Türkiyə müxalifəti ermənini deputatlığa namizəd göstərdi
Tarix: 7-04-2015, 12:41 |
Çap et
Türkiyədə siyasi partiyalar millət vəkilliyinə namizəd göstərdikləri şəxslərin siyahısını bu gün Ali Seçki Qurumuna (Yüksek Seçim Kurulu) təqdim edəcək.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, ən çox sürpriz ana müxalifət – Cümhuriyyət Xalq Partiyasında (CHP) yaşanır.
41 vilayətdə namizədləri müəyyən etmək üçün ilkin seçki keçirən CHP-də partiya rəhbərliyinin qərarı ilə müəyyən ediləcək namizədlər də bəlli olub. Partiyanın lideriKamal Kılıçdaroğlunun qərarı ilə CHP-nin bir çox tanınmış və nüfuzlu siması namizədlər siyahısından kənarda qalıb. Belə ki, partiyanın sədr müavinləri Burhan Şenatalar və Yaqub Akkaya, TBMM-nin sədr müavini Güldal Mumcu, nüfuzlu millət vəkilləri Umut Oran, Sinan Aygün, Aydın Ayaydın, Faruk Loğoğlu, Volkan Canalioğlu və digərləri namizəd göstərilməyib.
CHP 88 millət vəkilinin seçiləcəyi İstanbulun 2-ci seçki dairəsində ilk sıradan milliyyətcə erməni olan vəkil Selina Özuzun Doğanın namizədliyini irəli sürüb. Bununla da S. Ö. Doğanın millət vəkili seçiləcəyi qətiləşib. 1977-ci il təvəllüdlü Selina Özuzun Doğan Qalatasaray Universitetinin məzunudur və hazırda özəl hüquq bürosunda çalışır. Ana dili ermənicə və dövlət dili türkcə ilə yanaşı, ingilis və fransız dillərini də bilir.
Qeyd edək ki, CHP bütün seçki dairələrində siyahının ilk sırasına qadın namizədləri yerləşdirmək barədə daha öncə qərar qəbul etmişdi.
Daha bir diqqət çəkən namizəd qondarma “Ergenekon” cinayət işi ilə əlaqədar 5 ilə yaxın həbsdə qaldıqdan sonra sərbəst buraxılan tanınmış jurnalist Tuncay Özkandır. T. Özkan İzmirdən namizəd göstərilib. Xatırladaq ki, “Ergenekon”la əlaqədar həbsdə yatmış digər jurnalist, hazırkı millət vəkili Mustafa Balbay da ilkin seçkidə qalib gələrək yenidən İzmirdən namizəd olub.