Bakıda Andraniki təbliğ edən kafeyə məmurlar da gedirmiş... - Şok
Tarix: 9-04-2015, 16:28 |
Çap et
Bu günlərdə Bakının Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən “Stara Praqa” adlı kafe-pubun önündə bədnam erməni millətçisi Andranik Ozanyanın portretinin aşkarlanması ictimaiyyətdə böyük narazılıq doğurdu.
Türk-müsəlman dünyasında kifayət qədər vəhşiliklər törədən qatil Andranikin Azərbaycan paytaxtının mərkəzində uzun müddət təbliğ edilməsi bir çox suallar yaradır. Məsələnin arxasında kimlərin dayandığı, portretin həqiqətən də erməni qatilinə məxsus olub-olmaması isə hələlik tam aydınlaşmayıb.
Musavat.com-un əməkdaşları adıçəkilən məkanda olublar. Özünü kafe-pubun baş administratoru kimi təqdim edən Vüqar adlı şəxs bildirdi ki, aprelin 7-də həmin portret və loqo polislər tərəfindən sökülərək, araşdırlımağa aparılıb: “Mən özüm Kəlbəcər rayonundanam. Əgər o potretin Adranikə məxsus olduğunu bilsəydim, həmin an söküb, atardım”.
Administratorun sözlərinə görə, porterin altında Pyotr Nikodimoviç Montinin adı yazılıbmış: “İki il öncə kafeni arendaya götürüb, işlətdik. Həmin portreti də olduğu kimi yerində saxladıq. Biz elə zənn edirdik ki, portretdə qeyd edilən yazı şəkildəkinə aiddir, yəni biz onu Pyotr Nikodimoviç Montin bilirdik. Portretin həmin şəxsə aid olduğunu düşünüb və yerləşdiyi ərazinin də adına uyğun olduğu üçün götürməmişdik. Montin Bakıda şampan və “Azərbaycan mirvarisi” adlı şərabın ilk istehsalçılarından biri olub. Bizim kafe də onun loqosu ilə tanınırdı. Yəni daha çox “Montinburq” deyə məşhurlaşmışdı”.
Kafenin əməkdaşı onu da qeyd etdi ki, 2 zalı və 4 kabineti olan kafe-pubun müştəriləri arasında xeyli sayda dövlət rəsmiləri də var: “Minlərlə insan bu kafeyə gəlib və gəlir də... Dövlət adamları dəfələrlə bizim məkana gəlib, o şəkili görüblər, lakin heç bir söz deməyiblər. Hətta yadımdadır, bir dəfə onlardan biri kafedə olarkən mənə bildirdi ki, məhz o portret və loqoya görə tez-tez bura gəlir. Üstəlik, hələ də o şəkilin Andranikə məxsus olub-olmadığı tam aydınlaşdırılmayıb. Bizə sadəcə, bildirdilər ki, portretdəki Andranikə çox bənzəyir, vəssalam...”
Administrator kafenin polis nəzarətində olduğunu, bu səbəbdən də mətbuata kifayət qədər açıqlama verə bilməyəcəyini dedi: “Biz olanların barəsində artıq polis bölməsində məlumat vermişik. Hazırda məsələnin nə ilə nəticələnəcəyini gözləyirik”.
Montin də erməni imiş...
Məsələni daha dərindən araşdırmaq üçün AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Dilavər Əzimliyə müraciət etdik. Tarixçi adıçəkilən portretin Azərbaycan xalqına qarşı təhqir mesajı oluduğunu dedi: “Əgər məlum olsa ki, bu həqiqətədən də Andranikin şəklidir, bu, xalqımız üçün böyük təhqirdir. İllərdir ki, portretin oradan asılı qalması içimizdə xain əllərin olmasından xəbər verir. Buradan da aydın olur ki, ermənilər öz mənafeylərini həyata keçirmək üçün güclü işləyirlər. Bu cür faktlar hələ də var. Sizin saytın vasitəsilə buradan o kafenin sahibinə səslənirəm: Bu, biabırçılıqdır!”
Tarixçi Pyotr Montin haqqında da danışıb. Onun sözlərinə görə, bolşevik olan bu şəxs vaxtilə Azərbaycan xalqına qarşı düşmən olan Kirovun yaxın silahdaşı olub: “Pyotr Montin də bizim xalqımıza qan udduran boleşviklərdən biri olub. Onu hər hansı yolla təbliğ etmək yolverilməzdir. Sovet dövründə hətta onun şərəfinə qəsəbə də saldılar. Deməli, bolevizmin təbliğində, azərbaycançılığa qarşı siyasətdə onun kifayət qədər əməyi olub ki, adı əbədiləşdirilib. Onun törətdiyi əməllər haqqında məlumat almaq üçün N.Nərimanovun yazılarını oxumaq bəs edər”.
Məlumata görə, hətta Pyotr Montinin əsl soyadı Montyan olub. Bakıda Şirvanşahlar dövründən yaşayan ailəyə məxsus çaxır-likör fabrikantının ailəsində doğulan və həddindən ziyadə varlı yaşayan Pyotr Montyan tez-tez həbsxanalara düşüb. Bu səbəbdən də onun hərbi rütbəsinin olması şübhə doğurur. Montyanın erməni terrorçusu Tatevos Amirovla birlikdə varlı müsəlman ailələrini soymaqla məşğul olduğu barədə də məlumatlar mövcuddur. Deyilənə görə, onlar varlı müsəlman ailələrin övladlarını oğurlayaraq, əvəzində pul tələb edirmişlər.
Bolşevik qruplaşmasının üzvü olmuş P.Montyan öz yoldaşları tərəfindən öldürülüb. Onu Qəzənfər Musabəyovun dəstəyi ilə Lavrenti Beriya vurub. Maraqlıdır ki, Bakıda onun abidəsini də məhz Qəzənfər Musabəyov açıb. Həmin vaxt Qəzənfər Musabəyov Mərkəzi İcraiyyə Komitəsinin sədri olub.
Erməni olduğu ehtimal olunan Pyotr Montinin adına bu gün paytaxt Bakıda geniş otel, market və iki kafe fəaliyyət göstərir.
Portret qalmaqalına səbəb olan kafe-pubun sahibi özlərini müdafiə etməyə çalışsalar da, unudurlar ki, erməni Pyort Montyanın şəklini təbliğ etmək azərbaycanlılara divan tutan Andranikin şəklini təbliğ etməkdən heç nə ilə fərqlənmir.
Təkqulaq Andranik...
Qeyd edək ki, Andranik Ozanyan 1918-1920-ci illərdə Qərbi Azərbaycanın 200-dən çox kəndini və əhalisini xüsusi amansızlıqla məhv edib. Onun başçılıq etdiyi daşnak dəstələri qadınları, qocaları, körpə uşaqları belə, amansızcasına yandıraraq, vəhşicəsinə qətlə yetiriblər. Osmanlı İmperiyasına xəyanət etdiyi üçün onun bir qulağı kəsilib. O vaxtdan xalq arasında daha çox “təkqulaq Andranik” kimi tanınıb. Birinci Dünya Müharibəsindən sonra Türkiyə hökuməti Andraniki hərbi cinayətkar kimi beynəlxalq axtarışa verib. Andranik muhacirətə gedərək əvvəlcə Fransada, sonra isə ABŞ da yaşayıb və Kaliforniya ştatının Fresno şəhərində ölüb.
Xatırladaq ki, qalmaqallı portretlə bağlı ilk dəfə jurnalist Sənan Nəcəfov özünün Facebook səhifəsində məlumat yaymışdı: “Montində "Montinburg" adlı pub var. Bahalı yerdir. Dostlardan biri bayaq o pubın fanarlarının fotosunu paylaşıb. Fotoya diqqət yetirin. Əgər o fotoda olanın kimliyini tanımadınızsa, mən izah edim. Bu erməni cəlladı Аndronikin fotosudur. Bunlar nə demək istəyirlər? Məqsədləri nədir? Bu qədər qudurublar, ya kimin fotosunu vurduqlarından xəbərsizdirlər? Bilirsiniz, nəyə oxşayır? Elə bilin ki, İrəvanda hansısa bahalı puba Mübariz İbrahimovun fotosunu vurublar. Vurarlarmı?”
Məhz bu məlumatdan sonra olay ölkədə geniş müzakirəyə səbəb oldu və polis məsələyə müdaxilə etdi.