Avtomobillərin qiyməti bahalaşıb
Tarix: 8-04-2015, 15:11 |
Çap et
Manatın ucuzlaşması onsuz da son aylar nisbi sakitliyin olduğu daşınar və daşınmaz əmlak bazarını az qala daha da dondurub. Hər kəs gözləmə mövqeyindədir, artıq kimsə əmlakını satmaq istəmir, çünki uduzacağından qorxur. Yaxud hələlik almağa da tələsmir, çünki qiymətlərin enəcəyini gözləyir.
Ölkəmizdə mənzil bazarından fərqli olaraq avtomobillər adətən dollarla satılıb. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir?
Satıcılar deyirlər ki, avtomobil bazarlarında vəziyyət hələlik ürəkaçan deyil. O mənada ki, satıcılar alıcı azlığından, alıcılar isə qiymətlərin yüksək olmasından gileylənirlər. Bu da bazarda durğunluğun yaşanmasına gətirib çıxarır. Amma avtomobil satışı ilə məşğul olanlar əvvəlki aylara nisbətən az da olsa canlanma müşahidə olunduğunu da deyirlər.
İqtisadçı-ekspert Vüqar Bayramov Analitik.az-a deyir ki, dolların məzənnəsinin artması ilə əlaqədar avtomobil bazarında qiymət artımı hiss olunur: "Nəzərə alsaq ki, ölkəyə gətirilən avtomobillər dollar və avro ilə alınır, bu zaman artımın olması da təbiidir. Ölkəyə əvvəllər Avropadan, Amerikadan maşın gətirilirdi, həmin avtomobillər ordan ucuz qiymətə alınır və burada həmin satıcı özü istədiyi kimi qiyməti tənzimləyə bilirdi. Amma indi dünyadakı iqtisadi prosesləri və ölkədəki vəziyyəti nəzərə alanda, həmin satıcının avtomobili satmaqda işi bir az da çətinləşəcək. Belə proseslərin baş verdiyi vaxt avtomobil bazarında alıcı qıtlığı daha çox yaşanacaq."
Mövcud prosesin avtomobil satıcıları üçün keçid dövrü olduğunu qeyd edən V.Bayramov hesab edir ki, satıcılar belə məqamda xaricdən avtomobil gətirməkdə bir az fasilə verməli olacaqlar.
Ekspertin sözlərinə görə, dolların məzənnəsinin manata nisbətdə artması, istifadə olunmuş ikinci əl avtomobillərin qiymətində dəyişikliyə səbəb olmayacaq: "Köhnə avtomobillər xarici ölkədən dollarla alınıb, ölkədə də dollarla satılırdı. Amma bu, yeni avtomobillərə aid deyil. Çünki həmin avtomobillər xarici ölkədən dollarla alınıb, ölkəmizdə manatla satılırdı. Məhz ən çox da qiymət artımı yeni avtomobillərdə hiss edilir. Ölkəyə ən çox avtomobil Rusiya, Gürcüstan, Almaniya kimi ölkələrdən gətirilir. Rusiya avtomobillərini nəzərə alsaq ki, ölkəmizdə daha çoxdu və bu çoxluq yenə də hiss olunacaq. Çünki Rusiya istehsalı olan yeni avtomobillər digər ölkələrdən gətirilən avtomobillərdən daha ucuzdur”.
Qiymət artımından sonra ölkəyə bahalı qiymətə avtomobil gətirilməsi məsələsinə toxunan V.Bayramov, manatın devalvasiyasından sonra ölkəyə bahalı avtomobillər gətirilməsinin azalacağını deyib: "Yanvar ayında qəbul olunmuş aksiz vergilərinin artırılması və dolların məzənnəsinin artmasının qiymət artımına təsir etməsi hallarından sonra, əksər satıcılar bahalı və yaxud mühərrik həcmi daha böyük olan avtomobilləri ölkəyə gətirməyəcək. Ən azından, bu, onlar üçün heç də sərfəli olmayacaq”.