Saatlıdan savadlı kadr gözləməyin...
Tarix: 13-05-2015, 09:03 |
Çap et
Vertikal.az-a daxil olan məlumatlarda yenidən Saatlı rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Şamil Nurəliyevin öz işində yol verdiyi ciddi qanun pozuntularına dair faktlar öz əksini tapmaqdadır. İlk növbədə məlumatlarda qeyd olunur ki, son bir neçə ildə rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Müəllimlərin bir çoxu repititorluq etdikləri üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, bəziləri isə hətta dərslərə belə gəlmirlər. Məktəb direktorları isə həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Təbii ki, Şamil Nurəliyev bütün bunlardan nəinki xəbərdardır, hətta bəzi iddialara görə məhz o özü bütün bu özbaşınalıqların təşəbbüskarı və təşkilatçısıdır. Çünki məktəbə gəlməyən müəllimlərin dərs saatları yazılır və maaşları direktorlarla təhsil şöbəsinin müdiri tərəfindən götürülür.
Buna görə də Şamil Nurəliyev demək olar ki, məktəblərdə dərslərin keçirilməməsi üçün birbaşa şərait yaradır. Saatlıda olan mənbələr israrla bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini də təmin etmir. Təhsil şöbəsinin xərclərini ödəmək üçün keçirilən tenderlərdə külli miqdarda pul mənimsənilir. Bildirilir ki, Saatlıya ayrılan tenderlərin böyük bir hissəsi məhz təhsil şöbəsinə aiddir. Bu tenderlərin əksəriyyətini isə məhz Şamil Nurəliyevin yaxın adamlarına məxsus olan müxtəlif MMC və firmalar qazanırlar. Məlumatda həmçinin vurğulanır ki, tenderlərə ayrılan vəsaitin heç yarısı belə təyinatına görə xərclənmir və ayrılan vəsaitlərin çox hissəsi mənimsənilir.
Daha sonra mənbələr bildirirlər ki, Şamil Nurəliyev taarifləşmə cədvəllərində də böyük maxinasiyalar həyata keçirərək, bu yolla da büdcədən ayrılan dövlət vəsaitlərini mənimsəyir. RTŞ müdiri hər bir müəllimdən dərs saatlarının sayına görə də haqq alır. Yəni 12 saat dərs saatı olan hər müəllimdən 10 manat, daha artıq dərs saatı olan müəllimlərdən isə 15-20 manat tələb edir. Direktorların müavinləri 50 manat, direktorlar isə 100 manat vermək məcburiyyətindədirlər. Nəzərə almaq lazımdır ki, Saatlıda bu gün 48 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Qeyd edək ki, Şamil Nurəliyevin özbaşınalıqlarına dair məlumatlar artıq bir neçə ildir ki, redaksiyamıza təqdim olunmaqdadır. Həmin məlumatlara görə Saatlı RTŞ-də baş verən ciddi qanun pozuntuları rayonda təhsilin ümumi səviyyəsinin sürətlə aşağı düşməsi və sistemin qeyri-işlək vəziyyətə gətirilməsi ilə müşayiət olunurlar. Bu vəziyyət isə rayon ictimaiyyətinin ciddi narahatlığına səbəb olur. Redaksiyamıza daxil olan məlumatlarda da məhz bu məqamlar daha qabarıq formada əks olunur. Ötən saylarımızda biz artıq bir neçə dəfə Ş.Nurəliyevin yol verdiyi qanun pozuntuları, törətdiyi korrupsiya əməlləri barədə materiallar dərc etmişdik. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırlanmış həmin materiallarda bildirilirdi ki, rayonda təhsilin səviyyəsi çox aşağıdır.
Müxtəlif tədris müəssisələri isə RTŞ rəhbərliyi üçün əsil maxinasiyalar obyektinə çevrilmişlər. Belə ki, Şamil müəllimin yaxın qohumunun direktor olduğu Uşaq Gənclər İdman Məktəbinin yalnız adı mövcud olduğu halda, yuxarı instansiyalara təqdim olunan hesabatlarda məktəbin hətta kəndlərdə filiallarının da fəaliyyət göstərdiyi bildirilir. Məktəblərdə dərslər yaxın adamların adına yazılır və 50 faiz şərt ilə maaş bölüşdürülür. Hər müəllimim aldığı maaşın 30 faizi isə şəxsən Şamil müəllimə çatır. Göründüyü kimi Saatlıdan rayon təhsilinin durumu barədə aldığımız əvvəlki və son məlumatlar mahiyyət etibarı ilə eynidirlər. Bu isə o deməkdir ki, Şamil Nurəliyevin yarıtmaz fəaliyyəti hansısa səbəblərdən hələ də nə Təhsil Nazirliyinin, nə digər əlaqədar instansiyaların diqqətini cəlb etməmişdir.