Naxçıvanda zabiti vurublar, amma cinayət işi açmayıblar - Şikayət
Tarix: 13-04-2015, 15:25 |
Çap et
Bakı şəhər sakini Novruz Hüseyn oğlu Orucov Mia.az vasitəsiylə prezident İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova, baş prokuror Zakir Qaralova və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova müraciət edib.
Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən hərbi təhsilli, 1986-cı il təvəllüdlü Novruz Orucov yazır ki, o, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən N saylı hərbi hissəsində taqım komandiri olub:
«Hörmətli prezident, cənab Ali Baş Komandan!
8 il yüksək hərbi təhsil aldıqdan sonra leytenant rütbəsiylə Naxçıvanda yerləşən N saylı hərbi hissəyə təyinatım veriləndə, Azərbaycan ordusunda xidmət edəcəyim üçün böyük qürur və şərəf hissi keçirirdim. İndi də bundan qürur duyur və fəxr edirəm ki, 8 il hərbi təhsil aldıqdan sonra 5 il də ordumuzun sıralarında ləyaqətlə qulluq eləmişəm.
Hörmətli Ali Bş Komandan!
Xidmət dövründə Nizamnamə tələblərinə ciddi əməl elədiymə görə mənə qarşı məqsədli plan quruldu. Üzümə bir neçə əsgəri durdurub, guya onları döyməyim haqqında şikayət təşkil olundu. Buna görə cəzalandırıldım da. Eybi yox. Əgər mənim Nizamnaməyə əməl edilməsi tələblərim belə qiymətləndirilibsə, buna da etirazım yoxdur. Amma mənim bir qəza nəticəsində üzləşdiyim vəziyyətə bu günə qədər biganə yanaşılmasını isə qəbul etmək çətindir».
Novruz Orucov bildirir ki, 19 oktyabr 2013-cü il tarixində gecə saat 23 radələrində Şahbuzda yaşadığı evdən çıxıb, bərbərə gedərkən yolun piyada səkisində onu QAZ-31 markalı maşınla vurublar:
«Məni vuran maşın hadisə yerindən qaçıb. Hərbi hissənin yaxınlığında olanlar ardıycan gedərək, onu tutublar. Məni isə xəstəxanaya çatdırıblar. 3 gün komada olmuşam. Hadisə vaxtı atam orada olub. Atama Şabuz rayon prokuroru və rayon polisinin rəhbərliyi bildirib ki, mənim həyatım üçün nə lazımdırsa ediləcək, günahkar isə cəzalandırılacaq. Ancaq bu günədək hadisə ilə bağlı cinayət işinin açılması və yaxud hansı tədbirlər görülməsi haqda heç nə yoxdur.
Özüm isə 3 gün ərzində komada qalsam da, aydın olub ki, Naxçıvanda mənim müalicəm mümkün deyil. Məni atamın israrı nəticəsində Bakıya hospitala gətiriblər. Burada omba çanağımın dağılması, aşağı orqanlarımın sıradan çıxması və digər aldığım çoxsaylı xəsarətlərə rəğmən, həkimlər məni komadan çıxararaq, həyata qaytardılar. Uzun müddətli müalicə nəticəsində yarımcan olsam da, Allah məni iki övladıma bağışladı. Ancaq orduya daha yararsız olduğumdan məni tərxis elədilər. Bu gün də dava-dərman və mütəmadi müalicə kursları ilə yarımcan yaşayıram. Həkimlər qəza nəticəsində aldığım bəzi xəsarətlərin bərpasının qeyri-mümkün olduğunu bildiriblər.
Məni ən çox ağrıdan hal isə bu günədək Naxçıvanın hüquq-mühafizə orqanlarının, həmçinin Şahbuz prokurorluğu və polisinin bu hadisə ilə bağlı cinayət işi açıb, təqsirkarı cəzalanırmamalarıdır. Bəli, bu işlə bağlı nə məndən, nə də ailə üzvlərimdən də izahat alınmayıb. Nə də təqsirkarın cəzalandırılması üçün hər hansı bir addım atılmayıb.
Tam əksinə, mənə həddə-qorxu gələrək, «get, nə bilirsən, elə» deyirlər. Hadisə vaxtı söz verən Şahbuzun prokuroru isə bir neçə ay əvvəl dedi ki, bu iş onluq deyil. Məhz bu tip yanaşma məni vuran sürücünü arxayınlaşdırıb, özümü isə daha gərgin duruma sürükləyib».
Zabit bildirir ki, onu vuran Şabuzun Qarabba kəndinin Elşad adlı sakinidir:
«Hadisə yerində qaçsa da, bu addamı tapmaq mümkün oldu. Mən komada olduğum ərəfədə qohumlarının vasitəsiylə 300 manat müalicəmə, 500 manat isə Naxçıvandan əşyalarımın gətirilməsi və sair məsələlərin həllinə köməklik göstərdikdən sonra yoxa çıxıblar. Bir dəfə isə Bakıya hospitala gələn qohumları müalicəm üçün kömək göstərəcəkləri vədini verərək, o vaxtdan aradan çıxıblar. İşsiz, yarımcan adamam, ailəmin də maddi imkanları tamam tükənib. Mənim bütün müalicə prosesim tam olaraq ailəmin gücü ilə həyata keçirilib. Ancaq daha ailəmin də imkanları yoxdur. Mən isə ən elementar ehtiyacımı təmin etmək üçün nəinki gəzə, heç bir qurtum su da içə bilmirəm. 29 yaşım var, iki övladım olsa da, buna görə ən yüngül işdə işləmək hüququmu itirmişəm. Çarəsiz vəziyyətdə olsam da, məni vuran sürücü nəniki dəstək olmaqdan, hətta qanundan da gizlədilib. 2-3 ay bündan əvvəl isə qohumlarına zəng elədik. Zəngimizə şantajla, hədəylə cavab verdilər. Dedilər ki, ölməmisənsə, şükür elə. Axı, bun ə deməkdir? Niyə Naxçıvanın hüquq-mühafizə orqanları indiyədək bu işi araşdırmaqaan yayınıb?».
Novruz Orucov deyir ki, hadisədən bu günədək Müdafiə Nazirliyinə üz tutmayıb:
«Amma indi məcburam. Mən zabit kimi vurulmuşam. Ailəli, iki övlad atasıyam. Əmək hüququm tam itib. Heç bir yerdən köməyim yoxdur. Hətta İcra Hakimiyyətinə ev növbəsinə durmaq istədim, amma buna da «qırmızı işıq» yandırıldı. Üzümü cənab nazir Zakir Həsənova da tutub, üzləşdim hadisəni və mənim vəziyyətimi nəzarətə götürmələrini xahiş edirəm. Eyni zamanda, məni vüran sürücünün barəsində qanuni tədbir görülməsinə kömək göstərilməsini istəyirəm».