Suraxanı Sukanal İdarəsi işini niyə yarımçıq saxlayıb?
Tarix: 21-04-2015, 09:51 |
Çap et
Ölkədə bir sıra qurumlar var ki, öz işlərinin öhdəsindən layiqincə gələ bilmirlər. Vətəndaşların problemləri ilə maraqlanmırlar. Onları süründürməçiliyə məruz qoyurlar. Vətəndaşlar isə hara müraciət edirlərsə, cavabsız qalır. Belə qurumlardan biri də Suraxanı Sukanal İdarəsidir. Sözügedən qurumla bağlı dəfələrlə redaksiyamıza şikayət ərizəsi daxil olur.
Sakinlərin problemini kifayət qədər işıqlandırsaq da, problem çözümünü tapa bilmir. Bu problemlərdən biri də Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində kanalizasiyanın olmamasıdır. Artıq uzun müddətdir ki, 14 iyul küçəsi 5-ci döngədən başqa, qalan bütün küçələrdə kanalizasiya xətti var. Lakin 5-ci döngənin vətəndaşları kanalizasiya xəttinin olmamasından əziyyət çəkirlər. Dəfələrlə lazımi quruma müraciət olunsa da, sakinlərin səsini eşidən yoxdur. Vətəndaşlar çıxış yolu kimi həyətlərində və küçədə quyu qazaraq çirkab sularını ora axıdırlar. Həmin quyular isə insanlara əlavə problemlər yaradır. İlk növbədə onu qeyd edək ki, həmin quyular tez-tez dolur. Onun boşaldılması isə 50 manata başa gəlir. Bu isə əhalinin kasıb təbəqəsi üçün yüksək məbləğdir. Çirkab suların axıdılması üçün qazılan quyular qonşular arasında da narazılıq yaradır. Buna səbəb isə quyuların dolub-daşmasıdır. Ona görə də Suraxanı sakinləri hazırki durumdan çox narazıdırlar. Hətta vəziyyət o yerə çatıb ki, çirkab suların üfunətli iyi evin içinə qədər dolur. Nə evdə oturmaq mümkündür, nə də həyətə düşmək.
Görünən odur ki, sözügedən quruma dövlət büdcəsindən ayrılan vəsaitin arxasına keçiblər. Büdcədə pul qalmadığından kanalizasiya xətti çəkə bilmirlər. Ona görə vətəndaşların müraciətləri cavabsız qalır. Vətəndaşlar hər dəfə quyunu təmizlətdirdikdə 50 manat pul ödədiklərini deyirlər. Hətta pulu olmayan sakinlər quyunu vaxtında təmizlədə bilmədiklərindən qışda küçələrdəki mənzərəni təsəvvür etmək çətin deyil. Ona görə də aidiyyəti qurumlar yarımçıq qoyduqları işi tamamlasınlar. Ümumiyyətlə, dövlət qurumunda çalışanların əksəriyyəti öz maraqları üçün çalışırlar. Xalqı düşünən azdı.
Maraqlısı odur ki, vətəndaşların problemini həll edə bilməyən idarə rəisini niyə vəzifədə saxlayırlar. Bir idarə rəisi işçilərinin məsuliyyətsizliyini, laqeydliyini bildiyi və onları cəzalandırmadığı halda, həmin rəhbərin özünün məsuliyyətə cəlb olunması lazımdır. Amma təəssüf ki, müvafiq qurumlar bu kimi şəxslərin məsuliyyətsizliyinə və işinə laqeyd münasibət bəsləməsinə göz yumurlar. Sözsüz ki, bütün bunlar müəyyən maraqlar çərçivəsində baş verir. Ümumiyyətlə, "Azərsu" ASC-nin yerli idarələri dəfələrlə sadə vətəndaşlara problem yaradaraq onları çıxılmaz vəziyyətə qoyur. Səlahiyyətlərindən sui-istifadə edən qurum rəhbərləri deyəsən nə üçün vəzifə başında olduqlarını unudublar.