"Çin karqo" Terminalından şantaj üsulu
Tarix: 11-04-2015, 12:58 |
Çap et
Dolların məzənnəsinin kəskin sıçrayışla qalxmasından sonra yaxın-uzaq xarici ölkələrdən Azərbaycana mal gətirməklə öz biznesini quran həmvətənlərimiz artıq bir sürpriz aldılar. İndi növbə böyük ehtimalla ikinci sürprizindir. Bu sürprizi də əlbəttə ki, kiçik və orta biznes təmsilçiləri "Çin karqo" Terminalının əməkdaşlarından gözləməlidirlər. Əslində son bir neçə il ərzində gömrük qurumlarının bir çox funksiyalarını yerinə yetirən bu şirkətin fəaliyəti onsuz da hər zaman müxtəlif sürprizlərlə dolu olur. Bu isə onunla izah olunur ki, "Çin karqo" Terminalına verilmiş səlahiyyətlər az qala hüdudsuz hesab edilə bilər. Məhz bu səlahiyyətlərə güvənərək terminalın səlahiyyətliləri sahibkarları ölkəyə gətirdikləri maldan hələ ehtimal olunan gəlirin ən azı 60-70%-ni əvvəlcədən onlara verməyə məcbur edə bilirlər. Digər tərəfdən də gömrükdən keçən bütün yükdaşımalara, yəni, karqo biznesinə nəzarət funksiyası da bu quruma verilib ki, o da bundan istifadə edib büdcəyə çatacaq vəsaitləri şəxsi hesablara yönəldir. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda biz göstərmişdik ki, aldığımız məlumatlarda "Çin Karqo" Terminalında kiçik sahibkarlıqla məşğul olan vətəndaşlarımızın ciddi problemlərlə üzləşməli olduqları bildirilir. Vurğulanır ki, paytaxtda fəaliyyət göstərən “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan minlərlə insan ölkəyə gətirilən və ayrı-ayrı vətəndaşlara məxsus malların bu terminaldan keçdikdən sonra hər dəfə əskik çıxdığını təsdiqləyirlər. Elə az öncə barəsində danışdığımız çoxsaylı sürprizlərdən biri məhz bu məqamla bağlıdır. Bu da məlumdur ki, malların terminaldan keçidinə "Çin Karqo" Terminalın rəhbəri olan Şamil müəllimin kürəkəni Ramin nəzarət edir. İkinci bir tərəfdən isə terminaldan keçən malların faktiki miqdarı azaldıqca, onların sənədlərdə qeyd olunan həcmi artır. Belə ki, bu terminalda idxal olunan malların həcmi hər dəfə terminalın əməkdaşları tərəfindən süni şəkildə 50-70% şişirdilərək, bu bəhanə ilə də sahibkarlardan artıq pul alınır. Bu manipulyasiyalar isə "Çin Karqo" Terminalın rəhbərliyinə davamlı olaraq külli-miqdarda pullar qazandırır. Terminalın rəhbəri Şamil müəllim isə bu pulları təkcə “qazanmağın” deyil, həm də qəfil inflyasiya sıçrayışlarından qorumağın yolunu yaxşı bilir. Buna görə də bu gün Şamil müəllim Bakının bir çox ərazilərində inşa olunmuş çoxmərtəbəli yeni tikili binaların sahibidir. Yeri gəlmişkən, elə söhbətimizin əvvəlində qeyd etdiyimiz növbəti sürpriz gözləntisi də yeni inflyasiya dalğası ilə bağlı ola bilər. Məsələ bundadır ki, mənbələrin verdikləri məlumatlara görə son günlər "Çin Karqo" Terminalda yaranmış vəziyyətlə bağlı bir ajiotaj yaşanmaqdadır. Terminalın əməkdaşları hələ gözlənilən bahalaşmanı da qabaqlayaraq, artıq sahibkarlardan yığılan rüsumların məbləğini qaldırmağa başlayıblar. Təbii ki, bu proses də "Çin karqo" Terminalın bütün fəaliyyəti kimi xaotik və sistemsiz aparılır. Yəni terminalın əməkdaşları “kimdən nə qədər bacardılar” üsulu ilə pul toplayırlar. Amma bunun əlbəttə ki, rəhbərlik tərəfindən müəyyən edilmiş minimum məbləğlərə heç bir aidiyyatı yoxdur.Artıq qeyd olunduğu kimi bütün bu problemlər yalnız "Çin Karqo" Terminalına qarşı müvafiq tədbirlərin görülməsindən sonra öz həllini tapa bilər. Həm də bu tədbirləri görməli olan qurumlar unutmamalıdırlar ki, bu MMC-nin fəaliyyəti birbaşa ölkə iqtisadiyyatının zəiflədilməsinə yönəldilib.Sonda onu da qeyd edək ki, "Çin karqo" Terminalın müdiri Şamil bəy ondan narazılıq edən sahibkarları şikayət etməkdən çəkindirmək üçün deyir ki, "mən şirkətdə heç kiməm, buranın əsil sahibi Cənab Prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyevdir. Ondan da hara şikayət etsəniz də xeyri yoxdur və özünüzə problem yaratmayın". Bizim cənab Prezidentə də, İlqar Əliyevə böyük hörmətimiz var. Bilirik ki, onların hər ikisi sahibkarlara daim kömək edir, qayğı göstərir və sahibkarlığın inkişafına şərait yaradırlar. Şamil kimi işbazlar isə belə hörmətli insanların adında sui-istifadə etməklə öz çirkin məqsədlərini və qanunsuz əməllərini ört-basdır etməyə çalışırlar.