Əyyub Kərimov: “Şərif Əsədullayevin özünün də istefa verməsi mümkündür”
Tarix: 13-04-2015, 10:25 |
Çap et
Məlum olduğu kimi, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev aprelin 10-da “Senator” restoranında baş verən dava-dalaşa qatılmaqda və bir nəfəri bıçaqlamaqda ittiham olunur. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, hazırda faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Prokurorluğun məlumatına görə, Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub, Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.
General oğlu ilə bağlı məlum informasiyanın ictimaiyyiləşməsindən sonra məsələyə münasibət bildirən millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə maraqlı açıqlama ilə çıxış edib. Millət vəkili axar.az-a açıqlamasında qeyd edib ki, “İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi general Şərif Əsədullayevin öz doğma oğlu Tamerlan Əsədullayevi həbs etdirməsi bir məmurun bəzilərinə nümunə sayıla biləcək addımıdır”.
Millət vəkilinin bildirdiyinə görə, oğlunun həbs istəyi elə generalın özündən gəlib: “Tamerlan Əsədullayev restoranlardan birində baş verən davanın iştirakçısına çevrilib. Şərif isə onun xuliqanlıq hərəkətini həm illərdir hüquq-mühafizə orqanlarında çalışan biri, həm də ata kimi qəbul etməyib. Adətən bu cür hallarda bəzi məmur atalar övladlarını məsuliyyətdən yayındırmaq üçün xahişlər edirlər, Şərif isə övladını həbs etdirmək üçün xahiş edib. Bu, həm də ictimaiyyətə bir mesajdır, bir generalın qanunsuzluğa qarşı münasibətinin bariz nümunəsidir”.
Maraqlıdır, Ş.Əsədullayevin cinayətdə ittiham edilən övladının həbsini xahiş etməsi onu digər məmurlar üçün nümunəyə çevirə bilərmi? Cinayətə yol verən bir şəxsin həbsi qanunun tələbi deyilmi? Bunun üçün hökmən hansısa generalın məxsusi iradə sərgiləməsi lazımdırmı? Son vaxtlar məmurların övladlarının qanunsuzluğuna görə işdən azad edilməsinin ənənəyə çevrildiyi Azərbaycanda məlum olaydan sonra polis generalının da vəzifədən uzaqlaşdırılacağı gözləniləndirmi?
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən hüquqşünas Əyyub Kərimov baş verən olayın Ş.Əsədullayevin nüfuzuna mənfi mənada ciddi təsir göstərəcəyini vurğuladı. Ə.Kərimovun sözlərinə görə, əgər T.Əsəsdullayevin həbsi həqiqətən də Ş.Əsədullayevin xahişi səbəbi ilə reallaşıbsa belə, burada fəxr ediləsi, örnək olası heç nə yoxdur: “Mən Çingiz bəyin açıqlaması ilə tanış deyiləm. Lakin şübhəsiz ki, baş verən bu hadisə mənfi imic gətirən bir olaydır. Daxili işlər orqanları kimi ciddi bir qurumda rəhbər vəzifədə olan şəxs öz övladının öhdəsindən gələ bilmirsə, öz övladının həbsini xahiş edirsə, burda yaxşı heç nə yoxdur. Bu, həmin general haqqında da istər-istəməz mənfi imic yaradır. Əgər oğlunun həbsini general özü xahiş edibsə belə, bu nəyi dəyişir ki? Övladın pis işi ataya heç vaxt başucalığı gətirmir. Əgər kimsə fərqli cür düşünürsə, bu onun öz işidir. Hamı eyni cür düşünə bilməz ki...”
Ş.Əsədullayevin vəzifədən uzaqlaşdırılması ehtimalına gəlincə, Ə.Kərimov bu ehtimalın reallaşması məsələsində qəti nə isə deməyin çətin olduğunu bildirdi. Hüquqşünasın fikrincə, indiki məqamda Ş.Əsədullayevin özünün də istefa verərək vəzifədən getmə ehtimalı var: “Polis generalının vəzifədən uzaqlaşdırılması gündəmə gələ də, gəlməyə də bilər. Lakin istənilən halda o imic ciddi şəkildə zədələnib. Bu şəxs DİN-nin əsas idarələrindən birinin rəisidir. Bu, xırda sahə deyil. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, baş cinayət axtarış idarələrindən sonra hesab edirəm ki, DİN-nin əsas idarələrindən biridir. Indi özünüz düşünün. Onun oğlu xuliqanlıq və ya hər hansı bir maddə ilə həbs olunubsa, bu barədə mətbuat yazırsa, daha sonra onun məhkəmə prosesi keçirilirsə, məsələ ictimaiyyiləşirsə, o, rəhbərlik etdiyi kollektivdən nə tələb edə bilər? Yaddaşım məni aldatmırsa, ötən il Bakı Şəhər Prokurorluğunda da bir hadisə baş vermişdi. Rəhbər vəzifədə təmsil olunan şəxslərdən birinin övladı internetdə avtomobillərini nümayiş etdirmişdi və nəticədə həmin rəhbər şəxs istefa verərək vəzifədən getmişdi. İndi sözügedən polis rəisi vəzifədən azad edilməsə də, tutduğu postdan özü də istefa verərək gedə bilər”.
Ə.Kərimovun sözlərinə görə, cinayətkarlıqla mübarizə aparan bir qurumda önəmli post tutan hər hansı bir şəxsin övladının məhkəmə qarşısında dayanması həmin şəxsin bu quruma rəhbərliyi üçün mənəvi baxımdan da problem yaradır:
“DİN cinayətkarlığa qarşı mübarizə aparan bir orqandır. Bəzən qarışdırırlar və hesab edirlər ki, cinayətkarlığa qarşı mübarizəni məhkəmə aparır. Bu, belə deyil. Cinayətkarlığa qarşı mübarizə aparan bir qurumda rəhbər vəzifə tutan şəxsin oğlu məhkəmə qarşısında dayanırsa, bu onun imicinə yalnız və yalnız mənfi mənada təsir edə bilər. Bu baxımdan mümkündür ki, general istefaya da getsin. Ümumiyyətlə, bu cür vəziyyətlərdə çox az çıxış yolu olur. Övladı hansısa cinayətdə ittiham olunan bir şəxs necə deyə bilər ki, mən cinayətkarlıqla mübarizə aparıram?”
Ə.Kərimovun qənaətincə, insan alverinə qarşı mübarizənin mahiyyət və xarakteri bu sahəyə adı hansısa neqativ məsələdə hallanmayan, hər kəsin dürüstlüyündən şübhə etmədiyi şəxsin rəhbərliyini zəruri edir: “Insan alverinə qarşı mübarizə çox incə bir sahədir. Bu sahəyə istər əxlaqi, istərsə də digər sahələrlə bağlı heç bir problemi olmayan şəxs rəhbərlik etməlidir. Şəxsən mən belə düşünürəm”.