Hakim dul qadının 2 otaqlı evinə keçmiş qayınlarını necə köçürür?
Tarix: 9-04-2015, 15:55 | Çap et
Hakim dul qadının 2 otaqlı evinə keçmiş qayınlarını necə köçürür?
Bərdə rayon sakini Gülmayə Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Akademik Ramiz Mehdiyevə Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədovun fəaliyyətinin araşdırılması xahişi ilə müraciət edib. G.Əliyeva müraciətini Analitik.az-a da təqdim edərək onun dərcini xahiş edib. Müraciətində G.Əliyeva keçmiş qayınları ilə arasında yaranmış mənzil mübahisəsi ilə əlaqədar Ali Məhkəmənin hakimi Ə.Nurməmmədovun qanunsuz və ədalətsiz qərar çıxardığını yazır. Həmin müraciəti ixtisarla dərc edirik:

«Mən, Əliyeva Gülmayə Qurban qızı Bərdə şəhəri Vaqif küçəsi 5 saylı ünvanda yerləşən yaşayış evinin 7/12 hissəsinin mülkiyyətçisiyəm. Qeyd olunan bu ev 2 otaqlı olmaqla, ümumi sahəsi 73,1 kv metrdir (yaşayış sahəsi 35,3 kv metr, yardımçı sahə 34,8 kv metr). 1999-cu ildə mən Əliyev Nəbi Gərkəz oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşam. 21 mart 2013-cü ildə ərim Nəbi Əliyev vəfat edib. Ərim Nəbi Əliyev öldükdən sonra 1966-cı ildən bu evdən çıxaraq Bakı şəhəri Sabunçu qəsəbəsi Süleymanov küçəsi 11/2 saylı evin 2 otaqdan ibarət mənizilində yaşayan mərhum ərim Nəbi Əliyevin qardaşı Əliyev Yusif və 1997-ci ildən yuxarıda qeyd olunan evdən çıxaraq Bərdə şəhəri Dəmir yolu stansiyasının yaxınlığında aldığı torpaq sahəsində tikdirdiyi evdə yaşayan mərhum ərim Nəbi Əliyevin digər qrdaşı Əliyev Əvəz mənə qarşı məhkəmə iddialarına başladılar.
Belə ki, onların hər birinin hazırda 7/12 hissəsi mənim mülkiyyətimdə olan Bərdə şəhəri Vaqif küçəsi 5 saylı evdə 1/12 hissədə payları var. Əliyev Yusif qardaşı Nəbinin sağlığında notariat qaydasında təsdiqlənmiş ərizəsi ilə bu paydan mərhum ərim Nəbinin xeyrinə imtina etsə də, onun ölümündən sonra o, bu ərizəsindən imtina edərək 1/12 hissədə olan payına köçürülmə tələbinə dair iddia ilə məhkəməyə müraciət edib.

Mərhum ərim Nəbinmin digər qardaşı Əliyev Əvəz də hazırda Nəbinin ölümündən sonra mənim yaşadığım evdə olan 1/12 payına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mən mərhum ərim Nəbinin ölümündən sonra öz paylarını tələb edən Nəbinin qardaşları Əvəz və Yusifin iddialarının qanunauyğun həllinə razıyam. Bu səbəbdən mən onların hər birinə yaşadığım evdə olan 1/12 hissədə olan paylarının dəyərini pulla ödəməyə razıyam və bununla bağlı məhkəməyə qarşılıqlı iddia da vermişəm. Bildirmək istəyirəm ki, onların hər birinə düşən 1/12 hissədə pay kv. metr olaraq yaşayış sahəsi üzrə 3.2 kv. metr, yardımçı sahə üzrə isə 2.9 kv metr, ümumilikdə 6.1 kv metr təşkil edir.
Gəncə Apelyasiya Məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2014-cü il tarixli, 6914 saylı rəyi ilə müəyyən edilib ki, Əvəz və Yusifin hər birinə mübahisəli evdən düşən pay – yaşayış sahəsi üzrə 3,2 kv metr, yardımcı sahə üzrə isə 2,9 kv metr, ümumilikdə hər birinin 6,1 kv. metr payları vardır. Məhkəmə Texniki Eksdpertizasının rəyinə görə Bərdə şəhəri Vaqif küçəsi 5 saylı ünvanda yerləşən evin Ə.Əliyev və Y.Əliyevin hər birinin 1/12 hissədə olan payına uyğun təcrid olunmuş şəkildə naturada ayrılması inşaat norma və qaydalarının tələblərinə müvafiq olaraq texniki cəhəddən mümkün deyildir. İşdə olan 0033 saylı, 04 avqust 2014-cü il traixli ekspert rəyi ilə Bərdə şəhəri Vaqif küçəsi 5 saylı ünvanda yerləşən evin hazırkı bazar qiyməti 13.000 (on üç min) manat müəyyən edilib ki, bu rəyə əsasən Əvəz və Yusif Əliyevlərin hər birinin payının dəyəri 1083 manat təşkil edir (13,000: 12=1083 manat)

Mərhum ərim Nəbi Əliyevin ölümündən sonra onun qardaşları olan Əvəz və Yusif Əliyevlərin mənə qarşı Vaqif küçəsi 5 saylı evə köçürülmələri barədə ilk iddia və mənim qarşılıqlı iddia tələbim üzrə işə baxan Bərdə rayon Məhkəməsinin mənim qarşılıqlı iddiamın təmin edilməməsi barədə qanunsuz, əsassız və əxlaqi dəyərlərə zidd qətnaməsi haqlı və ədalətli olaraq Gəncə Apelyasiya Məhkəməsi tərəfindən ləğv edildi və iş üzrə mənim qarşılıqlı iddiamın təmin edilməsi, Əvəz və Yusif Əliyevlərin isə ilk iddia tələblərinin rədd olunmasına dair yeni qətnamə qəbul edildi. Bu iş üzrə əxlaqi dəyərlərə əsaslanmağım ondan irəli gəlir ki, mərhum ərim Nəbinin qardaşlarının dul qadın olaraq mənim yaşadığım evə köçürülmələri milli mentalitetimizə, əxlaqi dəyərlərimizə də ziddir. Onların ailələri ilə birlikdə öz evlərində yaşamaq əvəzinə dul qadın olaraq mənim yaşadığım evə köçürülmələri həm onların ailələrinin yiyəsiz qalmaları ilə nəticələnər, həmdə milli-əxlaqi, mənəvi dəyərlərlə də uzlaşmır.
Gəncə Apelyasiya Məhkəməsinin yuxarıda qeyd etdiyim qanuni, ədalətli, əsaslı olan milli-mənəvi, əxlaqi dəyərlərlə uzlaşan qətnaməsindən Yusif və Əvəz Əliyev qardaşları tərəfindən kassasiya şikayəti verildi. Bu iş üzrə isə kassasiya icraatı qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəməsi (məruzəçi və sədirlik edən hakim Əhməd Nurməmmədov) 27 yanvar 2015-ci il tarixli qərarı ilə Apelyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və işə yenidən baxılmaq üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul etdi.
Mərhum ərim Nəbi Əliyevin qardaşları ilə aramda yaranmış məhkəmə mübahisənin yuxarıda ifadə olunan qısa xülasəsini göstərməkdə məqsədim bu işə Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Əhməd Nurməmmədovun sədrliyi və məruzəsi ilə baxılması zamanı hakim Əhməd Nurməmmədov tərəfindən yol verilən qanun pozuntularının aşağıda qeyd etdiyim bəzi maraqlardan irəli gəldiyini diqqətinizə çatdırmaq niyyətimdən irəli gəlir. Belə ki, işə Azərbaycan Respublikası Ali Məhkəməsində 27 yanvar 2015-ci il tarixdə hakim Əhməd Nurməmmədovun sədrliyi və məruzəsi ilə baxılarkən tərəflərin vəkillərinin məhkəmə ilasında iştirak etməməsinə baxmayaraq, Ə.Nurməmmədov tərtib etdiyi qərarında göstərmişdir ki, “məhkəmə kollegiyası məruzəsini və cavabdehin vəkilini dinləyib iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdə keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-285/2014 nömrəli iş üzrə 21 avqust 2014-cü il tarixli qətnaməsi ləğv olunmalı, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, kassasiya şikayəti təmin edilməlidir.” Halbuki, cavabdeh olaraq mənim vəkil tutmaq imkanım olmadığına görə məhkəmə iclasında vəkilim iştirak etməyib. 27.01.2015-ci il tarixli məhkəmə iclasında ümumiyyətlə, heç bir tərəfin vəkili iştirak etməyib. Hakim Əhməd Nurməmmədov saxtakarlıq edərək, yalandan göstərib ki, guya, cavabdehin vəkilini dinləyib (hakim bəlkə də hansısa bir vəkili işdən kənar bir yerdə dinləyib). Hakim Əhməd Nurməmmədov əsassız qərarını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 aprel 2014-cü il tarixli qərarını təhrif etməklə qəbul edib.Onda sual meydana çıxır: bəs qanuni qətnamənin ləğvinə səbəb nədir? Əvəz Əliyevin məhkəmə iclasına gəlməsi-getməsi ilə əlaqədar xərclərdən əlavə Bakıya gətirdiyi üç minmi? Artıq bu məsələ Korrupsiya Komissiyasının sədri kimi Sizin tapşırığınız əsasında yoxlanılmalıdır.

Hər bir dövlətin ədalətli, şəxsi maraqları deyil, dövlətin, dövlətçiliyin maraqlarını qoruyan, qanunların tələblərini rəhbər tutan məhkəmə sistemi olmalıdır. Ədalətsiz məhkəmə sistemi vətəndaşların dövlətə, dövlətçiliyə olan inamını sarsıda bilər. Mən dövlətimi sevən, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənən bir vətəndaşam. Xahiş edirəm mənim inamımın sarsıdılmasına imkan verməyəsiniz. Bunun üçün Sizdən səlahiyyət sahibi olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun fəaliyyətini araşdırmaq üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verməyinizi xahiş edirəm.»
Müraciətdən göründüyü kimi, bu işə Gəncə Apellyasiya Məhkəməsində təkrar baxılacaq. Ümid edirik ki, işə təkrar baxılan zaman yalnız qanunun aliliyi, ədalət prinsipləri əsas tutulacaq, şikayətçini narahat edən suallar öz həllini tapacaq.
Analitik.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net