Boris Nemtsovun qırxı çıxdı
Tarix: 8-04-2015, 10:24 |
Çap et
Rusiyanın paytaxtı Moskvada bir müddət əvvəl qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun xatirəsi yad edilib. Qətlin 40-cı günündə bir qrup müxalifət tərəfdarı Nemtsovun memorialı ətrafında toplaşıb.
Mitinq etiraz aksiyası məqsədi daşıyb. Fəallar memorialın üzərinə “Nemtsovun qatili bəllidir” şüarları yazılmış plakat asıblar.
Xatırladaq ki, Nemtsov fevral ayının 27-də Kreml yaxınlığında silahlı hücum nəticəsində öldürülmüşdü.
Cinayətlə əlaqədar çeçen əsilli 5 şəxs saxlanılıb.
Nemtsovun qızı Janna Nemtsova atasının qətlindən sonra müxalifət cəbhəsində bir susqunluğun yarandığını deyib. Onun sözlərinə görə, insanlar fikirlərini ifadə etməkdən çəkinirlər. Nemtsova qeyd edib ki, hazırda qətllə əlaqədar aparılan istintaqın sonunda nə cinayətkarların, nə də sifarişçilərin cəzalandırılacağına inanmır: “Düşünürəm ki, müxalifət liderlərinin öz mövqelərini qoruyub saxlaması onlar üçün çətin olacaq. Mənim atam dəyərli siyasi lider idi. O, müxalifətin aparıcı şəxsiyyətlərindən biri idi. Onun öldürülməsi müxalifətin başının kəsilməsi deməkdir”.
Onu da qeyd edək ki, Nemtsov ölümündən əvvəl Moskvanın Krımla bağlı planlarına dair məruzə ilə çıxış etməyə hazırlaşırdı.