Azərbaycan dövləti müharibədən sonra şəhid ailələri və qazilər üçün nələr edib? - ARAŞDIRMA
2020-ci ildə Azərbaycan tarixinin ən şərəfli günlərini yaşadı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 illik işğala 44 gün ərzində son qoydu.
2020-ci il 27 sentyabrdan 8 noyabra qədər 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 27 sentyabr “Anım”, 8 noyabr isə “Zəfər” günü kimi qeyd olunur.
Amma təbii ki, heç bir müharibə itkisiz olmur. 44 günlük Vətən Müharibəsi zamanı 2908 nəfər şəhid olub, 6 nəfər isə itkin düşüb. Post-müharibə dövründə istər şəhid ailələri, istərsə də qazilər üçün müxtəlif dəstək layihələri həyata keçirilib.
Müharibədən qısa müddət sonra şəhid ailələri və qazilərə dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə 8 dekabr 2020-ci ildə “YAŞAT” Fondu yaradılıb. Bu günə qədər Fondun hesabına 73 956 879.61 vəsait mədaxil olub. Ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 650 yaralı olmaqla, ümumilikdə 17 015 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb. 12 652 şəxsin 27 232 müraciəti icra üçün öhdəliyə götürülüb, reallaşmış ödəniş sayı isə 22 454-dür.
Fondun fəaliyyət istiqamətləri üzrə 62 597 613.17 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 11 359 266.44 AZN təşkil edir. Xərclənən vəsaitdən 37 378 900.00 AZN məişət şəraitinin yaxşılaşdırılması, 558 046.40 AZN təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri, 6 378 921.46 AZN istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması, 18 281 745.31 AZN isə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün istifadə olunub.
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 456, itkin ailə üzvlərinin 7 və yaralıların 5 959 müraciəti olmaqla ümumilikdə 10 422 müraciət təmin edilib.
Fond yeni doğulan şəhid əmanətlərini də unutmayıb. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Hər iki valideynini itirən 7 şəhid övladının adına da 5000 AZN məbləğində depozit hesabı açılıb.
Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 179 və yaralıların 41 müraciəti olmaqla ümumilikdə 220 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 254 637.99 AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 97 şəxsin ödənişi Fond tərəfindən, 72 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb.
23 iyun 2022-ci il tarixinədək “YAŞAT” Fondu ilə iş şöbəsi ilə bir sıra özəl təhsil müəssisələri arasında şəhidlərin övladlarına ödənişsiz təhsil alması məqsədi ilə niyyət protokolu imzalanıb. Bununla yanaşı, bir sıra təlim-tədris mərkəzi ilə əməkdaşlıq qurulub.
2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 49 şəxsə (31 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb.
Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 093 və yaralıların 4 670 müraciəti olmaqla ümumilikdə 9 763 müraciət təmin edilib. Ümumilikdə 178 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 172-si ağır yaralı, 6-sı isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 156-sı ölkəyə geri qayıdıb. Hazırda 21 ağır yaralının və 1 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir.
“YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. 10 mart 2021-ci il tarixdə Türkiyədən dəvət olunan həkim tərəfindən komada olan ağır yaralılar müayinə edilib. 28 fevral - 07 mart 2021-ci il tarixlərində isə İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 nəfər şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib.
Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndimək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən 38 999.00 manat məbləğində “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub. Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün 47 200 manat məbləğində Giger MD reabilitasiya cihazı alınıb.
2021-ci ilin 12 avqust tarixində Fondun Himayəçilik Şurasının üzvü, Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru Məsud Aşina tərəfindən 34 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib. Həmin gün eyni zamanda İsrail dövlətindən gələn həkim tərəfindən 9 nəfər yaralının müayinəsi həyata keçirilib və müalicə istiqamətləri müəyyən edilib.
Türkiyədə (İstanbul, Bursa və İzmit) Fondun dəstəyi ilə müalicə alan 28 ağır yaralının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədi ilə komissiya (2022-ci il 13 yanvar-16 yanvar) təşkil olunub. Komissiya üzvlərinin tərkibinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iki əməkdaşı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin iki əməkdaşı daxildir.
Türkiyənin ən böyük xəstəxanalarından olan “VM Medikal Park” xəstəxanasının tibbi heyətinin həkim briqadası (beyin cərrahı, plastik-estetik cərrah və uşaq hematoloqu) ölkəmizə gəlib. Həkimlər Türkiyədə əməliyyat olunan, müalicəsini uğurla tamamalayaraq ölkəyə qayıdan 20 yaralı və bir şəhid övladını müayinə ediblər
Bu il mayın 20-də “YAŞAT” Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə Türkiyə Respublikasında müalicəsi davam edən bəzi şəxslərin ölkəyə geri qayıdan zaman reabilitasiya prosesinin harda davam etdirmələri barədə müzakirələr aparılıb.
Fondun vəsait ödədiyi istiqamətlərdən biri də istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmasıdır. Bu məqsədlə şəhid ailə üzvlərinin 836, itkin ailə üzvlərinin 3 və yaralıların 1 183 müraciəti olmaqla ümumilikdə 2 022 müraciət təmin edilib. Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 125 926.74 AZN vəsait qarşılanıb.
“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 2021-ci ilin 12 iyuldan 28 avqustadək 3 fərqli yaş qrupunu əhatə edən şəhid övladları üçün Lənkəran şəhərində ümumilikdə 211 uşağı əhatə edən 6 düşərgə təşkil edilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları həyata keçirilib. Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edib.
“YAŞAT” Fondunun, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bank Respublikanın dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə bu il 27 may-30 may tarixlərində Qəbələdə “YAŞAT” idman düşərgəsi keçirilib. Layihədə Kürdəmir, Balakən, Şəki, Qəbələ, Şamaxı və İmişlidən olan, idmana marağı olan şəhid övladlarını əhatə edib. Layihə çərçivəsində 8-13 yaş aralığındakı 22 şəhid övladı Qəbələ Olimpiya və İdman Kompleksində peşəkar məşqçi heyəti tərəfindən futbol, taekvando, qaydasız döyüş, cüdo, boks, gimnastika və digər idman növlərinin məşqlərinə cəlb olunublar. Eyni zamanda onlar Azərbaycan kubokunun final görüşündə futbolçularla birgə meydana çıxıblar. Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, idmana marağı artırmaq, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.
“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə iyulun 4-dən şəhid övladları üçün başlanan 2-ci “YAŞAT” düşərgəsi avqust ayının sonuna qədər keçiriləcək. Ümumilikdə 300-dən çox uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulub. Hər düşərgə ümumilikdə 5 gecə 6 günü əhatə edəcəkdir. Düşərgə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladlarını əhatə edəcək. Düşərgənin birinci həftəsi 2022-ci ilin 4 iyul tarixindən 9 iyul tarixinədək baş tutub.
18 mart - 21 mart 2021- ci il tarixdə “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələrinə və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralılara 368 000.00 AZN dəyərində olan 4000 qutu Novruz sovqatı paylanılıb.
Qeyd edək ki, bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin 8 minədək ailə üzvünə 16 minədək sosial ödəniş (Prezident təqaüdü, müavinət və ya pensiya) təyin olunub, 3 151 müharibə iştirakçısına əlillik və bununla bağlı sosial ödəniş təyin olunub. Bu il “Müharibə veteranı” adı verilmiş 81 856 şəxsə də Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yekunlaşdırılıb. Ümumilikdə 93 min nəfərə 104 min sosial ödəniş təyin olunub.
Sosial ödənişlər vətəndaşların müraciəti olmadan, elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği 2021-2022-ci illərdə orta hesabla 60% artırılıb. 1 yanvar 2021-ci ildən Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü, 1 yanvar 2022-ci ildən isə Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü təsis olunub.
Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bugünədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub.
Postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla 13 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən 7,8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Bu ilin 1 iyul tarixinə “Məşğulluq marafonu”na qoşulan 649 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2423 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.
Həmçinin 9 mindən artıq şəxsə 28,5 minədək sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, 1456 müharibə əlilinə 20 766 reabilitasiya vasitəsi verilib. Dövlət başçısının göstərişi ilə 2020-ci ilin dekabr ayından müharibə əlillərinin yüksək texnologiyalı protezlə təminatına başlanıb ki, bu proqram çərçivəsində Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub.
Şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara mərkəzi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edildiyi vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib. Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.
Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri 1 iyul 2022-ci il tarixə şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib, onlara 191 min xidmət göstərilib.
Qeyd edək ki, şəhid ailəsi üzvlərinə və qazilərə dəstək göstərilməsi dövlətin ən prioritet işlərindən biridir. Eyni zamanda, bir çox dövlət qurumlarında şəhid ailələri üzvləri və qazilərin işlə təminatı, dəstək tədbirləri də davam etdirilir.