“Ağlıma gəlməzdi ki, yazı-pozu adamı olacağam…”
Tarix: 13-04-2015, 10:13 |
Çap et
Yazar Lətifə Nuran bu günlərdə 4 yeni kitabla oxucularının görüşünə gəldi. Çoxdan idi ki, ədəbi mühitdə görünmürdü. Elə budəfəki qonağımıza ünvanladığım ilk sualdaca bunu öyrənmək istədik.
- Çoxdandır görünmürsən, haralardasan?
- Azərbaycandayam. Hər bir insan kimi mən də öz dünyamı və həyatımı, qayğı dolu günlərimi yaşayıram. Görünməməyimin səbəbi də budur ki, bir az öz dünyama çəkilmək istədim. Özümlə baş-başa qalıb, nədən baş götürüb qaçdığımı, nəyin fərqinə varmaq istədiyimi anlamaq istədim.
- Amma hiss olunurdu ki, ədəbi mühitdən uzaq dursan da, yaradıcılıqdan qaçaq düşməmisən. Son vaxtlar bir neçə kitabının dərc olunması haqda məlumatlıyıq.
- İstər sadə həyat tərzi keçirən insan olsun, istərsə də yaradıcı insan, fərq etməz, insanın içində bəzən elə bir duyğu olur ki, yaşadığı mühitdən uzaqlaşmaq istəyir. Bir az sakitlik və bir az da daxilən hüzur içində ruhunun sakitləşməsinə can atır. Amma mən bir həqiqətin şahidi oldum ki, bu zaman kəsiyində bu məqsədimə nail ola bilmədim və mənim dünyamdakı yaşam, bəlkə də bu həyatdakı yaşamdan daha canlı, daha səs küylü və daha qayğılı oldu. Ruhumun diqtəsi ilə düşünüb yaşadım, həmişə olduğu kimi. Yenə də yaradıcılıqla məşgul oldum, ruhum məni tərk etmədi.
- Bu arada yeni kitabların işıq üzü görüb.
- Bəli, “Ruhların qiyamı”, “Ölümün sirri”, ”Nakam çiçəklər” mənzum romanım və “Sükutun səsi” şeir kitabım ərəsəyə gəldi. Hər zaman mənə irad tutulurdu ki, sənin əsərlərində ölüm, faciə niyə özünü bu qədər qabarıq göstərir. Mən o zaman söylədim ki, elə bir əsər yazacağam, sırf ölümdən bəhs edəcək, amma orda bir insan belə ölümü cismən dadamayacaq. Və belə də oldu. Son - “Ölümün sirri” romanımda məhz bu nüansa toxunub yalnız insanın içidəki dünyasından bəhs etdim və ölümün əslində cismən faciə kimi qəbul olunmasından deyil, mənəvi ölümün faciəsini əks etdirməyə çalışdım.
Bunula yanaşı eyni zamanda bir publisist olaraq da fəaliyətimi davam etdimişəm. Bu məqsədlə də ədəbi araşdırmalarımla bağlı 2011-ci ildə aşıq yaradıcılığının tədqiqatıyla bağlı qardaş Türkiyəyə “Qadın aşıklar “şöləninə dəvət aldım. Həmin qayda ilə bir neçə dəfə müxtəlif mövzularda konfranslarda oldum. Orada 2011/2012-ci illərdə “Motif Akademi Halkbilimi Dergisin”də (Motif Academy Folklore Journal) yazılarım yer aldı və ödüllə təltif olundum. 2010-cu ildə şəhid ailələrinin və onların şəhid olmuş övladlarının real həyatlarından bəhs edən “Ruhların qiyamı“ adlı romanımı qələmə aldım. Kitabın təqdimatı haqqında yazmış olduğum şəhid valideyinlərinin iştirakı ilə Qafqaz Unuversitetində keçirildi. Orada təhsil alan türk tələbələr mənim bu romanımı diplom işi olaraq çox da gözəl tərcümədə təqdim etdilər.
- Necə fikirləşirsən, kitabların həqiqi ünvanına çatırmı, yəni oxucu cəhətdən qıtlığın yoxdur ki?
- 2007-ci ildə ilk romanımı böyük tirajla nəşr etdirmişdim və bunun yayımlanması məni bir az narhat edirdi. Eşidəndə ki, romanımın satışı sürətlə gedir, çox sevindim. Əslində, bu mənim oxucumun əsərimə olan diqqətindən və marağından irəli gəlirdi. Eyni zamanda digər kitablarımın da bu qaydada satışı oxucumun var olması anlamında məni sevindirib. Düşünəndə ki, sənin əsərlərin həqiqi ünvanına çatıb o zaman yaradıcı insanın hansı duyğuları yaşadığını yalnız yaradıcı insanlar başa düşə bilər.
- Bəs sən özün necə, yazmağa, yoxsa oxumağa daha çox önəm verirsən?
- Faiq müəllim, biz bir dövrün yetirmələriyik. Yəni bizim düşüncəmiz, təfəkkürümüz bizim nəsil nümayəndələrinin hansı ruhda böyüyüb inkişaf etməsininə bir nümunədir. Ona görə bunu qeyd edirəm ki, biz sovetlər vaxtında yaşamağımıza baxmayaraq, klassiklərimizin, yazıçı və şairlərimizin, xarici ədəbiyyatın daimi oxucusu olmuşuq. O vaxt kitab oxumağa tələbat və içmizdə bir mənəvi aclıq var idi. Yəni bunu misal çəkməklə qeyd edmək istəyirəm ki, bu hava məni hələ də tərk etmir və mən yazmaqdan daha çox oxumağa meyilliyəm. Hələ də saatlarla sevdiyim kitabı mütaliyə etməkdən doymuram. Lakin mənim ən çox ruhuma yaxın olan fəlsəfi əsərlər və pisixologiyadır ki, yenə də bu kimi kitabları uşaq sadəlövhlüyü ilə oxuyuram, anlamağa çalışıram və həyatda da istifadə edib, ən azı insanlığa layiq olan həyat yaşayaraq düşünməyə çalışıram.
- Şeir, qəzəl yazırsan, kitabların var və birdən-birə nəsr əsərlərini də dərc etdirdin. Bu, nədən irəli gəlirdi? Nəzmdə özünü ifadə etməyin çətinliyindən, yoxsa böyük əsərlər müəllifi kimi də tanınmaq həvəsindən?
- Bəlkə də heç ağlıma da gəlməzdi ki, nə zamansa yazı-pozu adamı olacağam. On yaşımdan hekayələr və daha sonra qəzəllər yazmağa başlamışam. İllər ötdü və tale elə gətirdi ki, ilk dəfə ədəbiyyat qəzetində elan ediləndə ki, gənc istedadlar öz yazılarını təqdim edə bilrərlər, mən də bir neçə yazı adamının təkidiylə gəldim. Ayaz Vəfalının rəhbərlik etdiyi dərnəkdə ilk olaraq şeirlər söyləyəndə Ayaz müəllim o zaman mənə bir kəlmə söz dedi: “Sən Şamaxı torpağının yetirməsisən və söylədiyin qəzəllər sənin ruhunu əks etdirir. Gələcəkdə səni çox ciddi yazılarını görəcəyimə ümüd edirəm”.
Bu xatirəni qeyd etməkdə məqsədim bu idi ki, mən heç bir zaman özümü heç bir əsərin və ya şeirin yazlmasına məcbur etməmişəm. Hər bir romanımın, hekayəmin, balaca şeir parçasının da öz taleyi olub. Onlar mənim mənəvi övladlarımdır. Zamanla bu kitablarım işiq üzü gördükcə yaradıcı dostlarım və oxucularım tərəfindən müsbət qarşılanıb. Baxmayaraq ki, mənim nəsr əsərlərimdə bəzən mistikaya daha çox yer ayrılır. Bu da real həyatın əslində bir mistik qüvvənin idarə olunmasına işarə olaraq qeyd edilir. Qaldı ki nəzmdə və ya nəsrdə özümü tanıtmaqdan söhbət gedə bilməz.Yazı mənim üçün nəfəs kimidir, duyğudur, düşüncədir, sevgidir, həyatdır, yaşamdır və sairə. Mən onu yazarkən ruhum əgər dünyadan təcrid olunursa, bu o deməkdir ki, dünya parıltısına uyan, onun aldadıcı şan-şöhrətinə gözü qamaşan, ucuz ad sanına aludə olan biri deyiləm. Yetər ki mənim mənəvi dünyamdan hər bir insanın dünyasına bir pay düşsün və özünü tapsın. Əbədi, daimi və əvəzsiz olan sevgidir ki, dünyaya gəlib-gedən hər bir kəsi müşayiət edir, amma hər bir kəsi də öz əqidəsinə görə qiymətləndirir. Əgər bu qısa ömür yolunda mənə də nə isə Allah sevgisindən bir pay düşübsə və mən insanların ağrı-acısını, sevincini, sevgisini hiss edərək hər hansı bir əsəri yaza bilmək qabiliyyətinə malikəmsə, buna görə Allahıma minnətdaram.
- Heç ürəyindən keçib ki, xalq şairi olasan?
- Yeri gəlmişkən bu sual məndə bu fikrə qarşı ironiya yaratdı. Niyə? Ona görə ki, şairi xalq seçir, dəyərləndirir, onun əsərlərinə sahib çıxır. Bir haşiyə çıxmaq istəyirəm. Rəhmətlik Böyükxan Pərviz bir dəfə tədbirlərin birində, siz də ordaydınız, mənim şerlərim haqda çıxış etdi və bu sözü söylədi: “Lətifə Nuranın üzünü bir tədbir başlayanda görürük, o hamıdan əvvəl gəldiyi kimi də elə gedir ki, heç kimin xəbəri də olmur”. Və yenə də AYB-nin katibi, rəhmətlik Arif Əmrahoğlu da bu sözü dedimişdi: “Ay Lətifə xanım, siz arada görünün. Haralarda olursuz? Təbii ki, mən bunu hər yazara söyləmirəm. Sizin çox dəyərli, ciddi kitablarınız var və buna haqqınız çatır. Həmişə gec-gec, utana-utana gəlirsən. Həmişə də əlində yeni kitabların var, maşallah”.
Bunu ona görə misal gətirdim ki, Faiq müəllim, mən həmişə özümə hörmət edən adam olmuşam, yerimi bilmişəm. Rəhmətlik Həkim Qənini bir gözəl kəlamı var idi: “İnsanı oturduğu yer zinətlədirmir, insan oturduğu yeri zinətləndirir”. Mən həmişə bu mövqedən yanaşmışam və yaşamışam. Yəqin ki, yerimizin hansı yerdə olduğunu xalqımız vaxtı gələndə özü dəyərləndirəcək. Buna görə mən heç də narahat deyiləm.
- Sən yazılarında oxuculara özünü olduğun kimi təqdim edə bilmisənmi?
- Desəm ki, oxucu ilə mən özümdə ruhən bu rabitənin bağlılığnı hiss etmişəm, daha doğru olar. Əgər bir insan taleiyini milyonlarla insanlar olduğu kimi yaşayırsa və həyat, yaşam fəlsəfəsi, istəyi eynidirsə burda anlaşılmazlıqdan söhbət gedə bilməz. Əslində, mənim özümü əsərlərimdə şeirlərimdə təqdim etməyimin birinci səbəbi budur. Mən insanam, yaşantılarım, qayğılarım var və bütün bunlar hissə çevriləndə və yazıya köçürüləndə təbii ki, qarşımdakı insanın obrazıyla yanaşı eyni zamanda öz duyğu və düşüncəm dolğunluğu ilə özünü büruzə verir. Hansı halda hansı dünyanın insanı olmaq isə bu yaradıcı ruhun bəhrəsidir. Təbiidir ki, mən də özümü bu mənada ifadə etməyə çalışıram. Poeziyada olduğu kimi, roman və hekayələrimdə də müəyyən obrazlar var ki, orda bəlkə də öz düşüncələrimi ifadə etməyə çalışıram və buna nail oluram. Əsərlərim mənim həyata baxışım, insanılğı anlayışımdır. Buna nə dərəcədə nail oluramsa, bunun əsl anlamını oxucum çox gözəl dəyərləndirir.
- Hansı əsərində Lətifə daha qabarıq görünür.
- Elə şeirlərim var ki, qabarıq şəkildə özümü ifadə edirəm, bu bir həqiqətdir. Nəsr əsərlərimdə bəlkə də pərakəndə duyğularla bunu yazıramsa, şeirlərimdə konkretliyə daha çox yer ayırıram. Amma bunu da etiraf edim ki, “Tənha kölgələr” romanımdakı Xəyalə obrazı mənim ruhumun əksdir desəm, yanılmaram. Çünki bu roman digər romanlardan fərqli olaraq təxəyyülümün əsəri olub. Eyni zamanda bunu mənim mistik hekayələrimə də şamil etmək olardı. Siz bilirsiniz ki, mənim mistik ilahi duyğulu yazılarım çoxluq təşkil edir. Çünki mən o zaman ruhumun dincəldiyini hiss edirəm. Və beləliklə də Lətifə Nuran şeirlərində özünü ifadə etdiyi kimi mistikasında da ruhun yaşantısını əks etdirməyə nail olur.