DYP-nin yeni maşınları haradadır?
Tarix: 9-04-2015, 18:03 |
Çap et
Yol polisinə verilən yeni avtomobillər qısa vaxt ərzində xidmətə çıxarılacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, qısa zamanda yeni avtomobillərin yol polisi nəfərlərilə birgə paytaxtın inzibati ərazisinə düşən küçə və yollarda hərəkəti tənzimləyəcək.
Qeyd edək ki, Bakıya yeni gətirilən yol polisi avtomobilləri elektro-patrol sistemi üzərində nömrəoxuma, ümumi müşahidə kameraları və gecə görüntüsü üçün işıqlandırma sistemi ilə təchiz olunub. Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək yeni avtomobillər həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir.
Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infraqırmızı” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompüter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompüterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı patrul avtomobilinin durduğu iki zolağadək sağda, həmçinin iki zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir.
Həmçinin, parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin, nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar müəyyən edilir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.