Dünya bazarlarında neftin qiymətinin günügündən ucuzlaşması və regionda baş verən proseslər Azərbaycandan da yan keçmir. Ölkəyə daxil olan neft pullarının azalması şübhəsiz ki, iqtisadi fəallığın azalması ilə mühahidə oluna bilər. Beynəlxalq təşkilatların neftin qiyməti ilə bağlı ümidsiz proqnozları isə hələlik vəziyyətin ürəkaçan olmadığını göstərir. Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov mətbuata son açıqlamasında neft qiymətlərinin büdcəyə təsir edəcəyini bildirib. Dövlət büdcəsində neftin qiymətinin 50-55 dollar civarında hesablanacağı sıqnalı artıq hökumətin qabaqlayıcı tədbirlərə başladığını göstərir. Mütəxəssislər isə hazırki neft siyasətinin yerində olduğunu düşünürlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında dövlət büdcəsi ilə bağlı təkliflərini açıqlayıb. İqtisadçı qeyd edir ki, 2015-ci ilin dövlət büdcəsinin 50-55 dollar həcmində müəyyənləşdirilməsi heç də büdcə gəlirlərinin yarıya düşməsi demək deyil.
"Nəzərə alsaq ki, dövlət büdcəsinin 53,4%-i, dəyər ifadəsində isə 10,3 milyard manatı Dövlət Neft Fondundan (ARDNF) transfertlər hesabına təmin olunur. Bu o deməkdir ki, neftin bazar qiyməti büdcə gəlirlərinə təsir etməyəcək. Əgər dolların qiyməti 50 dollara düşərsə, ARDNF-in aktivlərindən daha çox istifadə olunacaq. Bütün hallarda büdcədə nəzərdə tutulan pay dəyişmiyəcək. Büdcənin 35%-i isə qeyri-neft sektorunun payına düşür. Neftin bazar qiymətinin azalmasına görə, 2,3 milyard manat əlavə vəsait lazım gələcək, bu isə büdcənin 11,6%-i həcmindədir".
Mütəxəssis deyir ki, dövlət büdcəsində neftin qiymətini yüksək rəqəmlərlə götürmək olar. Ancaq neftin dünya bazarında qiyməti aşağıdırsa, bu zaman heç bir nəticə əldə etmək mümkün deyil. Yəni, ekspert deyir ki, neftin qiymətini yüksək məbləğdə hesablamaq yalnız, büdcə rəqəmlərinin şişirdilməsinə səbəb olacaq: "Hesab edirəm ki, dövlət büdcəsinin xərclər hissəsi ilə bağlı problemlər yaranmayacaq. Çünki, dövlət büdcəsinin 88,4%-i təmin olunmuş gəlirlər hesabına formalaşıb".
İqtisadçı indiki vəziyyətdə hökumətin 2 yoldan birini seçəcəyini bildirib. V.bayramov deyir ki, bu yollardan birincisi, may ayında parlamentdə 2015-ci il dövlət büdcəsi qanununa yenidən baxılmalı və dəyişikliklər edilməlidir: "Neftin bazar qiyməti üçün proqnozlaşdırılan göstərici azaldılmalıdır. Daha sonra real neft rəqəmlələrinə uyğun olaraq büdcə formalaşmalı və xərclər müəyyənləşdirilməlidir. İkinci yol isə ondan ibarətdir ki, Maliyyə Nazirliyi büdcədə problem yarandığı təqdirdə müdaxilə edərək xərclərin azaldılmasına nail olsun. Neftin qiymətinin hansı səviyyədə olmasına baxmayaraq pensiya və digər xərclər azaldılmamalıdır. Maliyyə Nazirliyi lazımsız xərclərin azaldılmasını həyata keçirməlidir. Bir sıra infrastruktur və investisiya layihələrinin azaldılması və ya ləğv edilməsi vacibdir. Çünki Azərbaycan son 10 ildə kifayət qədər böyük məbləğdə infrastruktur layihələrinə vəsait xərcləyib. Artıq bu istiqamətdə xərclərə tələbat xeyli azalıb".
İqtisadçı hesab edir ki, bu addımlar atılarsa Maliyyə Nazirliyi büdcə gəlirləri ilə xərcləri arasında tarazlığı bərpa edəcək. Mütəxəssis hesab edir ki, 2016-cı il dövlət büdcəsi hesablanarkən də neftin real qiyməti nəzərə alınmalıdır və büdcə bu rəqəmlər əsasında formalaşmalıdır: "Regionda böhran müşahidə olunduğu məqamda Azərbaycanın büdcə gəlirlərinin azaldılmasına narahat olmamalıdır. Yəni, büdcə xərcləri azaldılarkən əhali üçün mənfi sosial təsirlər yaranmayaq", - iqtisadçı vurğulayıb.