Azərbaycanda xarici arbitraj məhkəmələrinin qərarlarının tanınmasına dair yeni prosedur müəyyənləşir
Tarix: 30-10-2023, 11:18 | Çap et


Xarici arbitraj məhkəmələrinin qərarlarının hansı halda tanınacağı və icra ediləcəyi açıqlanıb.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, çıxarıldığı ölkədən asılı olmayaraq, xarici arbitraj məhkəməsinin qərarı məcburi hüquqi qüvvəyə malikdir və səlahiyyətli məhkəməyə yazılı ərizə verildikdə bu

Qanunun müddəaları nəzərə alınmaqla icra ediləcək.

Arbitraj qərarına əsaslanan və ya onun icra edilməsinə dair ərizə verən tərəf arbitraj qərarını və ya onun notariat qaydasında və ya daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş surətini, həmçinin, arbitraj sazişinin əslini və ya onun notariat qaydasında

və ya daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş surətini, yaxud bu mümkün

olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənədi təqdim etməlidir.

Əgər arbitraj qərarı və ya arbitraj sazişi xarici dildədirsə, tərəf bu sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini təqdim etməlidir.

Çıxarıldığı ölkədən asılı olmayaraq, arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər:

Əleyhinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etdikdə:

- arbitraj sazişinin tərəflərindən biri ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olmuşdur və ya arbitraj sazişi tərəflərin həmin saziqə tətbiq etdikləri qanunvericiliyə görə və ya sazişdə belə göstəriş olmadıqda isə arbitraj qərarının çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən etibarsızdır;

- Əleyhinə qərar çıxarılmış tərəf arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməmiş və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanı yaradılmamışdır;

- qərar tərəflərin arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılmışdır və yaxud qərar arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə edir (arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarlardan ayrıla bildikdə, arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarları ehtiva edən hissələr tanına və icraya yönəldilə bilər);

- arbitraj məhkəməsinin tərkibi və ya arbitraj icraatı tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun olmamışdır;

- qərar tərəflər üçün məcburi hüquqi qüvvəyə minməmiş və ya qərarın çıxarıldığı və ya qanunvericiliyə uyğun olaraq çıxarıldığı dövlətin məhkəməsi tərəfindən ləğv edilmiş və ya icrası dayandırılmışdır;

Məhkəmə aşağıdakı halları müəyyən etdikdə:

- mübahisə Azərbaycan qanunvericiliyinə əsasən arbitrajda həll edilə bilməz;

- arbitraj qərarının tanınması və icrası Azərbaycan Konstitusiyasına və ya publik qaydaya ziddir.

Qərarın çıxarıldığı dövlətin məhkəməsinə arbitraj qərarının ləğvi haqqında ərizə verilmişdirsə, arbitraj qərarının tanınması və ya icra edilməsi üçün müraciət edilən məhkəmə zəruri hesab etdiyi təqdirdə öz qərarının çıxarılmasını təxirə sala və arbitraj qərarının tanınması və ya icrası barədə ərizə vermiş tərəfin vəsatəti ilə digər tərəfdən müvafiq təminatın verilməsini tələb edə bilər. Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarını mahiyyəti üzrə yenidən nəzərdən keçirmək səlahiyyəti yoxdur.

Qeyd edək ki, hazırda qüvvədə olan “Beynəlxalq arbitraj haqqında” qanuna əsasən, hansı ölkədə çıxarılmasından asılı olmayaraq, arbitraj qərarının icrası məcburidir və səlahiyyətli məhkəməyə yazılı vəsatət verildikdə tanımadan və ya icradan imtina edilmə üçün əsaslar nəzərə alınmaqla icra edilir. Arbitraj qərarına əsaslanan və yaxud onun icra edilməsinə dair vəsatət verən tərəf arbitraj qərarının təsdiq edilmiş nüsxəsini və ya belə nüsxənin lazımi qaydada təsdiq edilmiş sürətini, həmçinin arbitraj sazişinin əslini və onun lazımi qaydada təsdiq edilmiş surətini təqdim etməlidir. Əgər arbitraj qərarı və ya arbitraj sazişi xarici dildədirsə, tərəf bu sənədlərin lazımi qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini təqdim etməlidir.

Arbitraj qərarının hansı ölkədə çıxarılmasından asılı olmayaraq, onun tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər:

- zərərinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etsə ki:

- arbitraj sazişinin tərəflərindən biri bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan olmuşdur və yaxud arbitraj sazişi tərəflərin onu tabe etdirdikləri qanuna görə, sazişdə belə göstəriş olmadıqda isə qərarın çıxarıldığı dövlətin qanununa əsasən etibarsızdır və yaxud

- zərərinə qərar çıxarılmış tərəf arbitrin təyin edilməsi və ya arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar olunmamış və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir və yaxud

- qərar arbitraj sazişində nəzərdə tutulmayan və ya arbitraj sazişinin şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılmışdır və yaxud qərar arbitraj sazişinin hədlərindən kənara çıxan məsələləri əhatə edir, arbitraj sazişi ilə əhatə edilən məsələlərə aid olan arbitraj qərarının həmin hissəsi bu qərardan ayrılmaqla tanına və icraya yönəldilə bilər və yaxud

- arbitraj məhkəməsinin tərkibi və ya arbitraj proseduru tərəflərin arbitraj sazişinə uyğun olmamışdır və ya belə saziş olmayıbsa, arbitrajın keçirildiyi dövlətin qanununa uyğun gəlməmişdir və yaxud

- qərar tərəflər üçün hələ qəti olmamışdır və yaxud qərarın çıxarıldığı dövlətin qanununa uyğun olaraq məhkəmə tərəfindən ləğv edilmiş və yaxud icrası dayandırılmışdır və yaxud

- məhkəmə müəyyən edərsə ki:

- mübahisəli obyekt həmin dövlətin qanununa görə arbitraj baxışının predmeti ola bilməz və yaxud

- bu arbitraj qərarının tanınması və icrası Azərbaycan Respublikasının Konstitusiyasına ziddir.

Arbitraj məhkəməsinin qərarını tanıyan və icraya yönəldən səlahiyyətli məhkəmədə arbitraj qərarının icrasının xitamı və yaxud dayandırılması haqqında vəsatət verilmişdirsə, qərarın tanınması və ya icra edilməsi tələb olunan məhkəmə bunu lazım bilərsə, öz qərarının çıxarılmasını təxirə sala bilər və arbitraj qərarının tanınmasını və ya icrasını xahiş edən tərəfin vəsatəti ilə digər tərəfi qərarı lazımi qaydada təmin etməyə məcbur edə bilər.




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net