Fəlakət: "Heç vaxt polis olmaq istəməzdim"
Tarix: 13-04-2015, 15:19 | Çap et
Fəlakət: "Heç vaxt polis olmaq istəməzdim"
Vertikal.az “Fəlakət” obrazı ilə geniş kütləyə tanınan aktyor Elşən Orucovun ATV.az-a müsahibəsini təqdim edir:
- Elşən, dostun Ramil, yəni “Şöşü”, mənimlə söhbətdə, etiraf etdi ki, “Şəmi” ilə “Şöşü”nun paltarları indiyə qədər yuyulmayıb. Sənin personajın olan “Fəlakətin” də paltarları belə vəziyyətdədır?
- Yox, mən görəndə ki, vəziyyət dözülməzdir, yuyuram (gülür).
- Yaxşı, bəs qalan paltarlarını kim yuyur?
- Subay olduğum üçün bu işi anam boynuna götürüb. Ancaq 30 yaşında kişinin anasına paltar yuduzdurmağı nə qədər düzgündür? Üstümə elə məsələ ilə bağlı gəlirsiniz ki… (gülür). Bu məsələ indi çox aktualdır və əlbəttə, məni düşündürməyə bilməz. Prinsipcə, üstümə gəlməsələr də, bu haqda daim fikirləşirəm.
- Lakin elə ancaq fikirləşirsən…
- Adam var, 35 yaşı olsa da, bu barədə heç fikirləşmir. Bəli, boynuma alıram ki, nə yemək bişirə bilirəm, nə də bu vaxta qədər corab yumuşam. Neyləyim indi? Mənimki də belə gətirib… Ona görə deyirlər ki, səndə “Fəlakət”dən nəsə var. Deməli, var ki, deyirlər (gülür).
- Yaxşı, onda gəl, bir az da “Fəlakət”dən danışaq. Personajının adı necə yarandı? Axı, Azərbaycanda, ümumiyyətlə, belə ad yoxdur…
- Mənim qəhrəmanım layihəyə çıxanda, yəni 2011-ci ildə, adı yox idi. Təsədüfən yaranmış adsız bir personaj idi. Sonra İlkin adımı “Fəlakətov Daşqın” qoydu, ardından da qısaldıb “Fəlakət” elədi. Və zaman göstərdi ki, seçim ugurlu oldu.
- Bu obrazın konkret prototipi var?
- Yox, “Fəlakət” obrazı yıgmadır, lakin, inandırım sizi, mən özüm də dəfələrlə ona bənzər insanlara rast gəlirəm və çalışıram ki, onlardan da nəsə təzə şey götürüm.
- Bəs “Fəlakət” kimi, yumşaq desək, agıldan kəm bir personajın kütlənin sevimlisinə cevrilməsi cəmiyyətimizin fəlakəti deyil ki?
- Əslində, bu məsələ məni də cox maraqlandırırdı.Yəni, təsadüf nəticəsində yaranmış Fəlakətin qısa bir zamanda nə səbəbdən bu qədər populyar olmağı məni düşündürürdü. Fəlakət, loru dildə desək, “tupoy” olsa da, çox saf bir insandı. Onun əlindən heç kəsə pislik etmək gəlmir.Və onun bu saflığı insanları cəlb edir, onu hamıya sevdirir. Bu adam ancaq öz ideyaları ilə yaşayan insandır. Hamı bilir ki, Fəlakət hec kəsə kələk gələ bilməz.
- Ölkədə geniş yayılmış “Fəlakət” marketlərin və kafelərin hansınınsa sənə bir adiyyatı var?
- Yox. Mən özüm də hərdən narahat olmaga başlayıram ki, hansısa bir ticarət obyektini və ya restoranı mənim adımla bağlayırlar. Lakin camaata “Fəlakət” obrazı ilə bağlı hansısa bir obyekt açmağı qadağan etmək fikrim də yoxdur. Başa düşürəm ki, hamı beş-üç manat çörəkpulu qazanmaq istəyir, sadəcə, olaraq, fikirlərini əvvəlcədən bizə bildirib halallığını alsalar, daha yaxşı olardı. Başqa onlardan heç kim, heç nə istəmir.
- Xörək bişirməyi bacarmırsan, paltar yumağı bacarmırsan. Sən daha nəyi bacarmırsan?
- Cox şeyi… Məsələn, xəstəxanaya heç girə də bilmirəm. Kiminləsə məcbur olub ora gedəndə, dəhşət bir abi-havaya düşürəm.Və bu abi-havadan bütün günü çıxa bilmirəm.
- Sən professional kino və teart aktyorusan, yəni İncəsənət Universitetinin bu fakultəsini bitirmisən. Səhv etmirəmsə, aktyor kimi teatrda fəaliyyə başlamısan…
- Nə qədər pis səslənsə də, o sahədən iyrənib tam uzaqlaşmağı qərara aldım. Bir müddət Gənc Tamaşaçılar Teatrında calışıb anladım ki, teatr “bataqlıqdı”. Tanınmış insanları yaxından tanıyandan, onların sənəti kənara qoyub biri-birləri ilə intriqalara necə baş qoşduqlarını görəndən sonra çox sevdiyim peşədən iyrəndim. Orada gördüklərim məni çox məyus etdi. Və nə yaxşı ki, teatrdan uzaqlaşmaq qərarına gələndən sonra ordakılar məni çox gözəl başa düşdülər.
- Bu yaxınlarda cəkildiyin “Bozbaş pikçersin” məhsulu olan “Ay, brillant” filmi baradə nə deyə bilərsən?
- Onu deyə bilərəm ki, beş cavan oğlanın belə bir film ortaya qoymağının özü də böyük bir işdir. Biz bundan da yaxşısını çəkmək istəyirik.
- Beş oğlanın bu filmini beş ballıq sistemlə qiymətləndirsək, özün filmə neçə bal verərsən?
- Təmiz dörd bal.
- Sizin “beşliyin”, xüsusən də şəxsən sənin gözəl oyunun olmasaydı, filmə üçdən cox bal vermək olmazdı…
- Şükür Allaha, bizim “beşliyin” oyunu ilə bağlı heç kəs bir problem görməyib. Problem ondadır ki, heç bir rejissor öz işinin zəif olmasını etiraf etmir. Və hamı da komediya çəkir. Hamı da deyir ki, “məndən yoxdur!”. Yaxşı ki, bizim rejissor belə demədi.
- Deməli, ikinci filmi də Kənan M. M. çəkəcək?
- Yox, ikinci filmi başqa bir rejissora, ən yaxşılardan olan rejissora verəcəyik ki, film də yaxşı alınsın. İndi belə bir insanın axtarışındayıq.
- Və, nəhayət, sonuncu sual. Sənə nə qədər maliyyə rahatlığı və uğur gətirsə belə, hansı peşədə özünü, ümumiyyətlə, görmürsən?
- İstəməzdim, kiminsə xətrinə dəyim, lakin bir peşə var ki, orada özümü heç cür görmürəm. Heç vaxt polis olmaq istəməzdim. Əslində, bu çox gözəl bir peşədir, lakin mənlik deyil.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net