Yeni dərs ili başladı-şagird sıxlığı, hazır olmayan dərsliklər...
Tarix: 16-09-2022, 09:35 | Çap et


Ekspertlər pessimistdir: “Qarşıdakı bir neçə ildə ölkədə normal təhsil prosesi mümkün olmayacaq”
Sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başladı. Amma bəzi məktəblərdə dərsliklərin çatışmaması ilə bağlı şikayətlər səslənir. Artıq məlum problemlə valideynlərə sosial şəbəkə vasitəsilə məlumat verilir ki, 1,3,7,10-cu sinif dərslikləri hələ hazır deyil, nəşriyyatlar kitabları gecikdirir, dərsliklərin nə zaman məktəblərə veriləcəyi məlum deyil.

Sirr deyil ki, hər il dərslər başlayanda dərsliklərlə bağlı problemlər yaşanır. Aidiyyəti qurumlar cari ildə təhsil alan şagirdlərin sayı qədər dərsliklər nəşr etdirir, amma məktəblərdə kitabların paylanmasında problemlər həll edilmir. Çünki kitablar cırılır, yenisi ilə əvəzlənmir və uşaqlar ondan istifadə edə bilmirlər. Buna görə hər il dərs başlayanda dərsliklərlə bağlı problem yaşanır. Niyə bu problemlər uzun yay boyu həll edilmir? Günah nəşriyyatlardadırmı?

Daha ciddi problemlərdən biri də siniflərdə şagird sıxlığıdır. Hansı ki, bu problem birbaşa təhsilin keyfiyyətinə təsir göstərir. Məktəblərdə parta yerləri ilə məktəb yaşlı uşaqların sayı uyğun olmadığından bir sinifdə bəzən 30-35 şagird oxuyur. Məktəblərdə ikinövbəli dərs sisteminə keçid də problemin həllinə kömək etmir.

Məlumat üçün bildirək ki, 2020-ci ildə Nazirlər Kabineti “Dövlət ümumtəhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva öz çıxışında şagird sıxlığı problemini təsdiqləyib. O bildirib ki, əsasən Qaradağ, Xəzər, Pirallahı, Suraxanı, Sabunçu rayonlarında məktəblərdə şagird sıxlığı müşahidə olunur. Bu problemlər niyə həll olunmur?

Yeni dərs ili başladı-şagird sıxlığı, hazır olmayan dərsliklər...

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Hazırkı durum onu deməyə əsas verir ki, yay tətilində - üç ay ərzində Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin sifarişi vaxtında verilməyib, yaxud da vaxtında verilibsə, həmin dərsliklərin nəşri ilə məşğul olan nəşriyyatlar prosesi yubadıblar. Hazırda bu mənzərə ilə biz rastlaşmışıq ki, bəzi valideynlər şikayət edirlər. Onların övladlarına hələ də dərsliklər verilməyib. Əlbəttə, yəqin ki sentyabr ayının sonunadək dərsliklərin verilməsi prosesi başa çatacaq. Əgər bura qədər verilməyibsə, öndəki iki həftə ərzində verilməlidir. Amma ilk dərs günləri önəmlidir və çatdırılmalı idi. Qaldı ki, şagird sıxlığına, təəssüflər olsun ki, bu gün Azərbaycanda fəaliyyət göstərən 4440-dan çox orta ümumtəhsil müəssisəsində rayon məktəbləri istisna, şəhər məktəblərində daha çox sıxlıq var. Bu sıxlığın da başlıca səbəblərindən biri rayon əhalisinin Bakıda məskunlaşması və onların paytaxt məktəblərində təhsil almaları və məktəb çatışmazlığı ilə bağlıdır. Qeyd edim ki, hazırda Bakının ətrafında olan və yeni salınan qəsəbələr, kəndlər var ki, həmin ərazilərdə məktəblər yoxdur. Buna görə də valideynlər məcbur olub həmin qəsəbə və kəndlərdən uzaq məsafə qət edərək övladlarını ya paytaxt daxilində, ya da paytaxta yaxın məktəblərdə qeydiyyatdan keçirirlər. Bu da həmin məktəblərdə şagird sıxlığı ilə nəticələnir. Düşünürəm ki, qarşıdakı dövr ərzində Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq instansiyalar qarşısında vəsatət qaldırmaqla Bakı şəhəri ətrafında yeni tikilən qəsəbələrdə məktəb tikintisinə başlanmalıdır. Bu ərazilərə əsasən Sulutəpə, Xocasən, Hökməli, Atyalı adlandırılan ərazi, Aşağı, Yuxarı Güzdək daxildir, bu ərazilərdə məktəb tikintisi aparılmalıdır. Orada təhsil almaq istəyən şagirdlər əlacsızlıqdan məcbur olub Bakıda təhsil alırlar. Digər sıxlıq isə daha çox rus bölməsində müşahidə olunur. Bir auditoriyada minimum 25 nəfər şagirdin olması daha məqsədəuyğundur. Amma biz bu gün 40, hətta 50 şagirdin bir auditoriyada oturmasının şahidi oluruq. Qaldı ki, Qaradağ, Xəzər, Pirallahı, Suraxanı, Sabunçu rayonlarına, Bakı ətrafında sıxlığın yaranma səbəbi həmin ərazilərdə əhalinin daha çox məskunlaşması, məktəblərin az olması ilə bağlıdır. Qeyd olunan ərazilərdə məktəblər tikilməli, şagirdlərin sayı nəzərə alınaraq tikilməlidir”.



Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Mikroərazi prinsipinə uyğun olaraq valideynlər övladlarını məktəblərə yerləşdirməlidir. Lakin görünən odur ki, tədris ilinin başlanmasına qədər valideynlərin elektron müraciət və ərizələrinə baxılmayacaq. Müsahibədən keçənlərin də mühüm hissəsi rus sektoruna qəbul oluna bilməməsi ayrı bir mövzudur. İkincisi, hər il dərsliklərin şagirdlərə paylanması qrafiki barədə əmr imzalanardı və tədris ilinin başlanmasına qədər dərslikləri məktəblər şagirdlərə paylayardılar. Bu il belə bir göstəriş də olmadı, heç yeni dərsliklər də məktəblərə gəlib çatmayıb. Özəl orta məktəblər öz pulları ilə belə dərslikləri tapıb ala bilmir ki, heç olmazsa onlar tədrisi normal təşkil edə bilsinlər. Demək, ən yaxşı halda tədris ili müddətində şagirdlər dərsliklərlə qismən təmin edilə bilinəcək. Eyni zamanda yeni tədris ilinə qədər məktəblərdə dərs bölgüsü aparılmalıdır. Lakin hələ də vakansiyalara uyğun müəllimlər məktəblərə göndərilməyib və məktəb direktorlarına digər məktəblərdən müəllim dəvət etmək səlahiyyəti də hələ ki verilməyib. Bu o deməkdir ki, tədris ili başlanandan sonra da dərs bölgüsü və dərs cədvəlləri hazır olmayacaq. Bakı Tikiş Evinin rəhbərliyi də məktəblərin başlanmasına qədər bütün şagirdləri məktəbli forması ilə təmin edə bilməyəcəyini bildirir. Məktəbli formalarının məcburi olmaması bildirilsə də, Bakı, Sumqayıt və Abşeron məktəblərinin rəhbərliyi bunu israrla valideynlərdən tələb edirlər. Bütün paltar mağazalarının önündə növbə və narazılıqlar gözə dəyir. Daha bir problem isə sertifikasiyadan keçə bilməyən müəllimləri rəsmən valideynlər və şagirdlər qarşısında açıq təhqir edirlər. Onlar və sertifikasiyaya cəlb ediləcək digər müəllimlər bu tədris ilindən ödənişli təlimlərə cəlb olunmaq və özünətəhsil yolunu tutacaqlar. Yəni növbəti illərdə sertifikasiya prosesindən uğurla keçmək və maaşa daha çox əlavələr almaq müəllimlərin əsas işi, məktəblərdə keyfiyyətli dərs demək isə onlar üçün əhəmiyyətsiz iş olacaq. Beləliklə, son bir neçə ildə pandemiyaya görə təhsilin normal təşkil olunmamasının ardından, qarşıdakı bir neçə ildə də sadaladığımız və sadalamadığımız səbəblərdən ölkədə normal təhsil prosesi mümkün olmayacaq”.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində ümumtəhsil müəssisələrində 1 milyon 610 min şagird təhsil alacaq. Onlardan 152 minə yaxını birinci sinfə gedir. Yeni tədris ilində məktəbəhazırlıq qruplarında isə 90 minə yaxın uşağın təhsilə cəlb olunacağı gözlənilir. Qeyd edək ki, 2022-2023-cü tədris ilinin ilk dərsi “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net