Təvəkkül Dadaşov yenə də Elgizin verilişini tənqid etdi
Tarix: 7-04-2015, 15:39 | Çap et
Təvəkkül Dadaşov yenə də Elgizin verilişini tənqid etdi
MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov ANS-in “Adam içində”verilişində 31 mart və 06 aprel 2015-ci il tarixlərdə bir qadının əri tərəfindən döyülüb kor edilməsi iddiası ilə bağlı müzakirələrə münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, o bildirib ki, müzakirələr zamanı yalnız bir tərəfin, yəni müraciət edən qadının verdiyi məlumat əsasında aparıcı (Elgiz Əkbər) və ekspertlər qarşı tərəf barədə (şikayətçi qadının ərini) müxtəlif ağır ifadələr işlətmiş, məhkəmə qərarı olmadan onu cinayətkar adlandırmışlar. Bu, yolverilməz haldır. Çünki yayımçı bir şəxsin problemini işıqlandırarkən digər şəxsin hüquqlarını pozmamalıdır. Məlum olduğu kimi, təqsirsizlik prezumpsiyası deyilən anlayış var. Məhkəmə qərarı olmadan kiməsə cinayətkar demək olmaz. Eyni zamanda, qarşı tərəfi dinləmədən, onun mövqeyini bilmədən nəinki təhqir etmək, onu tənqid belə etmək doğru deyil.

Amma çox təəssüf ki, ANS-in “Adam içində” verilişində bu hal baş verib və aparıcı və veriliş ekspertləri tərəfindən təqsiri məhkəmə tərəfindən sübuta yetirilməmiş Azərbaycan vətəndaşı barədə bir neçə dəfə “cinayətkar”, “vəhşi”, “tərbiyəsiz”, “nakişi”, dırnaqarası kişi, “vicdansız”, “arsız” kimi qeyr-etik ifadələr işlədilib. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Bununla yanaşı, yayımçıların fəaliyyətlərində əsas tutmalı olduqları “Televiziya və radio yayımı haqqında» Qanunun 32.0.3-cü maddəsində qeyd olunur ki, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmalıdır. Bu qanunun 32.0.2-ci maddəsinə görə, hər kəsin öz fikir və baxışlarını sərbəst şəkildə ifadə etmək hüququ vardır. Qanunun 32.0.4-cü maddəsində isə göstərilir ki, faktlar və hadisələr ədalətli şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Bu hal, digər tərəfdən, qeyri-peşəkarlıqla bağlı məsələni bir daha gündəmə gətirir. Çünki aparıcı televiziya və radio yayımı haqqında qanunvericiliyi yaxşı bilməlidir. Əslində belə hallara yayımçı diqqətlə yanaşmalıdır. Çünki veriliş aparıcılarının yol verdiyi nöqsan yayımçıya qarşı yönələ bilir. Amma çox təəssüf ki, bəzən yayımçıların bu işə məsul şəxsləri ortaya çıxan və ictimaiyyəti narahat edən problemləri aradan qaldırmağa çalışmaq əvəzinə, öz enerjilərini haqlı tənqid söyləyənlərə aqressiv reaksiya verməyə sərf edirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net