükəli məqamla üzləşməsindən söhbət gedə bilməz. Volqa çayında su az olduğundan “Teymur Əhmədov” gəmisini Xəzər dənizinə çıxarmaq mümkün deyil. Çünki gəminin altı yenə yerə dəyəcək. Sadəcə olaraq üzə bilcəyi kanal var ki, onu qazmaq lazımdır. O da Rusiyanın səlahiyyətindədir. Həştərxan limanının rəhbərliyi bunu etməlidir. Onlar da üzərlərinə düşən işi yerinə yetirirlər. Bunun üçün bir az vaxt lazımdır. Həmin yer qazılıb qurtarandan sonra bizim gəmi də yola çıxacaq”.
Azərbaycana məxsus gəminin ekipaj üzvlərinin qohumları Modern.az-a açıqlamalarında sadəcə narahat olduqlarını dilə gətiriblər.
“Bizim narahatçılığımızı nəzərə alıb əlaqə saxlayan hər kəsə minnətdarıq. Yaxınlarımızın təhlükə ilə üz-üzə qalmadığını eşidib çox şad olduq”.
Qeyd edək ki, bir həftə bundan əvvəl Azərbaycana məxsus və içərisində 15 azərbaycanlı olan “Teymur Əhmədov” gəmisinin Volqa çayında təhlükə ilə üzləşdiyi deyilib.