Azərbaycanlının Suriya müharibəsi – Səbəb nədir?
Tarix: 8-04-2015, 10:09 | Çap et
Azərbaycanlının Suriya müharibəsi – Səbəb nədir?
Suriyada iki ildir başlamış müharibədə azərbaycanlıların da iştirakı hər kəsə məlumdur. Hər keçən gün Suriyada ya öldürülən, ya əsir götürülən, ya da döyüşlərdə iştirakçı olduğuna görə Azərbaycanda həbs edilənlər barədə xəbərlər alırıq.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak edən 26 nəfərin məhkəməsinin keçirilməsi deyilənlərə sübutdur. Acınacaqlı faktdır ki, Suriyaya təkcə kişilər deyil, qadınlar da gedir. Qarabağ problemi olan ölkədə vətəndaşların din pərdəsi altında Suriyada “cihada” qoşulması ciddi suallar doğurur. Doğrudur, bu şəxslərə haqq qazandıranlar da var.

Vertikal.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, politoloq Natiq Miri hesab edir ki, baş verənlərin kökündə tək bir səbəb dayanmır: “Bu problem bir səbəb deyil, səbəblər toplusundan ibarətdir. Bu təkcə Azərbaycan cəmiyyəti üçün problem deyil. Bunların əsas səbəbi sosial problemlərdir. İnsanların kütləvi şəkildə işsizlik və maddi durumdan əziyyət çəkmələri onları könüllü ölümə sürükləyir. Bu hal Azərbaycanda da var”.

Politoloq dini savadsızlığın da bu cür problemlərə yol açdığını söylədi: “Başqa bir problem təbii ki, dini savadsızlıqla bağlıdır. Bildiyimiz kimi, İslam dininin təbliği ilə bağlı ciddi problemlər var. Dini insanlara doğru çatdıran bir sistem mövcud deyil. Təbii ki, bu problemlərin kökündə Qafqaz Müsəlmanları İdarəsi də durur. Həqiqi İslamın nədən ibarət olduğunu insanlara anlada bilmirlər. Yalançı cihad yolu ilə insanları yoldan çıxara bilirlər. Əgər həqiqətən də Azərbaycanda kimsə zalıma qarşı cihad istəyirsə, 20% torpağımızın işğal olunmasını unutmasın. Torpaqlarımız ermənilərin işğalı altında qalmaqda davam edir.

Əsl cihad, haqq uğrunda, zülmə dirəniş Qarabağda göstərilməlidir. İnsanlara bunlar təbliğ olunmalıdır. İnsanlarda mənəvi, əxlaqi mənada ciddi aşınmalar da mövcuddur. Azərbaycanda bir qəhrəmanlıq hadisəsi bütün toplumu hərəkətə gətirdi. Mübariz İbrahimovu nəzərdə tuturam. Cəmiyyətə bir örnək oldu. Bu hadisədən sonra cəmiyyətdə, gənclik və orduda Mübarizə oxşamaq istəyənlərin sayı yüzlərlə deyil, minlərlə artdı. Belə hadisələri insanlara örnək olaraq, göstərmək lazımdır. Biz də bu sistem işləmir”.

Natiq Miri deyib ki, Suriyaya gedənləri həm də aldadırlar: “İnsanlara yalançı maddi vədlər verilir. Bu da insanları aldadır. Bunun qarşısının alınması yolları var. Kimlərisə həbs etməklə, proseslərin qarşısını almaq mümkün deyil. Bu səbəbləri doğuran problemlər aradan qaldırılmalıdır. İnsanları həbsxanalara doldurmaq çıxış yolu deyil. Əgər belə mümkün olardısa, Avropadan İŞİD-ə qoşulanların qarşısı alınardı”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net