Fermerlərdən tələb: Əli Bayramov cəzalandırılsın...
Tarix: 11-04-2015, 12:32 |
Çap et
...Əslində bu da elə özünəməxsus səxavət göstəricisidi. Taxılın son buğdasınacan biçilməsi bəlkə də ona görə mümkün olmur ki, Allah ruzusundan yaratdığı heyvanlarına da hansı yollasa pay düşməlidi. Onsuz da nə gedir, fermerdən gedir. Bizim fermerlərə dünyada çatan olmaz. Kredit yükünü boyunlarına yüklədikcə mütiləşirlər, paylarına ortaq olduqca, səxavətləri daha da artıq olur.
Elə bu səmimiliyin ucbatından o ki var, ziyana düşdülər son illərdə. Dövlət olaraq bu sahədə öz imkanlarımızı düzgün qiymətləndirə bilmədik, taxılı xaricdən almaq kimi ilk baxışdan asan yola sadiqik hələ də. Aqrar sahəyə dəymiş ziyanın həcmini ümumiləşdirmək mənim kimilər üçün çox çətindi. Lakin dövlət səviyyəsində Kənd Təsərrüfatı Nazirliyinin "sayğacında" çatışmazlığın yekun həcmi yalan-doğru yəqin ki, əksini tapıb. Məncə Aqrolizinq ASC-nin ölkədəki Aqroservis filiallarında hal-hazırda nasaz kombaynların sayını dəqiq bilən var. Amma soruşsan, səlahiyyətlilərdən heç kəs həmin kombaynların uzun illərdi ki, niyə işlək vəziyyətdə olmadığını və nəticədə nə qədər məhsulun zay olub getdiyini çətin ki cavablandıra bilsin. Günah bölgələrdə fermerlərin əsəbi ilə oynayan "Aqrolizinq"lərdədimi? Bəs kimin yaxasından yapışaq bu biabırçılıqlara görə. Güman içində sənli-mənli hamımız oda qalanmışıq. Çünki, bölgələrimizdə indiyə kimi kombayn əvəzinə yalan paylayan aqroserviz filiallarının günahı üzündən itirilmiş taxıl məhsullarının həcmindən hürküb özümüz də havalanmışıq. Fermerlərin başına min oyun açmış bir qurumun-Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti rəhbərliyinin cibinə işlədiyi bütün torpaq adamına gün kimi aydın olub bu illərdə. Nazirliyin rəhbərliyi dəyişdikdən sonra qurumun sədri Əli Bayramov ötən ilin mayında vəzifədən götürüldü. İndi bu "cibkeş" məmurun gedişini fermerlərin boynuna minnət kimi qoyanlar da var. İnanmırsınızsa, buyurub Aqrolizinq ASC-nin rəsmi internet saytına daxil ola bilərsiniz. Görün saytda nə yazılıb: "...fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində "Aqrolizinq" ASC tərəfindən 151 dəst texnoloji avadanlıqlar, o cümlədən 39 dəst soyuducu kameralar, 19 dəst damcılı suvarma sistemi, 13 dəst yem emalı, 11 dəst süd emalı 19 dəst quşçuluq, 17 dəst istixana avadanlıqları və 33 dəst meyvə emalı və müxtəlif təyinatlı digər avadanlıqları formasından asılı olmayaraq lizinq qaydasında fiziki və hüquqi şəxslərə verilmiş və quraşdırılması davam etdirilir. Həmçinin 334.65 min ton ammonium nitrat (azot), 54.21 min ton superfosfat, 7059.5 ton nitroammofoska, 3377.6 ton ammofos, 331.5 ton kalium gübrələri və 301.8 ton pestisidlər gətirilərək, onların böyük əksəriyyətinin (91%-dən çoxunun) kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilməsi təmin edilmişdir. "Aqrolizinq" ASC tərəfindən 2009-2013-cü illər ərzində 10590 baş damazlıq heyvanın satın alınıb gətirilməsi nəzərdə tutulmuşdur. Həmin heyvanlardan 9635 başı artıq satın alınıb gətirilərək respublikanın ayrı-ayrı bölgələrinin sahibkarlarına lizing yolu ilə satılmışdır". İndi bu rəqəmlərin qarşılığında fermer qardaşın sinirləri necə gərilməsin? Adama deyərlər, ay sənin.. cibini kəsəyən deşsin, belə məmur, hanı bə nəticə? Aqrar sektora tərəfinizdən belə qayğı göstərilibsə, bu hesabla gərək biz Amerikanı da ötüb keçəydik. Axı həqiqəti hamı görür. Belə quru və yalançı raportlar kimə lazımdır, Əli Bayramovdan savayı. Hər halda, sabiq sədr gec-tez törətdiyi talana görə cavab verməli olacaq. Bu raport onun bəlkə də mümkün cəzadan yaxasını qurtarmasına hesablanıb. Məgər bunlar "Aqrolizinq"in yeni rəhbərliyinə lazımdırmı? Qoy gedib işlərini görsünlər, fermerin, ölkə rəhbərliyinin yanında üz ağartsınlar, məhsul bol olsun. Axı nə vaxtacan taxıl sahələrində məhsuldarlığın xeyli aşağı olmasının günahını biçarə mərakeş çəyirtkələrində görəcəyik. Hayıf ki, dil bilmir bu heyvancığazlar. Yoxsa onlardan soruşardım görək, "Aqrolizinq" ASC-nin sabiq sədri Əli Bayramovla şəriklikləri varmı?