Suriyada döyüşən azərbaycanlılar məhkəmədə “Allah xatirinə” susdu
Tarix: 9-04-2015, 13:17 | Çap et
Suriyada döyüşən azərbaycanlılar məhkəmədə “Allah xatirinə” susdu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə ittiham olunan daha 10 nəfərlik dəstə üzvünün - Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Vüqar Dursunəliyev, Elvin Dursunəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edir.

Dövlət ittihamçısı prosesdə ittiham aktını elan etdi. Təqsirləndirilən şəxslər isə cavabda özlərini günahkar bilmədiklərini bildirdilər: “Biz hec bir cinayət etməmişik, cinayətkar deyilik. Orada bəlli olmayan şeylər yazıblar. Suriyaya getmək cinayət deyil”.

Təqsirləndirilənlər prosesdə sərbəst ifadə verməkdən də imtina edərək susdular. Onlar bu məhkəməni qəbul etmədiklərini, “Allah üçün susduqlarını” bildirdilər, hec bir dövlət işçisinin suallarına cavab verməyəcəklərini dedilər.

Təqsirləndirilən Vilayət Həsənliyə ifadə vermək təklif olunsa da o, bundan imtina etdi: “Mən Allah üçün susuram”.

Bundan sonra Vilayət Həsənlinin ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. İstintaq zamanı V.Həsənli 1992-ci ildə Tərtər rayonunda doğulduğunu, ticarətlə məşğul olduğunu, 4 ildir əhli-sünnə təriqəti üzrə ibadət etdiyini, 2012-ci ildə “cihad elan olunan zaman kafirlərə qarşı döyüşmək istədiyini” göstərib: “Youtube saytında videolara baxır, Suriyaya getmək üçün yollar axtarırdım. Tərtərdən ola Ənvər Zeynalovla görüşdüm. Onun dini adı “Muazza” idi. “Muazza”ya Suriyaya getmək istədiyimi dedim.

Tərtərdən olan İsrail adlı şəxslə birlikdə Suriyaya getdik. Mən orada “Abu Hafsa”nın camaatına qoşuldum. Bizi sərhəddən Hasan adlı şəxs keçirdi. “Abu Hafsa”ya biət etdik. Sonradan eşitdim ki, İsrail İŞİD-ə qoşulub. Bizim məqsədimiz Bəşər Əsədə qarşı cihad olub. Çünki camaatına zülm edirdi, bu zülmün qarşısını almaq istəyirdik.

“Abu Hafsa” mənə silah verdi. Orada fabrikə mühafizəçi təyin etdi. Mən 4 milyon manatlıq əmlakı olan fabriki qoruyurdum. Fabrikdə nə olduğunu dəqiq bilmirdim, amma bəzi texnikalar vardı.

2013-cü ilin dekabr ayında oradan ayrıldım. Həmin vaxt İŞİD-lə “Cəbrat-ül-Nüsra” arasında döyüş başladı. Həmin vaxt əsir düşdüm. Mənim onlar tərəfdən döyüşməyimi istəsələr də qəbul etmədim. Əsirlikdə olmazın işgəncələrə məruz qalmışam. Bizi videoya çəkdilər, bir daha Suriyaya qayıdacağımız təqdirdə öldürəcəklərini dedilər.

Əsirlikdə azərbaycanlılar da vardı. Elvin Dursunəliyevgili əsirlikdə tanımışam. 20 gündən sonra bizi Türkiyə ilə sərhədə gətirdilər. Bizi Türkiyə polisi tutdu və Azərbaycana deportasiya etdilər”.

Proses aprelin 16-da davam etdiriləcək.

Qeyd edək ki, ötən məhkəmə iclasında təqsirləndirilənlərdən Samir Həşimov çıxış edərək İslam dininin qanunlarından başqa heç bir qanun qarşısında mühakimə olunmayacaqlarını, məhkəmə boyunca susacaqlarını bildirmişdi.

Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittihamları razılaşmayaraq “bizi yalnız şəriət qanunlarına uyğun mühakimə edə bilərlər”deyiblər.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.

Bunlardan digər təqsirləndirilən şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib.

15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net