“Nur şəhəri” nursuz qalıb!-Mingəçevirdə işıqları kəsirlər
Tarix: 2-04-2015, 08:51 |
Çap et
Analitik.az saytına daxil olan məlumatda Mingəçevir sakinləri bildirirlər ki, şəhərdə elektrik enerjisi fasilələrlə verilir. Belə ki, həftənin 2-3 günü ümumiyyətlə, 7-8 saat ərzində elektrik enerjisi kəsilir. Sakinlər onu da vurğulayır ki, işıqlar əsasən iş saatlarında söndürülürür: “Gün ərzində iş vaxtı 7-8 saat işıqları söndürürlər. Camaat narazıdır, dərsə gedən, işə gedən adamlar narahat olur. İş yerlərində də problemlər yaranır. Məktəblər, idarələr və sənaye müəssisələrində normal iş rejimi pozulur. Demək olar ki, sənaye şəhəri olan Mingəçevirdə həftənin 2-3 günü işıq idarəsinin sayəsində həyat iflic olur. İşıq idarəsində bunun səbəbini soruşanda da deyirlər ki, təmir gedir. Nə qədər çəkəcək bu təmir? Bir də təmiri elə vaxtda eləmək olmazmı camaat narazı qalmasın? Zavod, fabrik, məktəbin işinə mənfi təsir etməsin?”
Bu və digər suallara cavab tapmaq üçün “Azərişıq” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin rəhbəri Tanrıverdi Mustafayev Analitik.az-a bu məsələyə “ Azərenerji”nin baxdığını və onlarla əlaqə saxlamağımızı məsləhət bildi: “Mingəçevirlə bağlı “Azərenerji”dən münasibət öyrənin. Bizimlə hələ təhvil-təslim işləri həyata keçirilməyib.”
“Azərenerji” SC-nin mətbuat xidmətinin əməkdaşı Ələkbər Baxşəliyev isə bildirdi ki, Mingəçevir şəhərində işıqların fasilələrlə verilməsi və tez-tez söndürülməsi ilə bağlı sakinlərin şikayəti həqiqətəuyğun deyil: “İşıqların fasilə ilə verilməsinin heç bir əsası yoxdur. Digər bölgələrdə olduğu kimi Mingəçevir şəhəri də normal şəkildə elektrik enerjisi ilə təmin olunur.”
Onu da qeyd edək ki, “Azərenerji” SC-nin rəsmisinin belə bir açıqlamasına baxmayaraq, əhali bu gün, elə bu saatlarda Mingəçevirdə elektrik enerjisinin səhər saatlarından kəsildiyini söylədi: “Hal-hazırda şəhərdə işıqlar yanmır.”
Xatırladaq ki, Mingəçevir şəhər rəhbərliyi fəxrlə hər yerdə bu ərazini “Nur şəhəri” adlandırır. Amma qəribəsi odur ki, “Nur şəhəri”nin əhalisi günlərlə nursuz qaldıqlarından narazılıqları artmaqdadır…